azia.az
azia.az

Qarabağ və Şərqi Zəngəzurda şəffaf işləməyənləri ciddi cəza gözləyir

Bu gün, 11:44

Bu gtün Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın ən həssas və strateji regionları hesab olunur. Otuz ilə yaxın Ermənistanın işğalı altında qalan bu torpaqlar milyonlarla azərbaycanlı üçün həsrət ünvanına, qayıdış arzusu ilə yaşayan yüz minlərlə keçmiş məcburi köçkünün əlçatmaz yurduna çevrilmişdi.

2020-ci il Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatı, ölkənin suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Hazırda regionda dünyanın ən iri postmünaqişə bərpa layihələri həyata keçirilir. Dövlət büdcəsindən ayrılan milyardlarla manat hesabına şəhərlər yenidən salınır, kəndlər tikilir, yollar çəkilir, elektrik, qaz, su və rabitə infrastrukturu qurulur.

Bu işlər Azərbaycanın minlərlə şəhidinin qanı bahasına azad olunan torpaqlarda həyata keçirilən hər bir tikinti, hər bir yaşayış məntəqəsinin bərpası cəmiyyət tərəfindən mənəvi məsuliyyət daşıyan proses kimi qəbul edilir. Elə buna görə də burada aparılan işlərdə şəffaflıq, qanunçuluq və ictimai etimad xüsusi əhəmiyyət kəsb edir.

Bu gün bərpa və yenidənqurma prosesi Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Şuşa, Xocalı, Xocavənd, Ağdərə, Xankəndini və onların digər yaşayış məntəqələrini, eləcə də Şərqi Zəngəzurun bütün istiqamətlərini əhatə edir. Ağdam “ağıllı şəhər” konsepsiyası əsasında yenidən qurulur, Füzulidə beynəlxalq hava limanı istifadəyə verilib, Zəngilan və Laçında hava limanları tikilərək regionun nəqliyyat imkanlarını genişləndirib. Şuşada tarixi və mədəni irs bərpa olunur, Kəlbəcər və Laçında yol infrastrukturu yenilənir, Zəngilanın Ağalı kəndi isə “ağıllı kənd” layihəsinin ilk uğurlu nümunəsinə çevrilib. Paralel olaraq yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, inzibati binalar və sosial obyektlər inşa edilir.

Binalar tikməklə yanaşı, əsas məqsəd insanların doğma yurdlarına təhlükəsiz, rahat və dayanıqlı şəkildə qayıdışını təmin etməkdir. Böyük Qayıdış proqramı çərçivəsində artıq minlərlə keçmiş məcburi köçkün doğma torpaqlarına köçürülüb və bu proses mərhələli şəkildə davam etdirilir.

Məhz bu məqsədlə dövlət idarəetmə mexanizmləri də daim təkmilləşdirilir. Ötən gün Prezident İlham Əliyevin təsdiqlədiyi Mənzil Məcəlləsinə edilən dəyişikliklər çərçivəsində İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşdırma Fondu yaradılıb.

Qanunvericiliyə əsasən, Fondun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun tərkibinə daxil ediləcək. Bu mənzillər keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərdə daimi yaşayış yerləri ilə təmin olunmasına və sonradan həmin yaşayış sahələrinin onların mülkiyyətinə verilməsinə xidmət edəcək. Köçürülmə və mülkiyyətə verilmə mexanizmi isə müvafiq dövlət qurumu tərəfindən müəyyən ediləcək.

Əslində, bu addım Böyük Qayıdış siyasətinin növbəti institusional mərhələsi hesab olunur. Çünki söhbət həmin yaşayış məntəqələrinin uzunmüddətli və dayanıqlı idarə olunmasından gedir.

Bundan əvvəl isə işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəlikləri yaradılıb. Bu institutun əsas vəzifələrindən biri dövlət proqramlarının icrasına nəzarətin gücləndirilməsi, müxtəlif qurumlar arasında koordinasiyanın təmin edilməsi və layihələrin operativ icrası idi.

Yeni idarəetmə modeli eyni zamanda daha yüksək məsuliyyət və hesabatlılıq tələb edir. Dövlət büdcəsindən ayrılan böyük maliyyə vəsaitləri, regionun strateji əhəmiyyəti və ictimai həssaslıq nəzərə alınaraq nəzarət mexanizmlərinin də gücləndirilməsi qaçılmaz sayılır.


Modern.az
-ın əldə etdiyi məlumata görə, son dövrlərdə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bəzi layihələr üzrə daxili təftiş və yoxlama tədbirləri aparılıb. Araşdırmalar zamanı müəyyən istiqamətlər üzrə sənədləşmə, maliyyə intizamı və icra prosesində ayrı-ayrı uyğunsuzluqların araşdırıldığı bildirilir.

Məlumata əsasən, bəzi hallarda məsuliyyətsizlik faktları diqqət mərkəzinə gətirilib. Hazırda həmin məsələlərin hüquqi qiymətləndirilməsi istiqamətində müvafiq prosedurlar davam etdirilir. Bildirilir ki, araşdırmalar çərçivəsində faktlar tam təsdiqlənəcəyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun qərarlar veriləcək.

Ümumi yanaşma ondan ibarətdir ki, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən layihələrdə şəffaf işləməyən, dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsinə mane olan və ya vəzifə səlahiyyətlərindən sui-istifadə edən şəxslər barəsində güzəştli münasibət göstərilməyəcək. Hüquq-mühafizə orqanlarının araşdırmaları nəticəsində cinayət tərkibli əməllər müəyyən edilərsə, həmin şəxslərin qanun qarşısında cavab verməsi istisna edilmir.

Bu yanaşma həm də dövlətin Qarabağ siyasətinin əsas prinsiplərindən biri kimi qiymətləndirilir. Çünki regionda həyata keçirilən layihələrin hər biri dövlət büdcəsi, xalqın vəsaiti və şəhidlərin canı bahasına əldə olunan tarixi Zəfərin nəticəsidir.

Qarabağ və Şərqi Zəngəzurun bərpası Azərbaycanın gələcəyinin formalaşdırıldığı strateji layihədir. Burada atılan hər addım, çəkilən hər yol, tikilən hər yaşayış məntəqəsi Böyük Qayıdışın ayrılmaz hissəsidir.

Belə bir şəraitdə şəffaflıq, maliyyə intizamı və qanunun aliliyi əsas prioritetlərdən biri olaraq qalır. Dövlətin son institusional addımları və nəzarət mexanizmlərinin gücləndirilməsi onu göstərir ki, azad edilmiş ərazilərdə görülən işlərin keyfiyyəti ilə yanaşı, onların dürüst və şəffaf icrası da bundan sonra daha ciddi nəzarətdə olacaq. Qanun pozuntusuna yol verən hər kəs isə tutduğu vəzifədən asılı olmayaraq hüquqi məsuliyyət daşımalı olacaq.

Elnur Əmirov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi