Tikinti şirkəti baş redaktoru aldadıb - Prezidentə müraciət
"Sahil-S İnşaat” Mənzil Tikinti Kooperativi (MTK) ANAXEBER.az saytının baş redaktoru Azər Talıbovu aldadıb.
Bu barədə baş redkatorun Prezident İlham Əliyevə və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə ünvanladığı müraciətdə deyilir.
Müraciət müəllifi qeyd edir ki, "Sahil-S İnşaat” MTK-nın Yeni Günəşli qəsəbəsinin "A-B” yaşayış massivində inşa etdiyi hündürmərtəbəli binadan mənzil alıb. "Lakin MTK tikinti işlərini dayandırıb. "Aylardır ki, mənzilə köçə bilmirik. Mən və həmin binadan mənzil alan digər sakinlər dəfələrlə müvafiq qurumlara müraciət etsək də, nəticəsi olmayıb”, - deyə baş redaktor müraciətdə bildirir.
Azər Talıbov yazır ki, tikinti işləri binanın sonuncu mərtəbəsində dayandırılıb. MTK bunu maliyyə çatışmazlığı ilə izah edir. Lakin baş redaktor bunu inandırıcı hesab etmir:
"Hesab edirəm ki, maliyyə çatışmazlığı sadəcə bəhanədir. Çünki binadakı mənzillərin hamısı satılıb. Mən araşdırmışam, mənzili kreditlə alanlar da vaxtlı-vaxtında ödəniş edirlər. Hər ay şirkətə bu kreditlərdən külli miqdarda pul daxil olur. Bəs bu pullar hara gedir? Niyə həmin vəsaitlə tikinti işləri aparılmır. Bircə mərtəbə qalıb, işi tamamlamaq üçün astronomik məbləğdə vəsaitə ehtiyac yoxdur. Mən özüm mənzili kreditlə almışam. Hər ay da krediti ödəyirəm. Yalnız 2 ay ödəməmişəm. O da pandemiya ilə əlaqadardır. Yeri gəlmişkən, aylardır mənzili təhvil verməyən şirkət məni ödənişi 2 ay gecikdirdiyimə görə məhkəməyə verib. Halbuki, məhkəmə qarşısına şirkətin rəhbərliyi çıxmalıdır. Aylardır onlarla vətndaşı aldatmaqla məşğul olduğuna görə”.
Baş redaktor qeyd edir ki, artıq sakinlər binanın keyfiyyətinə də şübhə ilə yanaşırlar:
"Tutaq ki, həqiqətən maliyyə çatışmazlığı var. O zaman bu binanın keyfiyyətli şəkildə inşaa edildiyinə kim zəmanət verə bilər? Ona görə də biz Fövqəladə Hallar Nazirliyinə müraciət etmişdik ki, binanın keyfiyyətini yoxlasın. Axı burada yüzlərlə insan yaşayacaq. Sabah bir hadisə olanda insanlara nə cavab verəcəklər? Təəssüf ki, Fövqəladə Hallar Nazirliyindən müraciətimizə heç bir cavab verilmədi. Korrupsiyaya Qarşı Mübarizə İdarəsindən isə xahişimiz odur ki, ödədiyimiz pulların hara getdiyini araşdırsın”.
Qeyd edək ki, "Sahil-S İnşaat” MTK 28 mart 2018-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin qanuni təmsilçisi Allahverdiyev Taley Şamil oğludur.
Açıq mənbələrdə şirkət haqqında hər hansı məlumat yoxdur. Taley Allahverdiyevə gəlincə, onun adına Bakı Apelyasiya Məhkəməsinin veb-səhifəsində rast gəlinir. Məlum olur ki, Taley Allahverdiyev 2016-cı ildə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsilə (nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi) təqsirli bilinərək cəzalandırılıb. O, qərardan apelyasiya şikayəti versə də, təmin olunmayıb. İnzibati Xətalar Məcəlləsinin 331-ci maddəsində 400 manat məbləğində cərimə və ya nəqliyyat vasitəsini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulur.