azia.az
azia.az

Paşinyan müharibə istəyir, istədiyini alacaq...

21-06-2019, 10:01


Paşinyan müharibə istəyir, istədiyini alacaq...
Paşinyan müharibə istəyir, istədiyini alacaq...
Yeni böyük savaş ilk növbədə Ermənistan adlı dövlətin süqutuna gətirəcək; Türkiyə Ermənistanla sərhəddə Metsamor AES təhlükəsinə qarşı genişmiqyaslı təlim keçirdi, müharibə yaxınlaşır?..
Dünən ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə görüş keçirilib. Nazirlər həmçinin ABŞ prezidentini milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun vasitəçiliyi ilə danışıqlar aparıblar. Danışıqların gündəliyində əsas məsələ kimi Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü hazırlamaq dururdu. Bu haqda ayrıca yazıda.

Ancaq Vaşinqton müzakirələrinin də Dağlıq Qarabağ probleminin dinc həllinə təkan verməyəcəyi artıq bəri başdan aydındır. Ən azı ona görə ki, işğalçı Ermənistan, onun rəhbərliyi ədalətli sülh anlaşmasından buradan Amerikaya qədər uzaqdır. Buna erməni baş nazir Nikol Paşinyanın ABŞ danışıqları ərəfəsində sərgilədiyi destruktiv mövqe şübhə yeri qoymur. Bir daha qənaət hasil olur ki, rəsmi İrəvan Qarabağa dair konstruktiv danışıqlara hazır deyil və kövrək sülh prosesini belə pozmaq niyyətindədir. Söhbət təkcə təmas xəttində artan erməni təxribatlarından getmir.

Vaşinqtondakı danışıqların da ciddi irəliləyişə gətirib çıxarmayacağını Nikol Paşinyanın iyunun 19-da ABŞ görüşü ərəfəsində parlamentdəki çıxışı zamanı münaqişə ilə bağlı deputatların suallarına verdiyi cavablardan da görmək olar.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu erməni baş nazirin mövqeyini, verdiyi cavabları şərh edib: “Nikol Paşinyan Dağlıq Qarabağın danışıqlarda iştirakı məsələsi nə yerdədir” sualına cavabında Paşinyan deyib ki, bu məsələ hər zaman onun gündəmindədir və elə bir görüş yoxdur ki, o, Dağlıq Qarabağ təmsilçilərinin danışıqlarda iştirakı məsələsini qaldırmasın. Sadəcə, onu deməyib ki, bu məsələdə nəticə əldə etməyib. İkinci sual: “Son günlər təmas xəttində iki hərbçimizi itirmişik, müharibə başlaya bilərmi?” Paşinyan itkilərə toxunmadan deyib ki, sülh istəsələr də müharibəyə də hazır olmalıdırlar. O, belə bir ifadə də işlədib: “Müharibə bitməyib”. Erməni baş nazir çıxışı zamanı öz diplomatik səylərinin guya konkret nəticələri olduğunu da iddia edib, ancaq bu nəticələrin nədən ibarət olduğunu açıqlamayıb".

Paşinyan əvvəllər nə deyibsə onları təkrarlayıb, bircə ifadədən başqa: “müharibə bitməyib”. Ekspertə görə, onun bu fikri həqiqətə uyğundur: “Biz də hər zaman deyirik ki, müharibə bitməyib. Halbuki Ermənistanı idarə edənlər illərdir ki, cəmiyyətlərinə təlqin edirdilər ki, guya torpaqlarımızı işğal etməklə məsələyə nöqtə qoyulub və guya müharibə onların xeyrinə bitib. Nikol Paşinyan isə erməni cəmiyyətinə bunun belə olmadığını izah edir və gələcək müharibənin anonsunu verir. Düz edir”.

Müharibənin bitmədiyini, yalnız döyüşlərin, müharibənin birinci mərhələsinin bitdiyini indiyədək Azərbaycan rəsmiləri, öncəliklə prezident İlham Əliyev dəfələrlə bəyan ediblər. Yəni zaman-zaman düşmənin ölkənin yetkililərinin diqqətinə çatdırılıb ki, İrəvan Qarabağda müvəqqəti hərbi qələbədən eyforiyaya düşüb öz xalqını aldatmasın və boş yerə hərbi nəticələri rəsmiləşdirmək sevdasına düşməsin: ya beynəlxalq hüquqa hörmət edib onun olmayan əraziləri boşaltsın, Azərbaycanın, eləcə də digər qonşunun - Türkiyənin ərazi bütövlüyünü tanısın, ya da müharibənin ikinci, həlledici fazasına hazır olsun.

Müharibənin bitmədiyini 2016-cı ilin aprelindəki “4 günlük savaş” da təsdiqləyir. Nə vaxt ki, Azərbaycanın müdafiə naziri Zakir Həsənovun sözləri ilə desək, ordumuzun kiçik bir hissəsi erməni işğalçı qüvvələri asanca darmadağın edərək irəliləmiş, bunu görən erməni tərəfi Moskvadan Azərbaycanı dayandırmaq xahişində bulunmuşdu. Bu dəfə Bakı xahişi nəzərə almaya bilər.

Yeni böyük müharibə isə şəkk-şübhəsiz ilk növbədə cırtdan Ermənistanın süqutuna gətirəcək. Həm də o səbəbə ki, İrəvanın bir neçə on kilometrliyində Metsamor AES var - hansı ki, Naxçıvandakı raket sistemlərindən cəmi 40-50 km-lik məsafədədir.

Maraqlıdır ki, bu arada Türkiyənin İqdır vilayətində, Ermənistana həmsərhəd bölgədə, Metsamor AES-in bilavasitə yaxınlığında olan əyalətdə mümkün qəzadan qorunmaqla bağlı genişmiqyaslı təlim keçirilib. “Yeni Müsavat”ın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, hədəf qardaş ölkənin həmsərhəd 8 əyalətinin əhalisini mümkün kimyəvi, bioloji və radiasiya təhlükəsindən qorumaqdır.

Xatırladaq ki, Metsamor AES-in tikintisi 1970-ci ildə başlayıb. 1988-ci ildə Spitakda dağıdıcı zəlzələdən sonra stansiya bağlanıb. Ancaq 1995-ci ildə beynəlxalq birliyin ciddi etirazlarına rəğmən, fəaliyyəti bərpa edilib. Bundan əlavə, AES-in ikinci reaktoru da işə salınıb. Ekoloqların və alimlərin fikrincə, regiondakı seysmik aktivlik Metsamor AES-in istismarı riskini artırır - hətta yeni tip reaktor inşa edilsə belə.

Avropa Birliyinin (AB) İrəvana qarşı tələblərindən biri də AES-in fəaliyyətini ya təhlükəsizlik standartlarına uyğunlaşdırmaq, ya da bağlamaqdır. Ermənistanla AB arasında ötən il imzalanmış sazişdə də eyni bənd-tələb yer alıb. Metsamor AES-də qəza isə raket zərbəsindən baş verə bilər. Odur ki, işğalçı Ermənistan və onun ilk dəfə “müharibə bitməyib” etirafı edən rəhbərliyi gərək nüvə çəlləyi üzərində oturduğunu da unutmasın. Paşinyan müharibə istəyirsə, istədiyini alacaq...


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi