azia.az
azia.az

Azərbaycan kubokunda paytaxt-əyalət dueli

29-03-2017, 14:35

Azərbaycan kubokunda paytaxt-əyalət dueli


Sabah Azərbaycan kubokunda yarımfinal mərhələsinə start veriləcək.

azia.az apasport.az-a istinadən xəbər verir ki, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra klublar kubok matçına çıxacaq.

Finala vəsiqə iddiasında olan 4 komanda ilk oyunlarını keçirəcək. Bu mərhələnin görüşləri paytaxt - əyalət rəqabəti ilə diqqət çəkir. Belə ki, yarımfinalda Bakı klubları bölgə təmsilçiləri ilə münasibətlərini aydınlaşdıracaq.

İlk oyunlar paytaxt təmsilçilərinin meydanında keçiriləcək. Çempionluq iddiasında olan "Qarabağ"la "Qəbələ" isə səfər sınağında qüvvəsini sınayacaq.

İki cəbhədə - çempionat və kubokda mübarizə aparan bu iki komanda titul qazanmaq üçün gücünü ikinci yarışa səfərbər edən "Neftçi" və "İnter"lə üz-üzə gələcək.

Günün ilk matçı "İnter Arena"da baş tutacaq. Meydan sahibləri "Qəbələ" ilə qarşılaşacaq. Cari mövsümdə rəqibini məğlub edə bilməyən Zaur Svanadzenin yetirmələri Premyer Liqadakı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.

Avropa yığmalarındakı oyunçuları - Sergey Zenyov və Nika Kvekveskiri dünən də millidə meydana çıxan "Qəbələ" üçün isə səfər matçı nisbətən çətin alınacaq. Heyətində zədəlilər də olan "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk həftəsonu baş tutacaq "Zirə" ilə çempionat matçını da düşünmək məcburiyyətindədi.

Günə Azərbaycan derbisi ilə yekun vurulacaq. Söhbət bütün çempionatlarda yüksək liqanın iştirakçısı olan iki komanda - "Neftçi" və "Qarabağ"ın duelindən gedir. Son iki mövsümdə kubokun finalında üz-üzə gələn komandalar bu dəfə yarımfinalda qarşılaşacaq.

Avrokuboklar üçün mübarizə aparan Elxan Abdullayevin yetirmələri qış fasiləsindən sonra xeyli gücləndiyindən ağdamlılardan revanş almaq iddiasındadı. Son oyunlarda rəqibini məğlub edə bilməyən "ağ-qaralar" oyunöncəsi davam etdiriləcək 80 illik yubileyin davamında da azarkeşlərini sevindirməyə iddialıdı.

Ardıcıl iki dəfə "Qızıl dubl"a imza atan Qurban Qurbanovun yetirmələri isə yenidən eyni uğuru təkrarlamaq niyyətindədi. Amma əyalət klubu da çempionatdakı gərgin mübarizəni düşünməli olacaq. Hər iki komandanın legionerləri arasında millidən bu gün qayıtmalı olan futbolçular var. "Qarabağ"da Ansi Aqolli və İbrahim Şehiç, "Neftçi"də isə Georgi Navalovski dünən yığmasının oyununda olub.

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar

30 mart (cümə axşamı)

17:00. "İnter" - "Qəbələ"
"İnter Arena"

19:30. "Neftçi" - "Qarabağ"
8-ci km qəsəbə stadionu


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi