Türkmənistanın atçılıq qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfərə gəlmişdir
Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında atçılıq idmanı və ənənəvi at oyunları sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində ölkəmizin bu sahədə mövcud imkanları və infrastrukturları ilə tanışlıq, həmçinin təcrübə mübadiləsi məqsədilə Türkmənistanın atçılıq qurumlarının rəhbərlərindən ibarət nümayəndə heyəti səfərə gəlmişdir.
Səfər çərçivəsində qonaqlar 17 noyabr tarixində Türkmənistanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Qurbanməmmet Elyasovun müşayiəti ilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən qəbul edilmişlər.
Görüşdə ortaq etnik köklər, mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan Azərbaycan–Türkmənistan ikitərəfli münasibətlərinin ölkə rəhbərlərinin təşəbbüsü və şəxsi diqqəti sayəsində müxtəlif sahələrdə dinamik inkişaf etdiyi vurğulanmış, atçılıq idmanı və ənənəvi at oyunları sahəsində qarşılıqlı faydalı əməkdaşlığın bu münasibətlərin möhkəmlənməsinə töhfə verdiyi qeyd edilmişdir.
Müzakirə zamanı tərəflər ölkələrimiz arasında mədəni əlaqələrin inkişaf etdirilməsi və birgə layihələrin həyata keçirilməsində bu cür səfərlərin mühüm rol oynadığını bildirmişlər.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi