azia.az
azia.az

Eldar Nuriyev: Apellyasiya Şurasının yaradılması iş adamlarının hüquqlarının müdafiəsinə əlavə təminatdır

24-02-2016, 21:23

Eldar Nuriyev: Apellyasiya Şurasının yaradılması iş adamlarının hüquqlarının müdafiəsinə əlavə təminatdır Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanı ilə Apellyasiya Şuraları yaradılıb və onların Əsasnaməsi təsdiq edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının sədri, Prezident Administrasiyasının dövlət nəzarəti şöbəsinin müdiri Eldar Nuriyev müsahibəsində yeni qurumların yaradılması və fəaliyyəti ilə bağlı bəzi məqamlara aydınlıq gətirib.
Gün.Az Azərtac-a istinadən müsahibəni təqdim edir.
- Eldar müəllim, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasının yaradılması zərurəti nədən irəli gəlib? Şuranın fəaliyyətinin əsas istiqamətləri barədə məlumat verməyinizi xahiş edirik.

-Prezidentin müvafiq Fərmanı ilə təsdiq edilmiş Əsasnamədə Apellyasiya Şurasının mahiyyəti, vəzifə və hüquqları, fəaliyyətinin təşkili, iclaslarının keçirilməsi qaydası, digər məsələlər kifayət qədər dolğun və ətraflı təsbit edilib. Bununla belə, geniş ictimaiyyətə, xüsusən sahibkarlara izah edilməsinə ehtiyac duyulan bəzi məqamlar üzərində dayanmaq istərdim.
Respublikada ilk dəfə yaradılan Apellyasiya Şurası ölkə başçısının yeni iqtisadi şəraitdə həyata keçirdiyi inkişaf strategiyasına uyğun olaraq, sahibkarlığın stimullaşdırılması, təşviqi, iş adamlarının hüquqlarının etibarlı müdafiəsi, sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin müraciətlərinə baxılması, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən yuxarı orqana şikayət verilməsi mexanizminin təkmilləşdirilməsi məqsədilə yaradılıb.
Bu qurumun yaradılması iqtisadi islahatlar sahəsində uğurla həyata keçirilən dövlət siyasətinin tərkib hissəsidir. Fərmanın məzmunundan göründüyü kimi, Şuraya çox vacib funksiyaların yerinə yetirilməsi, iş adamlarının fəaliyyətinə mane olan, onların işini əngəlləyən amillərin aradan qaldırılması, şikayətlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi, əsaslı müraciətlərin təmin edilməsi, korrupsiya, sui-istifadə, digər neqativ hallar müəyyən edildikdə tədbir görülməsi üçün prokurorluq orqanlarına müraciət edilməsi həvalə olunub.
Həmin funksiyaların icrası ölkədə sistemli şəkildə həyata keçirilən iqtisadi islahatların, aparılan antikorrupsiya siyasətinin ayrılmaz tərkib hissəsi olmaqla yanaşı, sahibkarlıq sahəsində ciddi qayda yaradılmasına, sivil biznes mühitinin formalaşmasına, qanun pozuntularının, mənfi təzahürlərin aradan qaldırılmasına, sahibkarlığın və iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verəcək.
Şura sahibkarlıq sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslərlə dövlət qurumları, daha dəqiq desək, sahibkarlarla mərkəzi və yerli icra hakimiyyəti orqanları arasında yaranmış mübahisələrin səlahiyyətləri çərçivəsində tam, hərtərəfli və obyektiv araşdırılmasını, qanuni və ədalətli qərarların qəbul olunmasını təmin edən kollegial orqandır.
Apellyasiya Şurasının yaradılması özəl sektorda çalışan iş adamlarının hüquqlarının müdafiəsinə, geniş mənada ölkədə sahibkarlığın inkişafına əlavə təminatdır. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin icra strukturlarına etdikləri şikayətlərə baxılmadıqda və ya qəbul edilmiş qərarlar mübahisə doğurduqda onlar birbaşa mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarına, onların qərarından narazı qaldıqları təqdirdə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına şikayət vermək imkanı əldə ediblər.
Maraqlı və vacib məqamlardan biri ondan ibarətdir ki, sahibkar Şuraya müraciət etdiyi gündən mübahisənin həlli prosesində iştirak imkanı qazanacaq. Bu mexanizm, öz növbəsində, şikayətlərə və qaldırılan məsələlərə aşkarlıq şəraitində, şəffaf prosedurlar əsasında baxılmasına, sahibkarlığın inkişafına mane olan bürokratik əngəllərin aradan qaldırılmasına, korrupsiya və sui-istifadə hallarına qarşı daha səmərəli mübarizə aparılmasına, fəaliyyət prosesində yaranan problemlərin operativ və obyektiv həllinə, sahibkarların normal işləməsinə, onların dövlətə inamının artmasına imkan yaradacaq.

-Prezident yanında Apellyasiya Şurasının fəaliyyətə başlaması üçün hazırda hansı addımlar atılır?

-Vaxt gözləmir. Biz Azərbaycan Prezidentinin tapşırıqlarının qısa müddət ərzində yerinə yetirilməsi üçün təşkilati-texniki tədbirlərin görülməsi, Şuranın maddi-texniki bazasının yaradılması, informasiya təminatının, internet saytının formalaşdırılması, bununla da Şuranın fəaliyyətə hazır vəziyyətə gətirilməsi işlərinə Fərmanın dərc olunduğu gündən başlamışıq. Apellyasiya Şurasının fəaliyyət istiqamətlərinin müəyyən olunması üçün onun üzvlərinin iştirakı ilə bir neçə müşavirə keçirilib, qarşıda duran vəzifələr ətraflı müzakirə edilib. İşlərin sistemli şəkildə aparılması məqsədilə Tədbirlər Planı təsdiq olunub, tapşırıqların icra müddəti, məsul şəxslər müəyyənləşdirilib.
Artıq nəticələr də var. Katibliyin rəhbəri və üzvləri müəyyən edilib, Şuranın normal fəaliyyət göstərməsi üçün müasir tələblərə cavab verən, texniki avadanlıqlarla təchiz olunan iclas zalı, xidməti otaqlar ayrılıb, şikayətlərin uçotu və elektron qeydiyyatı sistemi qurulub, Şuraya daxil olan şikayətlərə baxılması prosedurlarını tənzimləyən Təlimat təsdiq edilib, Şuranın möhürü, blankı, sənədlərin nümunələri hazırlanıb, digər tədbirlər həyata keçirilib. Şuranın fəaliyyətə başlaması üçün zəruri olan işlər yekunlaşmaq üzrədir.

-Mərkəzi və yerli icra strukturları yanında şuraların yaradılması prosesi necə gedir?

-Biz yerli və mərkəzi icra hakimiyyəti orqanlarında Apellyasiya şuralarının yaradılması istiqamətində də işlərimizi davam etdiririk. Bu məqsədlə Fərman dərc olunandan dərhal sonra bütün mərkəzi və yerli icra hakimiyyəti orqanlarına rəsmi məktublar göndərilib, Şura üzvlərinin və katibliyinin tərkibinin təsdiq edilməsi, Şuranın qısa müddətdə şikayətlərə baxılmasına hazır vəziyyətə gətirilməsi tapşırılıb.
Bir çox mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya şuraları artıq yaradılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuraları arasında qarşılıqlı fəaliyyətin tənzimlənməsinə dair Metodiki Təlimat hazırlanıb. Yaxın günlərdə Apellyasiya şuralarında işin təşkili və fəaliyyəti ilə bağlı müşavirənin keçirilməsi planlaşdırılır.
Qeyd etdiyim kimi, bu istiqamətdə işlər hazırda davam etdirilir və qısa zamanda şuraların fəaliyyətə başlaması üçün bütün zəruri məsələlər öz həllini tapacaq.

-Apellyasiya şuralarına kimlər müraciət edə bilər? Bizdə olan məlumata görə, şikayətlər artıq daxil olmaqdadır.

-Qanunvericiliyin tələbinə əsasən sahibkarlıq fəaliyyəti göstərən bütün hüquqi və fiziki şəxslər özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara dair müraciətlər istisna olmaqla) tam və ya qismən narazı olduqları halda müvafiq Apellyasiya şuralarına təkrar şikayət edə bilərlər.
Prezident yanında Apellyasiya Şurasına isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya şuralarının qəbul etdiyi qərarından, qərarların qəbul edilməsindən imtinadan, habelə hərəkət və ya hərəkətsizliyindən narazı olan sahibkarlar qanunvericiliyin tələblərinə əməl etməklə şikayət verə bilərlər. Bir vacib məsələni təkrar vurğulamaq istəyirəm, şikayətlərin verilməsi və baxılması qanunvericiliyin tələbləri ciddi gözlənilməklə həyata keçirilməlidir.
Həqiqətən də Prezident yanında Apellyasiya Şurasına son bir neçə gün ərzində ayrı-ayrı orqanların qəbul etdiyi qərarlardan müxtəlif məzmunda xeyli şikayət daxil olub və onların sayı günbəgün artmaqdadır. Proqnozlara əsasən artım dinamikası bundan sonra da davam edəcək.
Şikayətlərin sayının azaldılması və lüzumsuz artmasının qarşısının alınması üçün ilk növbədə yerli və mərkəzi icra hakimiyyətləri zəruri tədbirlər görməli, sahibkarların müraciətlərinə məsuliyyətlə yanaşmalı, şikayətlərinə vaxtında və düzgün baxmalı, qanuni tələb və xahişləri təmin etməli, bürokratik amilləri, süründürməçilik hallarını, nöqsan və çatışmazlıqları aradan qaldırmalıdırlar.
Sahibkarlar da şikayət verilməsinə məsuliyyətlə yanaşmalı, hüquq və vəzifələrini yaxşı bilməli, qanunvericiliyin müddəalarına ciddi əməl etməli, əsassız iddialar irəli sürməməli, lüzumsuz şikayətlər verməkdən çəkinməlidirlər.
Eyni zamanda, Apellyasiya şuraları sahibkarların şikayətlərinə vaxtında, obyektiv baxmalı, qanuni qərarlar qəbul etməlidirlər.
Hazırda Şuraya daxil olan şikayətlərin təhlili göstərir ki, sahibkarlar qanunvericiliyin müddəalarını kifayət qədər düzgün təfsir etmir, icrası zəruri olan tələbləri, prosedur qaydaları pozurlar. Bu hal son nəticədə şikayətlərə baxılmasından imtinaya, baxılmamış saxlanmasına, mübahisənin həllini tapmamasına, şikayətin aidiyyəti üzrə göndərilməsinə, onların sayının süni artmasına gətirib çıxarır, vaxt itkisinə, əlavə iş yükünə, məsrəflərə səbəb olur.
Əvvəla onu deyim ki, Apellyasiya şuralarına şikayətləri yalnız sahibkarlar, onların qanuni nümayəndələri verə bilərlər və bu şikayətlər yalnız sahibkarlıq fəaliyyəti ilə, eləcə də onların özlərinə aid sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. Göründüyü kimi, bütün hallarda bu üç şərt gözlənilməlidir. Bundan əlavə, sahibkarlar şikayətin verilməsinin prosedur qaydalarına, şikayətin forma və məzmununa, digər tələblərə əməl etməlidirlər. Əks təqdirdə, qanunvericiliyə müvafiq olaraq, onların şikayətlərini həll etmək imkan xaricində olacaq.

-Mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti və səlahiyyətləri barədə nə deyə bilərsiniz?

-Mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarının fəaliyyəti barədə geniş danışmaq hələ tezdir, amma səlahiyyətləri barədə qısa məlumat vermək yerinə düşərdi.

Həmin şuralar öz səlahiyyətləri daxilində müvafiq orqanlara sorğular göndərmək, zəruri sənədlər əldə etmək, icra orqanlarının tabeliyində olan qurumların vəzifəli şəxslərini iclaslara dəvət etmək, izahatlar almaq, mövcud problemlərin həlli istiqamətində yazılı göstərişlər vermək, icra strukturlarında, tabe qurumlarda xidməti fəaliyyətlə bağlı kobud nöqsanlara, hüquq pozuntularına yol verildiyi halda, həmin şəxslərin barəsində tədbir görülməsi təklifi ilə hüquq mühafizə orqanlarına müraciət etmək səlahiyyətinə malikdirlər. Bu təsir mexanizmi mərkəzi və yerli icra hakimiyyəti orqanlarını daha məsuliyyətli olmağa, sahibkarların şikayətlərinə qayğı ilə yanaşmağa, əsaslı şikayətlərini tez bir zamanda həll etməyə sövq edəcək.

Ən çox müzakirə olunan mövzulardan biri də şuraların tərkibinin formalaşdırılması ilə bağlıdır. Düşünürəm ki, şuraların tərkibinə öz işini mükəmməl bilən, şəxsi keyfiyyətləri və peşəkarlığı ilə seçilən, obyektiv, ədalətli, qərəzsiz mövqe tutan, xidməti vəzifələrini vicdanla yerinə yetirən, məsuliyyətini dərk edən şəxslər daxil ediləcək.

-Prezident yanında Apellyasiya Şurası mərkəzi və yerli icra hakimiyyətlərinin Apellyasiya şuralarına nə kimi kömək göstərir və bu qurumlar arasında münasibətlər necə tənzimlənəcək?

-Prezident yanında Apellyasiya Şurası yerlərdə yaradılmış şuralara hərtərəfli təşkilati və hüquqi yardım göstərməkdədir. Bu kömək əsasən qarşılıqlı fəaliyyət göstərilməsini, ümumi bazanın - elektron informasiya təminatı sisteminin təşkilini, maarifləndirmə işlərinin aparılmasını, hər hansı bir məsələnin həllinə təşkilati dəstək verilməsini nəzərdə tutur.
Bu, öz növbəsində, şuralarda işlərin yüksək tələblər səviyyəsində qurulmasına və işgüzar əməkdaşlığa imkan yaradacaq. Apellyasiya şuraları ölkəmizdə ilk dəfə yaradıldığından təşkilati məsələlərin xeyli hissəsi iş qaydasında, müvafiq tövsiyələr və təkliflər verilməklə, fikir mübadiləsi aparılmaqla həll edilir və biz bu sahədə köməyimizi əsirgəmirik.
Qeyd edim ki, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında yaradılmış şuralar qərarların qəbul olunmasında tam müstəqildir. Qərar qəbul edilərkən onlar işin hallarına, toplanmış təsdiqedici sənədlərə əsaslanmalı, qanunvericiliyin tələblərini, ədaləti rəhbər tutmalıdırlar. Bu qurumların fəaliyyətinə müdaxilə, təsir, qeyri-prosessual münasibətlər yolverilməzdir və belə hallara göstərilən cəhdlərin qarşısı qətiyyətlə alınacaq.
Çoxpilləli sistemin tətbiqi şikayətlər üzrə hər bir araşdırmaya, qəbul edilən hər bir qərara obyektiv, şəffaf, qərəzsiz yanaşma məsuliyyəti yaradır. Qeyd etdiyim kimi, əgər sahibkar verilmiş qərardan narazı qalarsa, qanunvericiliyin tələblərinə əməl etməklə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurasına müraciət edə bilər. Əgər Şura mərkəzi və yerli icra hakimiyyətinin Apellyasiya Şurasının şikayətə qeyri-obyektiv, qərəzli baxdığını, qanunvericiliyin tələbini pozduğunu, açıq-aşkar əsassız qərar çıxardığını müəyyən edərsə, bu, hüquqi nəticələr yaradacaq, qərarı qəbul edən şəxslərin barəsində müvafiq tədbirlər görülməsi mexanizminin işə düşməsinə hüquqi əsas olacaq.
Ölkə başçısının imzaladığı fərmanlar hazırda bütün dünyanı bürümüş dərin iqtisadi böhran şəraitində respublikamızda sahibkarlığın dinamik inkişafında, yeni müəssisələrin və iş yerlərinin açılmasında son dərəcə aktual əhəmiyyət kəsb edir. Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Prezidentinin tapşırıqları mütləq qaydada, qüsursuz və şərtsiz yerinə yetirilməlidir.
Fərmanda sahibkarlarla icra strukturları arasında mübahisəli məqamların operativ və obyektiv araşdırılması, sahibkarlıq fəaliyyətinə əngəl törədən amillərin, qanunsuzluq və özbaşınalıqların, bürokratik süründürməçilik hallarının, əsassız müdaxilə və tələblərin qarşısının qəti şəkildə alınması, onlara son qoyulması üçün bütün zəruri mexanizmlər nəzərdə tutulub və zərurət yarandıqda onlardan yetərincə istifadə ediləcək.
Onu da bildirməyi zəruri hesab edirəm ki, şuraların işinə nəzarət Azərbaycan Prezidentinin daim diqqət mərkəzində olacaq. Belə ki, biz görülən işlər və bu sahədəki vəziyyətlə bağlı dövlət başçısına ildə iki dəfə hesabat təqdim edəcəyik.
Müsahibənin sonunda oxuculara, bütün sahibkarlara onu da bildirmək istəyirəm ki, Şura təsirli nəzarət mexanizmi kimi çevik fəaliyyət göstərən işlək qurum olacaq, Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələri layiqincə yerinə yetirəcək, sahibkarların əsaslı şikayətlərini, yaranan problemləri qısa müddətdə, onlar üçün asan yolla həll edəcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi