Hər şey düzəlir, "Aztelekom"dan savayı... - ŞİKAYƏT VAR
«Deyilənlərə görə, Suat Paşayevin təyinatından sonra paytaxtın əksər rayonlarında «Aztelekom»un abunəçisi olan internet istifadəçilərindən növbəti ayın internet pulu tələb edilir"
Əli Abbasov ölkənin rabitə sisteminin rəhbərliyindən uzaqlaşdırıldıqdan və onun yerinə Ramin Quluzadənin rabitə və yüksək texnologiyalar naziri vəzifəsinə gətirilməsindən sonra bir çoxları elə zənn edirdi ki, artıq sözügedən sahədə mövcud olan problemlərin böyük bir hissəsi öz həllini tapacaq, mövcud olan neqativ hallar aradan qaldırılacaq. Lakin görünən odur ki, bununla bağlı gözləntilər heç də özünü doğrultmayıb. Düzdür, rabitə sistemilə bağlı bəzi islahatlara imza atılsa da, ancaq bir sıra nöqsanlar hələ də qalmaqdadır. Belə ki, sözügedən mövzu ilə bağlı əldə etdiyi bilgiləri Gundelik-Baku.com-la bölüşən məlumatlı şəxs bildirir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki «Aztelekom» MMC-nin fəaliyyəti sadə vətəndaşların, o cümlədən sənaye, ticarət və digər sahələrdə fəaliyyət gəstərən onlarla müəssisə, təşkilatların haqlı narazılığına səbəb olur. Hazırda «Aztelekom» MMC-nin baş direktor vəzifəsini Suat Paşayevin icra etdiyini deyən mənbənin sözlərinə görə, məhz onun gəlişindən sonra adıçəkilən qurum bir sıra yollarla abunəçilərə əlavə problemlər yaratmağa başlayıb: «Deyilənlərə görə, Suat Paşayevin təyinatından sonra paytaxtın əksər rayonlarında «Aztelekom»un abunəçisi olan internet istifadəçilərindən növbəti ayın internet pulu tələb edilir. Abunəçilər bildirirlər ki, aylıq abunə haqqı ilə bağlı ödəniş etmələrinə baxmayaraq, onlardan pul istənilir.
Məsələ burasındadır ki, aylıq abunə haqları ilə bağlı olaraq ödənişlərini həyata keçirilən sakinlərin interneti kəsilir və bu xəbərdarlıq mesajı onlara çatdırılır: «Növbəti ay üzrə ödənişlər üçün ödəniş üzrə depozitiniz olmasa, internetiniz kəsiləcəkcdir». Bu isə «İstehlakçılar haqqında» Azərbaycan Respublikasının qüvvədə olan qanunlarının tələblərinə ziddir. Hansı ki, islehakçı olan abunəçilərdən pul tələb olunması yolverilməzdir. Daha dəqiq ifadə etsək vətəndaş istifadə etmədiyi internetə görə pul ödəməli deyil. Yəni əldə etmədiyi, edə biləcəyi belə şübhə altında olan internet paketlərinə görə vətəndaşdan öncədən pul istənilməsi yolverilməzdir». Bu arada, son günlər «Aztelekom» MMC-dən müştərilərə durmadan telefon zənglərinin gəldiyini bildirən məlumatlı şəxs qeyd edir ki, adıçəkilən qurumun Ruhəngiz Səmədova adlı əməkdaşı abunəçilərlə əlaqə saxlayaraq guya onların borcu olduğunu deyir: «Aztelekom» MMC-nin Ruhəngiz Səmədova adlı əməkdaşı 344-00-00 nömrəsindən telefon açaraq abunəçilərə deyir ki, 153 xidmətindən istifadə etdikləri üçün onların 40 qəpik borcu var. Halbuki abunəçilər belə bir xidmətdən istfiaədə etmədiklərini və elə bu səbəbdən də borclarının olmadığını bildirirlər.
Deyilənlərə görə, «Aztelekom» MMC məhz bu cür üsullarla əlavə qazanc əldə etməyə çalışır. Qeyd olunur ki, bu cür hallar MMC-də əvvəllər də olub, indi də var. Lakin nədənsə Suat Paşayevin təyinatından sonra bu cür hallar kütləvi xarakter alıb. Deyilənlərə görə, bu «qayda» adıçəkilən qurumun yeni rəhbərinin göstərişilə tətbiq olunur. Onu da nəzərinizə çatdırım ki, dünyanın indiki vaxtında bizdə sabit telefondan mobil tolefona zəngin 1 dəqiqəsi 23 qəpik, mobildən sabit şəbəkəyə isə təxminən 4-5 qəpik, beynəlxalq danışıqların dəqiqəsi təxminən 30 qəpikdir. Ümumiyyətlə, ev və ofis telefonları üçün izahı mümkünsüz olan xeyli sayda absurd tariflər var. Təsəvvür edin ki, mobildə danışıq tarifinin dəqiqəsi 3 qəpikdir, amma ev telefonu ilə şəhərlərarası danışıq 5 qəpik. Kim bundan istifadə edəcək?! Dövlət provayderlərində internet 4mb/s sürət üçün 20-30 manatdır. Halbuki qonşu ölkələrdə bu qiymətə 100 mb/s sürət əldə etmək mümükündür. Görünür, tarifləri bu formada saxlamaq rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin, o cümlədən «Aztelekom» MMC-nin baş direktor vəzifəsini icra edən Suat Paşayevin maraqlarına cavab verir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.