Rüfət Quliyev: Azərbaycan enerji təhlükəsizliyinin təminatı sahəsində Avropanın ən etibarlı tərəfdaşdır
Azərbaycan enerji təhlükəsizliyi məsələsində Avropanın ən yaxşı tərəfdaşıdır. Bunu Milli Məclisin deputatı Rüfət Quliyev deyib.
O bildirib: "Avropa Azərbaycanla əməkdaşlıqda maraqlıdır, xüsusilə Rusiya ilə vəziyyəti nəzərə alaraq. Mən qarşılıqlı sanksiyaları, Ukrayna məsələsini və s. nəzərdə tuturam. Əlbəttə, Avropaya qazsız qalmaq çətindir, amma bu məsələdə yalnız Rusiya ilə əməkdaşlıq etmək müəyyən dərəcədə təhlükəlidir. Avropa üçün Azərbaycan qlobal qeyri-sabitlik şəraitində tərəfdaşlar qarşısında öz üzərinə bütün öhdəlikləri götürən və yerinə yetirən, onlara qaz tədarük edə biləcək stabil və etibarlı partnyor kimi maraq kəsb edir.
Deputatın sözlərinə görə, söhbət tək Avropadan getmir, bir çox ölkələr Azərbaycanla əməkdaşlıqda maraqlıdır: "Demək olar ki, bu gün Azərbaycan bütün region, yaxın və uzaq xarici ölkələrlə müxtəlif sahələrdə sıx əməkdaşlıq edir. Təbii ki, Ermənistandan başqa".
Rüfət Qulievin fikrincə, Transanadolu (TANAP) və Transadriatik (TAP) boru kəmərləri kimi layihələr onu göstərir ki, Azərbaycan hətta dünyanı bürümüş iqtisadi böhran şəraitində, qlobal çağırışlara baxmayaraq müntəzəm surətdə, qətiyyətlə öz siyasətini həyata keçirir və bütün planlarını reallaşdırır: "Azərbaycanın iqtisadi tərəfdaş kimi ən cəlbedici cəhədi onun daimiliyində, dinamizmində və nəzərdə tutulan yoldan çəkilməməyindədir".
Qeyd edək ki, fevralın 29-da Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin ikinci toplantısı keçirilib. İclasda “Cənub” qaz dəhlizinin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç, Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak, ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunun xüsusi nümayəndəsi və əlaqələndiricisi Amos Hokşteyn, Böyük Britaniyanın enerji və iqlim dəyişikliyi departamentinin beynəlxalq enerji məsələləri şöbəsinin baş direktoru Edmund Hosker, İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinçenti və digər şəxslər iştirak ediblər.
Toplantı çərçivəsində birgə bəyannamə imzalanıb. Bəyannamədə Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır.