azia.az
azia.az

Burnunu 3 dəfə kəsdirdi və uğursuz nəticə-"Medical Plaza" və "Baku City Hospital"dan şikayət

7-12-2017, 17:54

Burnunu 3 dəfə kəsdirdi və uğursuz nəticə-"Medical Plaza" və "Baku City Hospital"dan şikayət

Azərbaycanda 3 dəfə uğursuz burun əməliyyatı etdirən qadın məşhur xəstəxanalardan şikayətçidir.

Azia.az Medicina.az-a istinadən xəbər verir ki, bu barədə Azad İstehsalçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib. O bildirib ki, "Medical Plaza" və "Baku City Hospital"da əməliyyat keçirən Həsənova Lalə İlham qızı əməliyyatlarına ümumilikdə 3977 azn xərcləyib. Lakin istənilən nəticəni əldə etməyib.

İlk əməliyyatını Medical Plasa-da türkiyəli həkim Lütfü Barlas Aydoğana həvalə edən qadının sözlərinə görə, nəticədən razı qalmayıb: "Gips açıldığı zaman burnum əyri olduğu üçün mənə göstərmədilər. Başqa bir həkimin də müdaxiləsi ilə sıxaraq əyriliyi düzəltməyə çalışdılar, amma nəticəsiz qaldı.

On günlük müalicə yazaraq elektrik masajına gəlməyimin vacib olduğunu dedilər. Heç bir nəticəsi olmayan masaj üçün 50 manat ödəniş etmişdim. Əyriliyin səbəbini soruşanda üz simmetriyamın çox olduğunu dedilər”.

Uğursuz əməliyyat keçirən qadın əlavə 150 manat da ödəniş edərək yenidən eyni həkimin əməliyyatına girib: "Əməliyyatlardan sonra iybilmə qabiliyyətimi itirdim və nəfəsalmam daha da çətinləşdi. Bu səbəbdən şiddətli baş ağrılarım yarandı. 2-ci əməliyyatın nəticəsi də pis olduğundan məcbur olub üçüncü əməliyyat üçün "Baku City” hospitalı seçdim”.

Problemi həll etmək üçün Baku City Hospitala müraicət edən qadının əməliyyatını xəstəxananın lor-cərrahı Cavid İsmayılov edib. Həkimə əməliyyat üçün analizlə birlikdə 2300 manat ödəyən qadın, ona ödədiyi yalnız 100 manat üçün rəsmi qəbz verildiyini vurğulayıb. Əməliyyata dair isə heç bir müqavilə bağlanmayıb.

Bu dəfə də əməliyyatı uğursuz alınan qadın bunun səbəbini həkimdən tələb etdikdə, o, 3-cü əməliyyatın elə də gözlənilən nəticə verə bilməyəcəyini bildirib. Müəyyən müddətdən sonra isə burnunun ucunda həkim səhvi ucbatından sap qaldığını görən Həsənova Lalə həkimə yenidən müraciət etdikdə, ondan sapın tam dərindən alınması üçün 100 manat tələb edilib. C. İsmayılov yenidən əməliyyat etdirmək istəyən pasiyentə "Təkrar etsəm dərin hassaslaşdığına görə burununda çürümə baş verə bilər” deyə cavab verib.

Hazırda həm maddi, həm mənəvi zərbə vurulan pasiyent, ya ödədiyi pulunun geri qaytarılmasını ya da burnunun yenidən əməliyyat olunmasını istəyir: "İlk iki əməliyyat üçün ümumilikdə 1 677 manat (1477+150+50), üçüncü əməliyyatım üçün isə 2300 manat xərcləmişəm. Hər üç əməliyyata birlikdə3977 AZN xərcim çıxım. Mənə dəymiş 3927 AZN ziyanın tam həcmdə ödənməsini tələb edirəm. Ya hər iki klinika birləşib mənim istədiyim yerdə məni uğurlu əməliyyat etdirsin və ya ödədiyim 3927 AZN qaytarılsın”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi