Vəhhabi hərəkatları, şiə qruplar, sünni radikallar, FETÖ – Bakıya hücumun GİZLİNLƏRİ
“Azərbaycan xalqı və dövləti təsir gücü uğrunda gedən çoxşaxəli ideoloji-teosiyasi-siyasi mübarizə ilə qarşı-qarşıyadır. Söhbət təkcə din deyil, insanların dini mənsubiyyətindən istifadə edərək siyasi təsirə nail olmaqdan gedir”.
Globalinfo.az xəbər verir ki, bunu türkiyəli hərbi və təhlükəsizlik eksperti Abdullah Ağar “X” hesabındakı paylaşımında bildirib.
Ekspert qeyd edib ki, Azərbaycan, xüsusən də onun şimal bölgələri, Yaxın Şərq mənşəli sələfi, təkfiri və vəhhabi hərəkatları tərəfindən ciddi təsirə məruz qalır. Və bu strukturların formalaşması və gücləndirilməsi üçün xeyli vəsait və resurslar xərclənir:
“Təxminən 100 il kommunizm ideologiyasının hakim olduğu şəraitdə yaşamış və bu prosesdən təsirlənən bugünkü dünyəvi şiə Azərbaycan cəmiyyəti üzərində İran mərkəzli şiə siyasi islamçı hərəkatlar təsir yaratmağa çalışırlar.
Türkiyədə fəaliyyət göstərən bəzi dini qruplar, təriqətlər və ideoloji cəhətdən islamçı strukturlar da iki ölkə arasındakı yaxın münasibətlərdən istifadə edərək, Azərbaycanda nüfuz qazanmağa çalışırlar. FETÖ-nun Azərbaycandakı keçmiş fəaliyyətləri buna bir nümunədir.
Digər diqqətçəkən məqam Gürcüstanda yaşayan sünni Azərbaycan türkləridir. Burada İranın fəaliyyətləri araşdırılmalıdır. Bu proseslərin siyasi nəticələrinin, dövlət, kəşfiyyat və təşkilati əlaqələrinin araşdırılması son dərəcə vacibdir”.
A.Ağarın sözlərinə görə, başqa bir məqam Azərbaycanın yəhudi irsi və İsrail ilə münasibətləridir:
“Tarixi Xəzər Türk dövlətinin hakim elitasının bir hissəsinin yəhudiliyi qəbul etməsi, Azərbaycanda dağ yəhudilərinin mövcudluğu, Qırmızı Qəsəbə və İsraildə yaşayan Azərbaycan əsilli yəhudilər bu münasibətin tarixi və sosial aspektlərini təşkil edir. Azərbaycan-İsrail münasibətlərinin mənbəyini anlamaq üçün yalnız mövcud strateji maraqları nəzərə almaq yetərli deyil.
Və başqa bir maraqlı məqam: Bakı yaxınlığındakı Atəşgah, Zərdüştlüyün tarixi baxımından dünyanın ən önəmli ziyarətgahlarından biridir. Çox qədim keçmişə malik olsa da, indiki tarixi kimliyi 17-18-ci əsrlərdə formalaşmış və xüsusilə Hindistandan olan hindli və sinx icmaları onu ibadət yeri kimi istifadə etmişdir”.
Abdullah Ağar
A.Ağar qeyd edib ki, Qarabağda qələbə qazanıldı, lakin döyüş meydanındakı bu qələbənin davamlı strateji uğura çevrilməsi üçün cəmiyyətin dini mənsubiyyət hissinin və dövlətin qərar qəbuletmə iradəsini qorumaq lazımdır.
O hesab edir ki, BMT-dəki son hadisələr və Azərbaycan məktəblərində geyim qaydaları ilə bağlı ajiotaj yenidən nəzərdən keçirilməli və bu çərçivədə baxılmalıdır.
Ekspert, həmçinin, məsələnin həllinə dair təklif irəli sürüb:
“Dini, dindar insanları, dövləti və hakimiyyəti istismar edən, islam dininə aid görünən, lakin islamla heç bir əlaqəsi olmayan hər cür siyasi, ideoloji, mötədil, radikal, məzhəb və doktrinal strukturların qarşısı bilik, məlumatlılıq və güclə alınmalıdır. Bununla yanaşı, insanlara əsl islamın iman, ağıl, vicdan, elm, ədalət, əxlaq və reallıq olduğu öyrədilməlidir. Müqəddəs kitabımız olan Quranın insanların başa düşə biləcəyi bir dildə oxunması təmin edilməlidir. Bundan əlavə, başlarını örtmək və ya örtməmək istəyənlərin bunu sərbəst şəkildə etməsinə icazə verilməli və dövlətin bu hüququ qoruması lazımdır”.
Gülnar Səlimova