azia.az
azia.az

Mərkəzi Elmi Kitabxanada Zəfər Gününə həsr olunmuş lektoriya keçirilib

Bu gün, 17:30

Mərkəzi Elmi Kitabxanada Zəfər Gününə həsr olunmuş lektoriya keçirilib

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Noyabr – Zəfər Günü münasibətilə “8 Noyabr – Tarix yazanlar, zəfər qazananlar günü” adlı lektoriya keçirilib.

 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

 Tədbiri giriş nitqi ilə MEK-in direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov açaraq 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Qələbə münasibətilə tədbir iştirakçılarını təbrik edib. Direktor çıxışında bu Zəfərin yalnız hərbi uğur deyil, həm də milli birliyin, xalq-dövlət həmrəyliyinin və Prezident İlham Əliyevin uzaqgörən siyasətinin parlaq təzahürü olduğunu qeyd edib. Hüseyn Hüseynov bildirib ki, Mərkəzi Elmi Kitabxananın qarşısında duran əsas vəzifələrdən biri tarixi Qələbənin yaddaşlarda yaşadılması, onun gələcək nəsillərə dolğun və obyektiv şəkildə çatdırılmasıdır. Direktor, MEK-in bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcəyini diqqətə çatdırıb.

 Daha sonra Mərkəzi Elmi Kitabxananın Gənc Alimlər və Mütəxəssislər Şurasının sədr müavini, Sənədlərlə iş şöbəsinin baş mütəxəssisi, Azərbaycan İqtisad Universitetinin doktorantı Könül Hüseynova “Tarixi Zəfərdən innovativ gələcəyə addımlayan Azərbaycan gəncliyi” adlı məruzə ilə çıxış edib. Məruzədə 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının müasir tarixindəki mühüm yeri və tarixi əhəmiyyəti diqqətə çatdırılıb. Vətən müharibəsində əldə olunan Qələbənin milli birlik, dövlətçilik iradəsi və vətənpərvərlik ruhunun təcəssümü olduğu vurğulanıb. Bildirilib ki, tarixi Zəfərin gələcək nəsillərə ötürülməsi gənclərin üzərinə mühüm məsuliyyət qoyur. Bu baxımdan, milli-mənəvi dəyərlərin qorunması, tarixi yaddaşın yaşadılması və nəsillərarası bilik mübadiləsinin gücləndirilməsinin vacibliyi qeyd olunub. Məruzəçi Azərbaycanın gələcək inkişafında gənclərin rolundan bəhs edərək elm, təhsil və innovasiyanın əhəmiyyətini önə çəkib. Müasir dövrdə rəqəmsal bacarıqların artırılması, süni intellekt texnologiyalarının mənimsənilməsi və elmi tədqiqatlara marağın gücləndirilməsinin zəruriliyi vurğulanıb. Eyni zamanda, gənclərin insan kapitalının inkişafına, iqtisadi tərəqqiyə və ölkənin beynəlxalq əlaqələrinin genişlənməsinə töhfə verməsinin əhəmiyyəti diqqətə çatdırılıb. Qeyd edilib ki, tarixi nailiyyətlərin davamlı inkişaf uğurlarına çevrilməsi savadlı, təşəbbüskar və innovativ düşüncəli gənc nəslin formalaşmasından asılıdır. Sonda Zəfər irsinin qorunması və gələcək nəsillərə ötürülməsinin hər bir gəncin vətəndaşlıq məsuliyyəti olduğu bildirilib.

 “Şəhid Analarına dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş əsgər Əbdülməcid Axundovun anası Ceyran Axundova

torpaqlarımızın azad olunduğunu eşidəndə dərindən bir ah çəkdiyini,  şəhidlərimizin qanının yerdə qalmadığını qeyd etdi. “Axı bu günün təməli Aprel döyüşlərində qoyulmuşdu. Əbdülməcidin məzarı üstündə and içmişdim ki, əgər torpaqlarımız azad olunsa, bir də ağlamayacam” - deyə şəhid anası söyləyib. Ə.Axundovun Azərbaycan Milli Ordusunda xidmət etdiyi müddətdə göstərdiyi şücaətləri, mərdliyi, qorxmazlığı, vətənpərvərliyindən bəhs edən “Savaşçı” adlı kitabı MEK-ə hədiyyə edib.

 44 günlük Vətən müharibəsində şəhid olan Kamran Qasımovun anası Nailə Qasımova çıxışında ailələrinin müxtəlif dövrlərdə Vətənin müdafiəsi uğrunda altı şəhid verdiyini vurğulayaraq, bu itkilərin ailələri üçün böyük ağrı olmaqla yanaşı, Vətənə bağlılığın və fədakarlığın nümunəsi olduğunu qeyd edib.

Azərbaycan Silahlı Qüvvələrində 23 il xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qazi Ədalət Məmmədov Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının Azərbaycan dövlətçiliyinin xilasında və sonrakı Qələbənin təməlində dayandığını vurğulayıb. Qazi bildirib ki, Heydər Əliyev müstəqil Azərbaycanın siyasi, iqtisadi və beynəlxalq mövqelərini gücləndirməklə, gələcək Zəfərin ideya əsaslarını formalaşdırıb.

 

Azərbaycan Silahlı Qüvvələrində 12 il xidmət etmiş, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, qazi Elvin Vəliyev Mərkəzi Elmi Kitabxananın Azərbaycanın zəfər tarixini, şəhid və qazilərimizin rəşadətini yaşatmaq, genişmiqyaslı təbliğat və maarifləndirmə fəaliyyətini təqdirəlayiq qiymətləndirib.

Qazi Ülvi Qurbanov çalışdığı təhsil müəssisəsində şagirdlərinə idmanla yanaşı, həm də mənəvi dəyərləri, psixoloji dözümlülüyü və vətənpərvərliyi aşıladığından danışıb.

 

Vətən müharibəsi şəhidi Elşən Müslümovun anası Şövqiyyə Müslümova torpaqlarımızın azadlığı uğrunda əldə edilən şanlı Qələbədə onun oğlunun da payı olduğundan qürurla danışıb.

Vətən müharibəsi şəhidi Samir Paşayevin anası Gültəkin Paşayeva övladının həm savadı, həm də döyüşdəki qorxmazlığı ilə hər kəsə nümunə olduğunu ifadə edərək,  

“Vətən səninlə fəxr edir” adlı kitabı MEK-ə hədiyyə edib.

Mərkəzi Elmi Kitabxanada könüllü kimi fəaliyyət göstərən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Mehriban Əhmədovanın  “Qalibiyyət dastanı” adlı şeiri qiraət etməsi maraqla qarşılanıb.

Tədbirdə Qarabağ Müharibəsi Qəhrəmanları Fondunun rəhbəri Röksanə Səfərzadə çıxış edərək şəhid qardaşı Babək Səmidlinin həyat və döyüş yolu, hərbi əməliyyatlar zamanı göstərdiyi igidliklər haqqında ətraflı məlumat verib. Qələbənin qazanılmasında payı olan bütün şəhidlərin ruhunun artıq şad olduğunu qeyd edib.

Lektoriya zamanı Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbəni və onun Azərbaycan dövlətçiliyinin inkişafında açdığı yeni mərhələni əks etdirən kitab sərgisinə baxış keçirilib.

 

Sonda şəhid ailələri və qazilər “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət edib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi