Tovuz rayonu, Ağdam kəndi ərazisində 1 ədəd mərmi tapılıb-FOTO
2020-ci il 15 İyul tarixində saat 10:05-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tovuz rayonu, Ağdam kəndi ərazisinə 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
Azia.Az-a verilən məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Tovuz rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları dərhal həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri və Tovuz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə cari ilin 14 iyul tarixində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış mərmi nəticəsində həlak olmuş 1944-cü il təvəllüdlü Əzizov Əziz İzzət oğlunun həyətyanı sahəsinə baxış keçirilmişdir. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisinin (OF-842) partlamış hissəsi aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.
Minaatan mərmisinin ətrafında 150 kv.m əraziyə yerüstü, 40 kv.m əraziyə isə yeraltı baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 15 iyul 2020-ci il tarixlərində 182 siqnal (əməliyyat çağırışı) əsasında 163 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Abşeron, Ağcabədi, Ağdam, Ağstafa, Astara, Balakən, Beyləqan, Bərdə, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Hacıqabul, Xaçmaz, Xızı, Xocavənd, İmişli, Qazax, Quba, Sabirabad, Salyan, Şabran, Şəmkir, Tərtər, Tovuz, Ucar rayonları, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Lənkəran şəhərləri ərazisində 4 ev və həyətyanı sahəyə, təmas xəttinə, su kanalının yaxınlığına, otlaq və əkin sahələrinə, məişət tullantıları ərazisinə, qəbirstanlığa, çay sahilinə baxış keçirilmiş, 418 ədəd partlamamış hərbi sursat (PHS), 11 ədəd piyada əleyhinə mina, 20 ədəd tank əleyhinə mina və 7 414 ədəd müxtəlif çaplı patronlar zərərsizləşdirilmiş, 71 075 kv.m ərazi yerüstü və 10 351 kv.m ərazi yeraltı yoxlanılmışdır.