Ağdaşın icra başçısı müavininin oğlu həbs olundu
Avqustun 27-də, saat 00:35-də Ağdaş şəhər sakini, 1990-cı il təvəllüdlü İlqar Həsənov idarə etdiyi və özünə məxsus olan “Infiniti FX35” markalı 90-ZM-111 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş şəhəri ərazisində hərəkətdə olarkən idarəetməni itirərək mağazanın qarşısındakı soyuducu kameralara, daha sonra işıq dirəyinə və 5 saylı orta məktəbin daş hasarına dəyməklə yol-nəqliyyat hadisəsi törədib.
Baş Prokurorluqdan musavat.com-a bildirilib ki, hadisə ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin apardığı araşdırma nəticəsində İ. Həsənovun nəqliyyat vasitəsini idarə etmək hüququna malik olsa da, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyənləşib. Hadisə zamanı İ. Həsənov avtomobildə tək olub və heç bir xəsarət almayıb.
Yol-nəqliyyat hadisəsi nəticəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şahin İbrahimova və “Mərkəzi Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin Ağdaş Elektrik Şəbəkəsinə maddi ziyan dəydiyindən İ. Həsənovun barəsində İnzibati Xətalar Məcəlləsinin 333.3-cü (Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi, zərər çəkmiş şəxsə maddi zərər vurduqda)maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunub.
Ağdaş rayon məhkəməsinin qərarı ilə İ. Həsənov İnzibati Xətalar Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirli bilinib nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 30 gün müddətinə inzibati həbs edilib.
Qeyd edək ki, İ. Həsənov Ağdaş rayon İcra Hakimiyyəti başçısının müavini Əsgərxan Həsənovun oğludur.