4-5 saniyəyə 500 ev satılır? - MİDA evləri barədə QALMAQAL
Artıq Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa olunan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsindəki mənzillərin seçimi başa çatıb.
Qurumdan verilən məlumata görə, kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 6 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzilin, ümumilikdə 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılıb.
Agentlik 442 mənzilin seçimində 8 939 nəfərin iştirak etdiyini, 257 mənzillə bağlı vətəndaşlar tərəfindən imzalanmış ərizələrinin təqdim edilib.
Amma mənzillərin satışa çıxarılması ilə satılması cəmi 4-5 saniyə çəkib.
Mənzillərin yüksək sürətlə satılması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bir neçə saniyə ərzində 500-ə yaxın mənzilin satılmasının mümkün olmaması qeyd edilib.
İddia olunur ki, seçilən mənzillər əvvəlcədən proqramlaşdırılmış formada saxlanılır və sonradan gözləmə bölümündə xüsusi şəxslərə 5-7-10 min civarında satılır.
Texno-bloger Fərid Pərdəşünas Oxu.Az-a açıqlamasında bildirib ki, evlərin alınmasında kimlərinsə fərdi proqramçı tutması mümkün ola bilər:
“Ola bilər ki, kimsə fərdi proqramçı tutdurub, ona proqram yazdırıb. Bu, ancaq fərdi şəkildə kibermüdaxilələrlə olur və proqram yazılır. İnsanın etdiyini qısa zamanda proqram edir. Amma bir məsələ də var ki, təhlükəsizlik üçün captcha qoyulub.
Bot (avtomatlaşdırılmış komanda) edibsə, “captcha”dan necə keçib? Sadə vətəndaş edibsə, qısa zamanda 500 ev necə satılıb?”
O qeyd edib ki, qısa zamanda ancaq avtomatlaşdırılmış komanda (botlar) yazmaqla, ev seçimi etmək mümkündür:
“Sosial şəbəkələrdə bəzi görüntülər yayılıb, MİDA tərəfindən onlara aydınlıq gətirilməlidir. Orada insanlar botlardan istifadə edib, amma qurum: “Botlara qarşı “Google captcha”dan istifadə edirlər, əgər buradan da keçirsə, o zaman Google-a şikayət etsinlər, çünki bunun qarşısını MİDA ala bilməyəcək”.
Məsələni aydınlaşdırmaq üçün Mənzil İnşaatı Dövlət Agentliyinə sorğu göndərsək də, hələ də cavab verilməyib.