azia.az
azia.az

"Qara cümə" fırıldağı: Alıcılar necə aldadılır?

26-11-2021, 15:24

"Qara cümə" fırıldağı: Alıcılar necə aldadılır?
Bu gün dünyada "Black Friday”- yəni "Qara Cümə” günü keçirilir. Bir çox iri şirkətlərdə, ticarət mərkəzləri və mağazalarda yüksək endirim kampaniyaları təqdim olunur. Lakin ölkəmizdə hər il bu günlə bağlı müəyyən problemlər yaşanır. İstehlakçılar adətən endirimlərin reallıqla uyğun olmadığını, əslində məhsul qiymətinin əvvəlcədən bahalaşdırılıb, məhz "Qara Cümə” günündə əvvəlki qiymətinə qaytarıldığını qeyd edirlər.

Bununla bağlı Sfera.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd edib ki, adətən "Qara Cümə” günündən sonra şikayətlər daxil olurdu:

"Lakin dünəndən istehlakçılar müəyyən fikirlər səsləndiriblər. Məsələn, bununla bağlı 5 telefon zəngi gəlib. İstehlakçılar marketləri gəzir, dünənki qiymətləri bilmək, bu günkü qiymətlərin necə olacağını öyrənmək istəyirlər – yəni müqayisə etmək. Nazirlər Kabinetinin 94 saylı qərarına görə, Azərbaycanda satılan bütün malların üzərində maddi məsul şəxsin imzası olan qiymət sənədi olmalıdır. Ancaq bu belə deyil. Biz görürük ki, hətta endirim olan zaman guya köhnə qiymətin üstündən xətt çəkirlər, yeni qiymət yazırlar və s. Əslində, "Qara Cümə” dünyada biznes qurumlarının istehlakçıları qapıdan içəri salmaq üçün bir fəndidir. İstehlakçı dükandan içəri girəndə orada ayrı bir ab-hava olur, xüsusən Azərbaycanda bu özünü daha bariz göstərir”.

Müsahibimizin sözlərinə görə, "Qara Cümə” günlərində bəzi mallar endirimdə olmur, bəzən saxta, vaxtı keçmiş, standarta uyğun olmayan, defektli malların satışı da həyata keçirilir:


"İstehlakçı reklamlara, çağırışlara aludə olur və sonda hüquqlarının pozulma halları müşahidə edilir. Düzdür, hətta 70 faiz də endirimin olması mümkündür. Yəni istehsalçı müəssisəsinin iqtisadi siyasətindən qaynaqlanan bu cür endirimləri təklif edə bilər. Amma bununla bərabər, xüsusilə mürəkkəb texniki mallarda işlənmiş, təmirdən çıxmış, köhnəlmiş malların satışı da baş verir. Ciddi istehlakçı hüquqlarının pozulma hallarından biri də budur ki, "Qara Cümə” günlərində istehlakçı tələbatını ödəməyən mal olduqda, onu dəyişmək və ya qaytarmaq istəyir, amma bunun endirim zamanı alındığını, mümkün olmadığını deyirlər. Bu da qanuna ziddir. Hətta endirim kampaniyaları vaxtı alınmış mallar istehlakçının tələbatını ödəməzsə, onu kassa çeki olmaq şərtilə, 14 gün müddətində dəyişmək və ya qaytarmaq olar – maldan istifadə olunmayıbsa, görünüşü pozulmayıbsa. Bir sözlə, istehlakçıları "Qara Cümə” kampaniyalarına inanmamağa, məhsulları diqqətlə yoxlamağa səsləyirəm. Bir daha qeyd edirəm ki, belə günlər bütün dünyada istehlakçıları aldatmaq üçün biznes qurumlarının oyunudur”.

Qeyd edək ki, "Qara Cümə” ABŞ-da noyabr ayının dördüncü Cümə axşamı günü qeyd olunan Şükranlıq günündən sonrakı cüməyə verilən qeyri-rəsmi addır. 1952-ci ildən bəri Şükranlıqdan sonrakı gün Amerikanın Milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul edilib. Lakin bu günə "Black Friday” adı ilk dəfə 1961-ci ildə qəzetlər tərəfindən qoyulub. Bunun səbəbini isə həmin gün Filadelfiyada alış-veriş üçün nəqliyyatda yaranan "tıxac”lar və digər çətinliklər göstərilmişdi.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi