azia.az
azia.az

Səhvən sağ ayağı kəsilən qadın: “Yalvardım ki, dizdən kəsmə, topuqdan kəs...”

24-06-2016, 23:20

Səhvən sağ ayağı kəsilən qadın: “Yalvardım ki, dizdən kəsmə, topuqdan kəs...” Azərbaycanda həkim sol ayağının kəsilməsi barədə diaqnoz qoyduğu xəstənin sağ ayağını kəsib. Bu barədə APA TV-yə xəstənin yaxınları məlumat veriblər.

Xəstənin qızı Tahirə Əliyevanın sözlərinə görə, şəkərli diabet xəstəsi olan anası Tərlan Məmmədovaya sol ayağının kəsilməli olduğu barədə diaqnoz qoyulub. Qadın bu gün Səhiyyə Nazirliyi Angioloji və Mikrocərrahiyyə Mərkəzində əməliyyat edilib. Lakin əməliyyatdan çıxan 82 yaşlı qadını görən yaxınları gözlərinə inanmayıblar. Belə ki, yaşlı qadının iltihablı olan sol ayağı əvəzinə, sağlam olan sağ ayağı kəsilib: “Həkimi Valeh Kərimov idi, sol ayağının baş barmağının qanqrenası diaqnozu qoyulub. İlk olaraq anam Topçubaşov adına xəstəxanada iltihabla bağlı müalicə olundu. Adi vaskulit idi, amma mən onu tez götürüb xəstəxanaya gəldim. Araşdırın baxın, bura gələnə qədər müxtəlif həkimlərin yanında müalicəyə də aparmışam, yəni xəstə ailəsi tərəfindən diqqətsiz qalmayıb. Amma yaşlı idi deyə, digər xəstəxanalar qəbul etməyib. Bura gətirdim, dedim baxın, müalicə yazın, aparım evə. Dedilər yox, xəstəyə əl vurmaq olmaz. Amma götürüb sol ayağı əvəzinə, sağ ayağını kəsdilər. 82 yaşı var. Normaldır, hər şey də qaydasındadır. Şəkər xəstəliyindən əziyyət çəkirdi. Angioloji və Mikrocərrahiyyə Mərkəzində Valeh Kərimov dedi ki, mütləq əməliyyat olunmalıdır. Bu səhər saat 10.00-11.00-dək əməliyyat olunub. Əməliyyatdan sonra gördük ki, sağlam ayağını kəsib. Əməliyyatdan sonra bir həkim çıxıb açıqlama vermədi. Hazırda vəziyyəti çox pisdir. Reanimasiyadan çıxarıb, palataya köçürüblər. Bir həkim yaxınlaşıb bu saata qədər sarğısını belə dəyişməyiblər. Sistemi qoşub qaçıblar. Bir həkim yoxdur, ağrıkəsicini özümüz alıb vurmuşuq. Baxmırlar, maraqlanmırlar".

Daha sonra palataya baş çəkib 82 yaşlı xəstənin özü ilə görüşdük: "Kəsilən ayağım ağrımırdı. Həkim dedi gərək ağrıyan ayağın kəsilə. Özüm də istəmirdim. Dedi, gərək dizdən kəsilə. Yalvardım ki, dizdən kəsmə, topuqdan kəs. Dedi, yox vaxtında kəsilməsə, qaralma verəcək. Həkimlər hələ nə deyir bilmirəm, xəstə qıçım qalıb, sağlam ayağımı kəsib, məni də bura atıb gediblər. Bu əməliyyata qədər ağrısam da, gəzirdim. Dedim baş barmağımı kəsin, ayağımı yox".

Məsələyə respublikanın baş cərrahı Hacıqulu Bağırovun da münasibətini öyrəndik: "Hadisədən sonra Angioloji və Mikrocərrahiyyə Mərkəzinə gəldik. Hazırda mərkəzdə iclasdır. Araşdırma aparırıq. Son nəticə tibbi ekspertizadan, xəstəliyin tarixi ilə tanışlıqdan sonra mətbuata açıqlama veriləcək. Bir onu bilirəm ki, şəkərli diabet diaqnozlu bir xəstədir. Araşdırma aparılmadan dəqiq informasiya verə bilmərik".

Respublikanın baş cərrahını dinlədikdən sonra Angioloji və Mikrocərrahiyyə Mərkəzinin direktoru Azər Şəmsəddinski ilə görüşməyə cəhd etdik. Müsahibə vermək istəməsə də, fikirlərini bizə belə izah edir: "45 ildir həkim işləyirəm. İlk dəfədir belə halla rastlaşıram. Tərlan xanım yaşına görə sağlamdır. Hətta əməliyyatdan öncə bildirdim ki, səhhətin o qədər yaxşıdır, əməliyyatdan 4-5 gün sonra gəzəcəksən. Qohumların cavabını oxuyuram, tanış olun, burada yazılıb ki, hamı əməliyyata razıdır".

Hacıqulu Bağırov isə həkimin fikirləri ilə razılaşmayıb: "Amma sağlam ayağın əməliyyatından söhbət getmir də, indi komissiya bura toplanıb, onu araşdırırıq. Xəstənin kəsilən ayağı artıq ekspertizaya aparılıb. Bunun özünün ekspertizası elə 2-3 gün çəkəcək. Çünki diaqnoz xəstənin hər iki ayağının diabetik angibetiyasıdır. Hər iki ayaq ətrafında dəyişiklik var. Bu ətrafın hansının birinci, hansının ikinci kəsilməsindən söhbət gedir. Araşdırmanın mahiyyəti ondan ibarətdir ki, burada konsilium hansı ayağın kəsilməsinə icazə verib?"

Azər Şəmsəddinski əməliyyatı edən həkimin öz səhvini etiraf etdiyini deyib: "Bəli, baxdıq, müzakirə etdik, xəstənin yanına qalxdıq, başa saldıq ki, vəziyyət nədən ibarətdir. Dedim ki, tezliklə yaxşı olacaqsan, 5-6 ay içərisində protez də geyinəcəksən. Çox sağlam qadındır. Hemoqlobini 122-dir bu yaşda. Bu çox müsbət göstəricidir. Həkim vəziyyəti necə izah etdi? Xəstəni həkim Valeh Kərimov əməliyyat edib. O, xəstəni əməliyyat edəndən özü mənim yanıma gələrək səhv etdiyini bildirib. Ondan sonra həkim yoxa çıxıb, hazırda yoxdur".

Əməliyyatı həyata keçirən həkim Valeh Kərimov APA-ya açıqlamasında deyib ki, xəstənin hər iki ayağı 4-cü dərəcəli ateroskleroz fonda xroniki işemiyadır, 82 yaşlı qadının heç bir ayağına qan gəlmir, qanqrena var: “Sol ayaqda proses daha çox, sağ ayaqda isə azdır. İki ayaqdan biri - sol ayağı daha tez kəsilməli idi. Xəstənin həyatını xilas etmək üçün təcili əməliyyat olunub. Əməliyyat zamanı mexaniki səhvdən sağ ayaq kəsilib. Onsuz da xəstənin sol ayağı da kəsilməlidir. Xəstənin övladlarını da başa salmışam ki, onun ayaqları yox kimi bir şeydir. Hara getsələr də, o xəstəni qəbul etməyiblər. Lakin bizdə əməliyyat olunmasına razılıq verdik. Yekunda belə oldu. Daha çox proses olan sol ayaq əvəzinə sağ ayaq kəsilib. Lakin onun ayaqlarının hər ikisində proses var və ayaqlarının hər ikisi kəsilməlidir”.

Yasamal rayon Polis İdarəsindən bildiriblər ki, həkim Valeh Kərimovun saxlanılması barədə məlumatlar həqiqətəuyğun deyil və bu, prokurorluğun səlahiyyətində olan məsələdir. Səhiyyə Nazirliyində isə məsələ ilə əlaqədar xüsusi komissiya yaradılıb və araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsi barədə əlavə məlumat veriləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi