azia.az
azia.az

Hərəmxanada ilk dəfə xacədən istifadə edən Xəlifə kim olub? – Tarixi faktlar

31-07-2019, 08:23


Bir az tarixlə maraqlananlar, tarixi filmlərə baxanlar şah saraylarındakı hərəmxanaları və hərəmləri, hərəmağalarını görüblər. Hərəmxana lüğətdə qorunan, müqəddəs və möhtərəm yer mənasını verir. Ev və saraylarda ümumiyyətlə, içəri həyətə baxacaq bir şəkildə planlaşdırılmış, qadınların başqa kişilərlə qarşılaşmadan rahatca gündəlik həyatlarını davam etdirdikləri yer idi. Burada yaşayan qadınlara da hərəm deyilirdi. İslamiyyətin bu yerlərə, xüsusilə hərəmxana qadınlarıyla hər hansı bir qan bağlılığı olmayan kişilərin (naməhrəm) daxil olması qadağan idi.
Hərəmxanada ilk dəfə xacədən istifadə edən Xəlifə kim olub? – Tarixi faktlar
Bəs hərəm sözü necə yaranıb? Şərqdə hərəmxanalar necə meydana gəlib? Bu tip sualların cavabını Oxu.Az-a tarixçi-alim Əkbər Nəcəf verib.

“Hərəm” dilimizdə işlədilən ən qədim sözlərdən biridir. Kəlimə ta Akkadlar dövründən (e.ə.III minillikdən) günümüzə qədər gəlir. “Örtmək, gizlətmək, başqasına göstərməmək, ayırmaq, təcrid etmək” mənasında akkaqdca “haramu” sözü ərəbcəyə, oradan da İslam dini ilə birlikdə dilimizə keçmişdir.

Ərəbcədə “qorunan, müqəddəs və mötəbər olan şey və ya yer” kimi mənalar da kəsb edən kəlimə ən çox məişətlə bağlı termin kimi işlədilir.

Ev, xanə və saraylarda bağçaya baxacaq şəkildə dizayn edilən, qadınların özgə kişilərlə üzləşmədən rahatlıqla gündəlik həyatlarını davam etdirdikləri yerə hərəm deyilmişdir. Hərəm bütün mədəniyyətlərdə və dövlətlərdə mövcud olub. Çox vaxt Şərq həyat tərzinin bir xüsusiyyəti olaraq ifadə edilən hərəm anlayışına qədim Yunan və Romada da rast gəlirik.

Qədim yunanlar evlərinin arxa hissəsində kişilərin qaldığı yerdən ayrı “gynaeceum” (qadınlara məxsus) vardı.

Eyni anlayış Romada da mövcud idi. Ancaq tarix ədəbiyyatında hərəm təsəvvürü Əhəmənilərlə bağlı rəvayətlərlə birlikdə ön plana çıxarılıb. Hətta bununla bağlı “Tövrat”da şahzadə Əstər haqqında rəvayət zikr edilir.

Part və Sasanilər dövründə də içində qadınların, padşah övladlarının yaşadığı, hərəmağalarının nəzarət etdiyi saray hərəmlərindən bəhs edilir. İslam tarixində saray hərəmi Əməvilər dövründə ortaya çıxıb.

İlk dəfə sarayın hərəm hissəsində xacə istifadə edən xəlifə də I Müaviyyə olub. Bəzi müsəlman-ərəb xanədanlarında hərəmdəki qadınların sayı yüzləri aşırdı. Misal üçün Şərqi Anadoluda ortaya çıxan ərəb əsilli Mərvanilər xanədanlığından Nəsrəddövlənin hərəmində 500 otağın olduğu və hər qadına bir xədimin qulluq etdiyi qeyd edilir.

Şərqdə siyasi ədəbiyyatda hərəm anlayışının çox qabardılmasının başlıca səbəbi qadınların dövlətin idarə sisteminə müdaxiləsi idi. Xüsusilə də Səlcuqlar dövründə Türk qadınların siyasi həyata yaxından müdaxiləsi, tərkən adlanan “hökmdar qadın” kimliyinin ön plana çıxması hərəm mərkəzli bir siyasi strukturun güclənməsinə səbəb oldu.

Güclü qadın imici, siyasi bürokratiyanı hər zaman hərəmin təsir dairəsinə çəkirdi. Dövlət məmurları ilə saray qadınları arasında bütün orta əsrlər boyunca hər zaman gizli və güclü ünsiyyət olmuşdu. Bürokratik zəncirə qadın nəfəsinin toxunması bir çox hallarda xoşa gəlməyən nəticələr də vermişdi.

Böyük Səlcuqlu dövlətinin bir anda etibarının sarsılmasında Sultan Məlikşahın arvadı Tərkən xatunun azalmayan iqtidar ehtirasının təsiri az olmamışdı.

Xarəzmşahlar dövlətinin son hökmdarı Sultan Məhəmməd Əlaəddin heç bir zaman anası Tərkən xatunun istəklərinə mane ola bilməmişdir. Lakin bu nümunələr qadının iqtidar kimliyinin mənfi hadisələrə yol açdığı şəklində qavramaq doğru deyildir.

Bunun əksini təsdiq edən misallar da çoxdur. Belə ki, Azərbaycan Atabəyləri Eldənizlərin ortaya çıxmasının səbəbkarlarından biri Eldənizin arvadı Mömünə xatun idi. Ağqoyunluların tarixində də Saray xatunun əvəzedilməz rolu olmuşdur.

Yəni kişi hökmdarların güclü olduğu zamanlarda dövlətin, qadın iqtidarların güclü olduğu zamanlarda da hərəmin səsi bütün orta əsrlər boyu yüksəlmişdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi