“Tərtər işi” üzrə bəraət aldı-Qalmaqallı “cinayət işi”
Mayın 31-də Gəncə Apelyasiya Məhkəməsi “Tərtər işi” üzrə əsassız və qanunsuz olaraq həbsə alınmış MAXE (müddətdən artıq xidmət edən) Sədayıl Şükürovun barəsində bəraət hökmü çıxarıb. 2018-ci ildə dövlətə xəyanət və digər ittihamlarla həbsə alınaraq 11 il müddətinə azadlıqdan məhrum edilmiş Sədayıl Şükürov məhkəmə zalından azadlığa buraxılıb.
“Yeni Müsavat” Sədayıl Şükürova qarşı irəli sürülən ittiham və məhkəmələrdə başına gələnlərlə bağlı araşdırma aparıb.
Onun qanunsuz həbsi və ittihamların mahiyyəti ilə bağlı əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Sədayıl Şükürovu məqsədli şəkildə şərləməklə istintaqa cəlb ediblər, sonradan isə heç bir əsas və sübut olmadan uzunmüddətli həbsə məhkum olunub. Onun barəsindəki hökm və qərardan kasasiya şikayətinə Ali Məhkəmədə baxılarkən ilginc detallar üzə çıxıb.
İttihamda nə yazılıb?
Məhkum Sədayıl Şükürova Cinayət Məcəlləsinin 134-cü - öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə, 274-cü - dövlətə xəyanət, 331-ci - hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə, 333-cü - hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və 338.21-ci döyüş növbəsi çəkmə qaydalarını pozma maddələri ilə ittiham elan olunub və Gəncə Hərbi Məhkəməsinin 15 avqust 2018-ci il tarixli hökmü ilə o, 11 il müddətinə azadlıqdan məhrum edilib.
Sədayıl Şükürov məhkəməsində ittihamın saxta olduğunu desə də, Gəncə Hərbi Məhkəməsinin sədri olan və iş üzrə sədrlik edən hakim Vüqar Məmmədov, digər iki hakim Səxavət Hüseynov və Vidadi Nəsirov, sadəcə, onu və vəkilini dinləməyiblər. İş üzrə 20-dən artıq şahid də ittihamı təkzib edib. Hakimlər buna da məhəl qoymayıblar. İş üzrə zərərçəkmiş Elşən Tağıyevin ifadəsindən başqa hər hansı bir dəlil və sübutun olmaması da hakimləri qanunsuz hökm çıxarmaqdan çəkindirməyib.
Beləcə, 2 övlad atası olan Sədayıl Şükürov 11 il müdddətinə azadlıqdan məhrum olunub. Onun apelyasiya şikayətinə Gəncə Apelyasiya Məhkəməsinin Hərbi Kollegiyasında baxılarkən də sədrlik edən Çingiz Məmmədov, digər hakimlər Teyyub Muxtarov və Əlizamin Abdullayev də Sədayil Şükürovun taleyinə biganə yanaşıblar.
6 hakim, onlardan əvvəl isə istintaq qrupunun üzvləri, ittiham aktını təsdiqləyən prokuror da Sədayıl Şükürovun həyatını alt-üst edən cinayətə imza atıblar.
İttiham adlı inşanı kim və niyə uydurub?
Gəncə Hərbi Məhkəməsinin artıq qüvvədən düşmüş hökmündən oxuyuruq: “Sədayıl Şükürov dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq qəsdən düşmən tərəfə keçib casusluq etmiş və Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə kömək etmişdir. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı rəis olaraq tabeliyində olan şəxsi təhqir etmiş, hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı tabeliyində olan şəxsləri döyüb. Döyüş növbəsi çəkmə qaydalarını dövlətin təhlükəsizlik mənafelərinə zərər vura biləcək tərzdə pozub, 6 ay ərzində təkrarən döyüş şəraitində yerləşən hərbi hissəni özbaşına tərk edib. Belə ki, məhkum N saylı hərbi hissənin "Qan çanağı" döyüş postunda manqa komandiri vəzifəsində, kiçik çavuş hərbi rütbəsində müddətli həqiqi hərbi xidmətdə olarkən, istintaqa məlum olmayan şəraitdə qarşı tərəfdə olan Ermənistanın xüsusi xidmət orqanının əməkdaşları tərəfindən onların xeyrinə məxfi əməkdaşlığa cəlb edilmiş, şərti olaraq “Qan çanağı” adlandırılan döyüş postunda xidmət aparan digər hərbi hərbi qulluqçuların da düşmən hərbi qulluqçuları tərəfindən zorakılıq və alçaldıcı hərəkətlərə məruz qalaraq, həmin prosesin videoçəkilişini aparmaqla gələcəkdə həmin çəkilişin internet vasitəsilə yayılacağı hədəsi altında şantaj edilərək məxfi əməldaşlığa cəlb edilmələri barədə düşmən hərbi qulluqçularından tapşırıq alıb. Sədayıl Şükürov həmin tapşırığın icrası ilə əlaqədar olaraq “Qan çanağı” döyüş postuna yeni təyin edilmiş əsgəri düşmənə təhvil vermək qərarına gələrək, həmin niyyətini həyata keçirmək üçün Elşən Tağıyevin iradəsini sındıraraq özünə tabe etdirmək və ona verəcək istənilən göstərişi yerinə yetirmək dərəcəsinə çatdırmağa çalışıb. Bundan sonra o, “Qan çanağı” döyüş postunda əsgər Elşən Tağıyevlə birlikdə 2007-ci ilin oktyabr ayında gecə saatlarında uzunmüddətli atəş nöqtəsində döyüş növbəsinə çıxıb və onu düşmən postuna aparmaq qərarına gəlib. Məhkum döyüş növbəsində olarkən döyüş mövqeyinə yeni təyin edilmiş Elşən Tağıyevə ayıq-sayıq olmasını tapşıraraq yatmış və bununla da ikisinin arasında “söz sahibinin” və “böyüyün” özünün olduğunu nümayiş etdirmişdir. Məhkum düşmən hərbi qulluqçularından aldığı tapşırığın icrası ilə bağlı Elşən Tağıyevi düşmən hərbi qulluqçularına təhvil vermək üçün onu düşmən mövqelərinə getməsinə razı salmaq üçün bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında ikinci dəfə Elşən Tağıyevlə birgə döyüş növbəsinə çıxıb, döyüş növbəsində olarkən Elşən Tağıyevin onun göstərişlərindən çıxmayacağına əmin olduğu üçün ona birlikdə düşmən postuna getməyi təklif edib".
Elşən Tağıyev düşmən postuna getməyin “xəyanət” olduğunu bildirdikdə, Sədayıl Şükürov əsəbləşərək, onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmaqla onu döyərək iradəsini “sındırmaqla” özünə tabe etməyə çalışıb. Məhkum Elşən Tağıyevi düşmən hərbi qulluqçuları ilə məxfi əməkdaşlığa cəlb etmək üçün düşmən hərbi qulluqçularına təhvil vermək məqsədilə bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında gecə saatlarında üçüncü dəfə Elşən Tağıyevlə birlikdə döyüş növbəsində olarkən, Sədayıl Şükürov onu düşmən postuna aparacağını bildirib və etiraz edəcəyi təqdirdə öldürəcəyi ilə hədələyib. Elşən Tağıyevə hədənin real olduğunu göstərmək üçün məhkum xidməti istifadəsində olan avtomat silahı döyüşə hazır vəziyyətə gətirərək havaya bir atəş açıb, atəş səsinə döyüş növbəsinin aparıldığı uzunmüddətli atəş nöqtəsinə gəlmiş digər hərbi qulluqçulara guya düşmən kəşfiyyatçısına bənzətdiyi qaraltıya atəş açması barədə yalandan bildirib.
Digər hərbi qulluqçular getdikdən sonra məhkum Elşən Tağıyevin iradəsini sındırmaq və düşmən postuna getməyə müqavimət göstərməsinin qarşısını almaq üçün onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub. Elşən Tağıyev qorxduğundan hava xətti ilə təxminən 220 metr məsafədə yerləşən düşmənin şərti olaraq “Yumru təpə” adlandırılan döyüş postuna getmək məcburiyyətində qalıb. Elşən Tağıyevin düşmən hərbi qulluqçuları ilə görüşəcəyinə əmin olduqdan sonra Sədayıl Şükürov “Qan çanağı” döyüş postunun qarşı tərəfində yerləşən neytral əraziyə gedib əvvəlcədən danışıb razılaşdıqları kimi 2 düşmən hərbi qulluqçusu ilə görüşüb, onları bu barədə məlumatlandırıb, sonra səngərə qayıdıb Elşən Tağıyevə düşmən hərbi qulluqçuları ilə görüşməyə getməyi təklif edib, yenə etiraz etməyə başladıqda onu döyüb və özü ilə birlikdə neytral əraziyə getməyə məcbur edib. Elşən Tağıyev neytral əraziyə gedərkən xidməti istifadəsi üçün verilmiş “PKM” markalı pulemyot silahını uzunmüddətli atəş nöqtəsində qoyub. Elşən Tağıyev neytral ərazidə 2 düşmən hərbi qulluqçusunu görüb qorxuya düşdükdə düşmən hərbi qulluqçularından biri çiyninə əli ilə vuraraq Azərbaycan dilində ona qorxmamasını bildirib və birlikdə Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” döyüş postuna gediblər.
Düşmənin “Yumru təpə” döyüş postuna çatdıqdan sonra orada daha bir neçə düşmən hərbi qulluqçusunun olduğunu görüb, düşmən hərbi qulluqçuları Sədayıl Şükürovla birlikdə Elşən Tağıyevin bədəninə yumruq və təpik zərbələri vuraraq onu döyüb. Elşən Tağıyev qorxduğundan düşmən hərbi qulluqçularının tələblərini icra edərək dövlət atributlarını tənqir edib və bu proses kənarda dayanmış düşmən hərbi qulluqçqusu videokamera ilə çəkib. Düşmən hərbi qulluqçuları Elşən Tağıyevə tağım və bölükdə olan zabitlərin adını, soyadını, rütbələrini, tağımda olan silahların sayını və markasını öyrənib Sədayıl Şükürov vasitəsilə onlara bildirilməsi barədə tapşırıq verib və əks halda, videonun internet vasitəsilə yayılacağını bildiriblər. Bu yolla Elşən Tağıyevi özləri ilə məxfi əməkdaşlığa cəlb etməyə çalışıblar. Sədayıl Şükürov Elşən Tağıyevlə birlikdə düşmənin “Yumru təpə” döyüş postunda təxminən bir saat olduqdan sonra öz postlarına qayıdıb, düşmən postundan qayıtdıqdan sonra Sədayıl Şükürov Elşən Tağıyevə bu barədə heç kimə heç nə bildirməməsini və düşmən hərbi qulluqçuları tərəfindən qoyulmuş tapşırığı icra etməsini tapşırıb. Sədayıl Şükürov hətta döyüş növbəsi dəyişdirilərkən istifadə edilən parolların öyrənilməsi barədə də Elşən Tağıyevə tapşırıq verib. Bir bir neçə gün sonra 2007-ci ilin oktyabr ayında Sədayıl Şükürov gecə saatlarında döyüş növbəsində olarkən döyüş növbəsi çəkmə qaydalarını pozaraq uzunmüddətli atəş nöqtəsində müşahidəni dayandırıb Elşən Tağıyevi yenidən özbaşına olaraq Ermənistanın Berd rayonunun ərazisində yerləşən düşmənin “Yumru təpə” postuna aparıb, düşmən postuna doğru hərəkət zamanı Sədayıl Şükürov düşmən hərbi qulluqçuları ilə əvvəlcədən razılaşdıqları kimi alışqanın arxasında olan işıqla düşmən postu istiqamətində işarə verərək gəldiklərini bildirib, düşmən postu istiqamətindən də işıq yandırılaraq onların gəlmələrinə icazə verildiyinə işarə ediblər. Məhkum və Elşən Tağıyev düşmən hərbi qulluqçuları ilə görüşmək üçün düşmən postuna gedib, orada görüş zamanı Elşən Tağıyev düşmən hərbi qulluqçularının tapşırığına əsasən əldə etdiyi məlumatları, yəni tağım və bölükdə olan zabitlərin adı, soyadı, rütbələri, tağımda olan silahların sayı və markaları, həmçinin döyüş növbəsini dəyişərkən istifadə olunan parolları düşmən hərbi qulluqçularına bildirib. Görüş zamanı düşmən hərbi qulluqçuları Elşən Tağıyevə Azərbaycan dilində və əlifbasında olmayan, üzərində rus və erməni dilində yazıldığını ehtimal etdiyi vərəq təqdim etmiş və həmin vərəqə imza etməsi tələb ediblər. Elşən Tağıyev imza edəcəyi vərəqin nə olduğunu soruşduqda Sədayıl Şükürov ona verilmiş məxfi tapşırıqları icra edəcəyi barədə imza etdiyini bildirib, tapşırıqları icra etməyəcəyi təqdirdə isə ailə üzvlərinə xəsarət yetiriləcəyi ilə hədələyib. Elşən Tağıyev də vərəqdə nə yazıldığını bilməyərək qorxduğundan artıq sual verməyib, vərəqdə imza edib və düşmən hərbi qulluqçuları Sədayıl Şükürov vasitəçiliyi ilə bu qaydada Elşən Tağıyevin məxfi əməkdaşlığa cəlb olunmasına nail olublar..."
İttiham aktı belə fərziyələrlə davam edir. Oxucularımızı yormamaq üçün yalnız bir hissəni təqdim etməklə kifayətlənirik.
Bu gün “Tərtər işi” çərçivəsində həbsdə alınan və eyni şəkildə uydurma ittihamlarla məhkum olunan 10-dan artıq hərbi qulluqçu cəzaçəkmə yerlərində barələrində ədalətli qərar veriləcəyi günü gözləyir. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan məhkəmələri günahları vətəni qorumaq olan, içimizdəki düşmənlərin fitnəsi ilə həbsə alınan hərbçilərimizin azad edilmələri üçün olduqca həvəssiz görünürlər.
E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”