azia.az
azia.az

Jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professor — Qulu Məhərrəmlinin 72 İLLİYİ

Bu gün, 21:32

SÖZÜN MƏSULİYYƏTİNİ DAŞIYAN ÖMÜR:QULU MƏHƏRƏMLİ -72

Azərbaycan jurnalistikasında elə adlar var ki, onlar təkcə bir soyad, bir imza deyil. Onlar bir məktəbdir, bir dövrdür, bir meyardır. Qulu Məhərrəmli də məhz o adlardan biridir. Onun adını çəkəndə sadəcə bir alim, bir professoru xatırlamırıq. Biz bir dövrün televiziyasını, bir dövrün ziyalı məsuliyyətini xatırlayırıq.

EKRANDAN ELMƏ GEDƏN YOL

Filologiya elmləri doktoru, jurnalistika üzrə ölkədə ilk elmlər doktoru, professor. Bu titullar Qulu müəllim üçün sadəcə diplom deyil. Bu, onun keçdiyi çətin, lakin şərəfli yolun təsdiqidir. O Azərbaycan Milli Televiziyasında adi redaktordan rəhbər vəzifələrə qədər yüksələn, efirin mətbəxini içindən bilən, sonra isə təcrübəni elmə gətirən nadir ziyalılardandır. O, efirdə sözün çəkisini, məsuliyyətini müəyyən edən insanlardan olub. Elə bir dövrdə ki, efirə deyilən hər kəlmə milyonların yaddaşına yazılırdı. O dövrdə mikrofon qarşısına keçmək təkcə peşə deyil, həm də böyük məsuliyyət idi. Qulu müəllim bu məsuliyyəti ləyaqətlə daşıyanlardandır.

MÜƏLLİMLİK ƏN BÖYÜK TİTULDUR

Mən xoşbəxtəm ki, gənclik və tələbəlik illərimdə dövlət televiziyasında çalışdığım zaman Sizi yaxından tanımaq şərəfinə nail olmuşam. O illərdə biz gənclər üçün Sizin kabinetiniz sadəcə iş otağı deyildi. Ora məsləhət yeri idi, məktəb idi, sığınacaq yeri idi. Sizi yaxından tanıyan həmkarınız kimi deyə bilərəm ki, Sizi böyüklüyə çatdıran təkcə elmi dərəcəniz deyil. Sizi sevdirən və ucaldan səmimiyyətinizdir, mehribanlığınız, gülər üzünüz və ən əsası, yerində olan, heç kimi incitməyən ciddiliyinizdir. Siz heç vaxt biliyinizi qısqanmadınız. Bu, bu gün az tapılan keyfiyyətdir. Siz bildiyinizi öyrətdiniz, təcrübənizi bölüşdünüz, gənclərə dayaq oldunuz. Doğru yolu göstərməkdən çəkinmədiniz. Sizin üçün Ədalət tribuna üçün deyilən boş söz olmadı, Sizin üçün Ədalət həyat prinsipiniz oldu. Bəlkə də buna görə Sizin tələbələriniz bu gün mətbuatımızın ən etibarlı, ən ləyaqətli yerlərindədir. 

BU GÜNƏ DEYİLƏN SÖZ

Bu gün mətbuatımız sürətlə dəyişir. Texnologiya dəyişir, formatlar dəyişir, efir artıq cibimizdədir. Amma dəyişməyən bir həqiqət var. Bu peşənin mayası olan vicdan, məsuliyyət və sözün qədrini bilmək kimi dəyərlər heç vaxt köhnəlmir. Bu gün bu dəyərlərə olan ehtiyac hər zamankından daha böyükdür.

Məhz buna görə Sizin kimi ziyalıların varlığı bizim üçün sadəcə bir ad deyil, bir arxadır, bir güvənc yeridir. Siz var olduqca, biz əminik ki, Azərbaycan jurnalistikasında ləyaqət, peşəkarlıq və vicdan anlayışı da var olacaq.

Hörmətli Qulu müəllim, Siz 72 yaşınızı qeyd etdiniz. Keçdiyiniz bu şərəfli və mənalı ömür yolu təkcə Sizin  deyil, bütövlükdə milli mətbuatımızın tarixidir.

Bu münasibətlə Sizə Allahdan möhkəm cansağlığı, bərəkətli, hüzur dolu, mənalı uzun ömür diləyir və iş fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Var olun, Varlığınızla Var olaq.

Dərin hörmət və ehtiramla, həmkarınız Nəzakət Rəşidli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi