azia.az
azia.az

Qərb Bakının önəmini bir daha anladı

30-03-2016, 09:51

 Qərb Bakının önəmini bir daha anladı 2013-cü ildə ABŞ prezidenti Barak Obama IV Nüvə Təhlükəsizliyi Sammitinin (Nuclear Security Summit 2016) Vaşinqtonda keçiriləcəyini bəyan etmişdi. Bu sammit qlobal miqyasda nüvə təhlükəsizliyinin təminatı məsələlərinin dövlət və hökumət başçıları arasında müzakirə ediləcəyi formatda son toplantı olacaq.
Ağ Ev yetkililərinin dediklərinə görə, Birləşmiş Ştatlar dünya standartları çərçivəsində nüvə təhlükəsizliyinin beynəlxalq sisteminin möhkəməndirilməsinə çalışır.
"Belə sistem ölkələrin nüvə təhlükəsizliyi ilə bağlı əminliyini artırır, habelə nüvə silahının hazırlanmasında istifadə edilə biləcək materiallar ehtiyatlarının artırılmasına yönəlmiş işlərin zəiflədilməsinə xidmət edir", - Ağ Evin açıqlamasında bildirilir.
Barak Obama hələ 7 il əvvəl, 2009-cu ildə Praqadakı çıxışında nüvə terrorizmini beynəlxalq təhlükəsizliyin üzləşdiyi ən ciddi, fövqəladə təhdid kimi dəyərləndirmişdi.
Qlobal miqyasda nüvə təhlükəsizliyinin təminatı məsələlərinin müzakirə olunduğu ilk sammit 2010-cu ildə Vaşinqtonda keçirilmişdi. Sonralar belə forumlar 2012-ci ildə Cənubi Koreyanın paytaxtı Seulda və 2014-cü ildə Hollandiyanın Haaqa şəhərində olmuşdu.
Ötən 3 sammiti sərt tənqid edənlər az olmasa da, fakt göz qarşısındadır: məhz bu toplantılar nüvə materiallarının təhlükəsizliyinin təminatı və ən başlıcası, nüvə təhlükəsizliyinə nail olmağa imkan verən beynəlxalq institutların möhkəmlənməsi istiqamətində real irəliləyişlərin əldə olunmasında mühüm rol oynadı.
Ümumiyyətlə, sammitin məqsədini və şüarını qısa şəkildə belə səciyyələndirmək olar: "Radioaktiv materialların yanlış əllərə düşməsinin qarşısını necə almalı?!"
Çox maraqlıdır ki, dünyanın aparıcı nüvə dövlətlərindən biri olan Rusiya Vaşinqtondakı sammiti nümayişkaranə şəkildə eyninə almır. Bu ilin əvvəlində Rusiyanın XİN-i "belə sammitlərin siyasi gündəmini tükənmiş sayırıq" bəyanatı ilə çıxış etmişdi. Fəqət dünyanın digər dövlətləri belə düşünmədiklərindən problemi ölkə və hökumət başçıları səviyyəsində müzakirə etmək niyyətindədir.
Avropa ölkələrində, xüsusilə də son vaxtlar Fransa və Belçikanın paytaxtlarında törədilən məşum terror aktları göstərdi ki, terrorçular Qərb ölkələrinin az qala mükəmməl saydıqları, supereffektiv qismində qələmə verdikləri mürəkkəb təhlükəsizlik sistemlərini asanlıqla dəf edə bilirlər. Paris və Brüsseldəki teraktların ziyanları böyükdür. Lakin terrorçuların, xüsusilə də İŞİD mənsublarının əllərinə nüvə materiallarının düşəcəyi təqdirdə itkilər sadəcə, dəhşətli ola bilər.
"Heritage Foundation"ın eksperti Maykl Dodcun fikrincə, radioaktiv materialların təhlükəsizliyinin təminatı ilə başlıca problem odur ki, belə materiallardan "çirkli nüvə bombası" hazırlamaq üçün istifadə oluna bilər. Bu da həddən ziyadə ciddi təhlükədir.
Martın əvvəlində İraqın hakimiyyət dairələri İŞİD-i Kərkük şəhəri yaxınlığında kimyəvi silahdan istifadə etməkdə suçladı. Terrorçuların həmin hücumunda 600 iraqlı zəhərlənmişdi.
Bəs belədirsə, İŞİD nüvə materiallarını ələ keçirərsə nə olar?!
"Partnership for Global Security"nin eksperti Mişel Kan deyir: "İŞİD terrorçularının nüvə və ya radioaktiv materialları ələ keçirmələri ehtimalı onların əsl nüvə silahı yaratmaq şansından dəfələrlə çoxdur. Əslində, İŞİD-ə nüvə silahı o qədər də gərək deyil. Terrorçuların məqsədi dünyada çox ciddi problemlər yaratmaqdır. Bu səbəbdən də radioaktiv materiallarla doldurulmuş "çirkli bomba" çox böyük itkilər verərək tələfatlar yarada bilər".
Belə ssenarinin qarşısını isə yalnız təhlükəsizlik və nəzarət tədbirlərinin gücləndirilməsi ala bilər.
Dünyanın müxtəlif ölkələrində indiyədək 1500 kiloqramdan artıq zənginləşdirilmiş uran və plutonium utilləşdirilib. 2010-cu ildən bəri daha 12 ölkə yüksək zənginləşdirilmə dərəcəsinə malik urandan qurtulub.
Fəqət, bu işlər və səylər yetərli deyil, çünki radioaktiv materialların hətta kiçik miqdarının terrorçuların əlinə keçməsi faciələrə səbəb ola bilər.
Sarkisyanla görüş nəzərdə tutulmayıb
"Bu dəfə Vaşinqtonda prezidentlərin görüşünü təşkil etmək planımız yoxdur. Ancaq biz bu il prezidentlər arasında dialoqu intensivləşdirməyə hazırıq", - ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçiriləcək nüvə təhlükəsizliyi sammiti çərçivəsində prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın görüşünün mümkünlüyü barədə Turan agentliyinin sorğusu ilə bağlı şərhində bildirib.
"Mən Dağlıq Qarabağ prosesinin inkişafını müzakirə etmək üçün digər həmsədrlərin adından tərəflərlə görüşməyi planlaşdırıram", - C.Uorlik vurğulayıb.
Ermənistan prezidenti Serj Sarkisyan artıq ABŞ-a yollanıb.
Vaşinqton Bakı ilə əməkdaşlığı gücləndirəcək
ABŞ prezidenti Barak Obama bəyan edib ki, IV Nüvə Təhlükəsizliyi Sammitində müzakirə ediləcək məsələlər arasında İŞİD-lə mübarizə və bu terror qruplaşmasının məhvi ilə bağlı problemlər də olacaq.
Və bu, gerçəkdən də aktual məsələdir.
50-dən artıq dövlət və hökumət başçılarının, habelə beynəlxalq təşkilatların rəhbərlərinin qatılacaqları sammit qlobal geosiyasətdə yeni konturların müəyyənləşdiriləcəyi toplantı rolunu oynayacaq.
Belə sammitdə Azərbaycan prezidenti İlham Əliyevin iştirakı çox önəmli hadisədir. Olayın əhəmiyyəti Bakı qədər, Qərb üçün də vacibdir.
Azərbaycan qlobal təhlükəsizliyin təminatı və xüsusilə də beynəlxalq terrorizmlə mübarizədə indiyədək ən fəal ölkələrdən biridir. Yaxın Şərq və Ön Asiya kimi xaosa sürüklənən bölgələrə qonşu olan ölkəmiz faktiki olaraq bu bölgələrlə Avropa arasında səddə çevrilib. Azərbaycan illərdir ki, terrorizmlə mübarizə aparan ölkələrin ən etibarlı, effektiv tərəfdaşı qismində bəhs etdiyimiz istiqamətdə effektiv fəaliyyət göstərir.
İraq və Əfqanıstanda beynəlxalq antiterror kontingentinin heyətində hərbçilərlə təmsil olunan ölkəmiz eyni zamanda radikal dini cərəyanlar, totalitar qruplaşmalar və bəşəri dəyərlərə düşmən kəsilən qüvvələrə qarşı sipərlər arasında yer alan ölkələrdən biri sayılır.
Qərb bunu anlayır və Azərbaycanın yerləşdiyi coğrafiyadakı mürəkkəb situasiyaya, Dağlıq Qarabağ münaqişəsinə, ərazilərimizin 20 faizinin Ermənistan tərəfindən irşğalına rəğmən rəsmi Bakının antiterror praktikasında zərrə qədər ətalətli davranmadığını da dərk edir.
Eyni zamanda, Azərbaycan qlobal nüvə təhlükəsizliyinin təminatı sahəsində də Qərbin etibarlı tərəfdaşlarıdır.
Azərbaycanın dövlət başçısının Vaşinqton sammitində iştirakı bu baxımdan Qərblə ölkəmiz arasındakı əlaqələrin, xüsusilə də ABŞ-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə, intensivləşməsinə xidmət edəcək olaydır.
İlham Əliyevin sammitə qatılması həm də ABŞ-ın ölkəmizin siyasətinə, regional proseslərdəki roluna və geosiyasi çəkisinə verdiyi dəyərdir. Birləşmiş Ştatlar regiondakı münaqişələrin çözülməsində Azərbaycanın mühüm rol oynadığını, daha doğrusu, bu rolu daha da artıra biləcəyini vurğulayıb və məhz bu səbəbdən də böyük enerji layihələrini aktiv şəkildə həyata keçirən Azərbaycanın bölgədə siyasi mütənasibliyin bərpası, qüvvələr nisbətinin təhlükəli istiqamətə dəyişikliklərə meyllənməsinin qarşısının alınması, regional sülh və təhlükəsizliyin təminatı, xüsusilə də geostrateji qarşıdurmaların yarana biləcəyi məqamlarda taktiki vasitəçilik edə biləcəyini bilir.
ABŞ ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlər daim yüksələn xətlə inkişaf etdiyindən Vaşinqton sammiti bu prosesi daha da sürətləndirəcək.
Səbəb sadədir: Azərbaycan indi Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olmaqla yanaşı, regionun aparıcı siyasi mərkəzlərindən birinə çevrilib. Taleyüklü siyasi, strateji, iqtisadi və digər məsələlərin həllində Azərbaycanın mövqeləri mütləq şəkildə nəzərə alınır: xüsusilə də Suriya və İraqdakı savaş, Gürcüstandakı situasiya, Türkiyə ilə Rusiya arasındakı münasibətlərin çağdaş durumu ilə bağlı yaranmış problemlərin həllində rəsmi Bakının mövqelərinin səbatlılığı xüsusilə seçilir.
Azərbaycan prezidenti İlham Əliyevin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirakı Vaşinqton-Bakı münasibətlərinin daha sürətli inkişafına yeni impuls rolunu oynamaqla yanaşı, Qərb ilə Bakının tərəfdaşlığı və əməkdaşlığında yeni dövrün ilk mərhələsi olacaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi