Məhkəmə kafe sahibini bıçaqlayan şəxslərlə bağlı qərar çıxardı
Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənovun (hər üçünün adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Məlumata görə, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 2024-cü il tarixdə saat 20 radələrində Beyləqan şəhərinin 20 Yanvar küçəsində yerləşən, zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) icarə əsasında işlətdiyi “Xan çinarı” kafesinin həyətində baş verib.
Belə ki, həmin gün Əkbər Bəşirov ilə S.S arasında mübahisə yaranıb. O, tanışları Ömər Kərimov və Həsən Bəhmənovla birləşərək qrup halında hərəkət edib.
İstintaqın gəldiyi qənaətə əsasən, kafenin həyətində heç bir əsaslı səbəb olmadan ətrafdakı şəxslərə qarşı açıq hörmətsizlik nümayiş etdiriblər. Təqsirləndirilən şəxslər səs-küy saldıqları, yüksək səslə nalayiq ifadələr işlədərək S.S., zərərçəkmiş R.R. (adı, soyadı şərtidir) və digər şəxsləri təhqir ediblər.
Mübahisə zamanı Əkbər Bəşirov, Ömər Kərimov və Həsən Bəhmənov zərərçəkmiş S.S.-in üzərinə hücum edərək ona qarşı zor tətbiq ediblər.
Bu zaman Əkbər Bəşirov istintaqla müəyyən edilməyən bıçaqdan silah qismində istifadə edərək və S.S.-in sağ said nahiyəsinə bir dəfə zərbə endirib. Nəticədə zərərçəkmiş şəxsin sağ said nahiyəsində çərtik xarakterli bədən xəsarəti yaranıb.
Hadisədən sonra hər üç saxlanılaraq cinayət məsuliyyətinə cəlb ediliblər.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə onlara 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.
Kamal Məmmədov