Azərbaycan Premyer Liqasının 2016/17 mövsümünün daha bir mükafatçısı bəlli olub.azia.az apasport.az-a istinadən xəbər verir ki,"Qarabağ"ın ardından "Qəbələ" də ilk "üçlük"də yerini təmin edib.
Buna XXIII turun nəticələri səbəb olub. AZAL-la səfər oyununda (1:1) xal itirən Roman Qriqorçukun yetirmələri 4-cü pillədə qərarlaşan "Zirə" üçün əlçatmaz olub. Sonuncular "Qarabağ"la qolsuz heç-heçə etdikdən sonra 2-ci yerlə xal fərqi 17-də qalıb.
Hazırda "Qarabağ"dan 2 xal geridə qərarlaşan "Qəbələ"nin 47, 3-cü olan "İnter"in 39 xalı varsa, "Zirə" 30 xala malikdi. Mövsümün sonuna 5 tur qaldığından zirəlilər bütün görüşlərdə qalib gəlsə də, 15 xal əldə edəcək. Belə nəticə də 2-ci yerə çatmağa yetərli deyil. Bu isə o deməkdi ki, "Qarabağ"la çempionluq mübarizəsi aparan "Qəbələ" finişə 5 tur qalmış mükafat qazanacağını rəsmiləşdirib.
İlk "üçlük"dəki yer avrokuboklara vəsiqə verdiyi üçün "Qəbələ" qitə kuboklarında iştirakını da təmin edib. Əyalət klubu ən pis halda Avropa Liqası, liderlik savaşında qalib gəlsə, Çempionlar Liqasında mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycanı avrokuboklarda çempionatda ilk 3 yeri tutan komanda və kubokun qalibi təmsil edir. Sonuncu komanda Premyer Liqada "üçlük"də yer alsa, 4-cü pillənin sahibi də Avropaya yollanır.