azia.az
azia.az

“Jurnalistikaya soxulmuş insanlar bu hallardan çox istifadə edirlər“ - Müşfiq Ələsgərli

18-10-2018, 08:00

Peşəkar jurnalistlər medaiada qalmaqallı materiallar işıqlandırılan zaman mütləq qarşı tərəfin mövqeyini verməyi unutmurlar
Bəzənsə jurnalistlər qarşı tərəf mövqeyinin işıqlandırılmalarına baxmayaraq, qalmaqallı yazılara görə məhkəməlik olurlar.
Problemli yazıları işıqlandıran zaman jurnalist nələrə fikir verməlidir?
Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli bildirib ki, jurnalistin vəzifəsi daxil olan informasiyanı araşdırdıqdan sonra verməkdir:
“Araşdırılmadan verilən materialın isə KİV haqqında Qanunda açıqlaması var. Dövlət qurumlarının, bələdiyyələrin yazdığı press-relizlər, həmçinin ictimai-siyasi qurumların verdiyi məlumatlar araşdırılmadan verilə bilər. Yox, məlumatı şəxslər veribsə və burada kiməsə qarşı iddia varsa, mütləq qarşı tərəfin fikri öyrənilməlidir. Bəzən qarşı tərəfin fikrini öyrənmək olmur. Belə məqamda iki hal özünü göstərir. Məsələ operativlik tələb edirsə, jurnalist bütün mümkün məqamlardan istifadə etməli və əlində bu cəhdləri göstərən faktlar olmalıdır. Azərbaycan Respublikasının “İnformasiya əldə etmək haqqında” Qanununda sorğu verib, cavab almağın qaydaları göstərilir. Sorğular şifahi şəkildə ola bilər, elektron poçt, telefon vasitəsilə göndərilə bilər, KİV qurumunun blankında məktub fomasında, ənənəvi poçt variantında da göndərilə bilər. Qarşı tərəf bilərəkdən sorğunun cavablandırılmasından yayınırsa, bu zaman əlinizdə sorğu göndərməyinizlə bağlı fakt olur. İnformasiyanın operativliyindən asılı olaraq, qarşı tərəfin rəy bildirmə müddəti var. Ayrılan müddətdə qarşı tərəf rəy bildirmirsə, siz məlumatı işıqlandıra bilərsiniz. Bir halda ki, əlinizdə qarşı tərəfə sorğu ünvanlamağınızla bağlı fakt olmalıdır. Bu cür hallarda məsuliyyət jurnalistin yox, qarşı tərəfin üzərinə düşür və jurnalist rahat şəkildə informasiyanı yaya bilir.
Jurnalistikaya soxulmuş insanlar bu hallardan çox istifadə edirlər. Mətbuat Şurasında bu hallarla tez-tez qarşılaşırıq. Onlar materialı dərc edib, qarşı tərəfin rəyini verəcəklərini açıqlayırlar, amma belə hal düzgün deyil. Jurnalist materialı hazırlayan zaman araşdırmalı, sonra verməlidir. Bəzən olur ki, qarşı tərəflə telefon vasitəsilə əlaqə yaratmağa çalışıldığı bildirilir, hətta əlaqə yaradılır da. Lakin sonradan qarşı tərəf bunu inkar edir. Belə olan halda jurnalist pis vəziyyətdə qalır. Mübahisəli durumlarda telefonla sorğu isbat edilməsi çətin bir məsələyə çevrilir. Ona görə, ənənəvi vasitələrlə müraciət daha məqasədəuyğun hesab edilir. Junalistlərə məsləhət görərdim ki, işlərini ehtiyatlı tutsunlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi