Hesablama Palatası: DSMF-də bu göstəricilərin büdcə sənədlərinə daxil edilməməsi icmal büdcənin gəlir və xərc parametrlərinin dəqiq əksini təhrif edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi ilə bağlı məlumatlar Fondun 2026-cı il büdcəsi ilə bağlı qanun layihəsində əks etdirilməyib.
Bu barədə Hesablama Palatasının layihəyə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu göstəricilərin büdcə sənədlərinə daxil edilməməsi icmal büdcənin gəlir və xərc parametrlərinin dəqiq əksini təhrif edir.
Palata bu vəziyyətin hüquqi tənzimləmələrin tam formalaşmaması ilə bağlı olduğunu qeyd edib.
Xatırladaq ki, DSMF-nin sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi qaydası ölkə Prezidentinin 17 aprel 2023-cü il tarixli fərmanı ilə təsdiqlənib. Lakin Hesablama Palatasının qənaətinə görə, həmin hüquqi aktlar investisiya fəaliyyəti üzrə gəlir və xərclərin büdcə sənədlərinə daxil edilmə qaydasını hələ tam müəyyən etmir.
Qurum hesab edir ki, bu məsələnin hüquqi tənzimlənməsi büdcə şəffaflığının və icmal büdcə göstəricilərinin dəqiqliyinin artırılmasına xidmət edəcək.