azia.az
azia.az

Fərhad Əsgərov: "Alimin oynaya bilmədiyi mahnı" (hekayə)

10-03-2016, 09:54

Fərhad Əsgərov: "Alimin oynaya bilmədiyi mahnı" (hekayə) Fərhad Əsgərov (Ramizoğlu),
Azərbaycan Yazıçılar Birliyinin üzvü


Nəriman şəhərdə anadan olmuşdu, düz mərkəzdə. Uşaqlığı da burada keçmişdi, gəncliyi də. Ağlı kəsəndən qarşısına məqsəd qoymuşdu. Ali təhsil almaq lazımdır. Buna görə də başqa həmyaşıdları kimi şəhərin bu başından girib, o başından çıxmağı xoşlamırdı. Bütün gücünü, enerjisini oxumağa sərf eləyirdi. İstəyinə nail oldu da. Ali məktəbə daxil oldu. Təhsilini uğurla başa vurub orta məktəbdə müəllim işləməyə başlamışdı. Şagirdlərə Azərbaycan dili və ədəbiyyatı öyrədirdi. Elə işlədiyi məktəbdə təsviri incəsənət fənnindən dərs deyən Aysu xanıma ürəyini açdı. Həyatın enişli-yoxuşlu yollarında onunla qoşa addımlamaq istədiyini bildirdi. Arzusu, istəyi qarşılıqsız qalmadı. Aysu xanım bu həssas oğlanın hisslərini cavabsız qoymadı. Evləndilər. İlk övladları dünyaya gələndə sevinclərinin həddi-hüdudu yox idi, xoşbəxtlikdən göylərdə uçurdular. Adını Maqsud qoydular. İlk uşağın ayağı düşərli oldu. Bir neçə il ərzində ailənin daha üç övladı dünyaya gəldi. Gənc ata-ananın ən böyük arzusu onları tərbiyəli, mədəni və savadlı, sağlam düşüncəli bir insan kimi yetişdirmək idi. Bunun üçün hər biri əziyyətə qatlaşır, yorulmaq bilmədən uşaqların tərbiyəsi ilə məşğul olurdular. Onlara ədalətli olmağı, haqqı-nahaqqa qurban verməməyi aşılayır, mərd və vətənpərvər olmağı, yaltaq olmamağı, yalan danışmamağı tövsiyə edirdilər.
İllər bir-birini əvəz eləyir, uşaqlar böyüyürdülər. Ata-ananın zəhməti hədər getməmişdi. Çəkilən əziyyət öz bəhrəsini verirdi. Övladları tərbiyəli, böyük-kiçik yeri bilən, ağıllı-kamallı idilər. Məktəbdə də bütün müəllimlər onlardan razılıq edirdilər.
Beləcə illər keçdi. Ailənin böyük oğlu məktəbdə fəal, yaxşı oxuyan Maqsud ali təhsil dalınca getmədi, sürücülük kursuna daxil oldu. Kursu bitirib, ictimai nəqliyyatda sürücü işləməyə başladı. Evin ikinci uşağı Tamilla ali məktəbə daxil oldu. Ali təhsil aldıqdan sonra şəhərin başqa bir məktəbində tarix müəllimi kimi fəaliyyətə başladı.
Üçüncü uşaq olan Natiqə isə ən kiçik yaşlarından ibtidai sinif müəlliməsi olmağı arzulayırdı. O da bu arzusuna çatdı. Təhsilini başa vurduqdan sonra ilk dəfə sinfə girəcəkdi, birincilərə “Əlifba”nı öyrədəcəkdi. Çox həyəcanlı idi. Atası Nəriman da onun çox həyəcanlı və gərgin olduğunu görüb yanına çağırdı, öz məsləhətlərini verdi. Fərhad Əsgərov: "Alimin oynaya bilmədiyi mahnı" (hekayə) - Qızım, çox məsuliyyətli bir işə başlayırsan. Müəllim olmaq, həm də ibtidai sinif müəllimi olmaq şərəfli bir işdir. Gərək onun məsuliyyətini həmişə öz üzərində hiss edəsən. Hər birimizin taleyində məktəbin və ilk müəllimin əhəmiyyətli yeri var. Yəni sənin bünövrəsini qoyacağın təlim-tərbiyənin saflığı, təmizliyi, möhkəmliyi hər bir şagirdin gələcəkdə bir şəxsiyyət kimi, insan kimi formalaşmasında önəmli rol oynayacaqdır. Məktəbə müxtəlif ailələrdən müxtəlif xarakterli uşaqlar gəlir. Tərbiyəsiz və xuliqanın uşağı da məktəbə gəlir. Bu mənada sinif müəlliminin üzərinə böyük və müqəddəs vəzifə düşür. Sinif müəllimi dörd il ərzində şagirdlərə dərs keçməklə yanaşı elə tərbiyə verməlidir ki, tərbiyəsiz və xuliqanın ailəsindən gələn uşağı da tərbiyələndirə bilsin. Əgər müəllim sinifdə sağlam tərbiyəvi mühit yarada bilirsə istədiyinə nail ola bilir. Bunun üçün işgüzarlıq və seçdiyin peşəni sevmək lazımdır. Ona görə də qızım, madam ki, bu peşəni seçmisən, cani-dildən işə girişəcəksən, peşəni sevəcəksən. Şagirdlərinin saf, ədalətli, sağlam düşüncəli, cəmiyyət üçün yararlı vətəndaş olmaları üçün var gücünü əsirgəməyəcəksən. Əgər bunları eləyə bilsən başa düşən şəxslər arasında hörmət sahibi olacaqsan. Hamı öz övladının təlim-tərbiyəsini sənə tapşırmaq istəyəcək. Hər şey gözünün qabağındadır. Elə sənin ilk müəllimin Nabat xanım belə müəllimlərdən deyilmi?
Nəriman ayağa durub onu diqqətlə dinləyən, sevincdənmi, həyəcandanmı gözləri yaşaran qızının alnından öpdü, bağrına basıb saçlarını sığalladı. Özü də kövrəlmişdi. Qəhərləndiyini qızına hiss elətdirmək istəmədi.
- Sənə uğurlar diləyirəm, qızım! Yolun işıqlı, aydın olsun, - deyib çevrilib getdi.
Qəhər boğazında düyünlənib qalmışdı. İçinə özünün də hiss eləyə bilmədiyi bir fərəh hissi dolmuşdu. Dünənə qədər hələ körpə uşaq kimi baxdığı övladı müəllim olacaq, sinfə girəcək. Allah yolunu uğurlu eləsin.
Evin sonbeşiyi Eldar da orta məktəbi bitirdi. Ürəyinin hökmü ilə sənədlərini texniki universitetə verdi. İstədiyi fakültəyə daxil oldu. Bu xəbəri atası Nərimana, anası Aysu xanıma verəndə onların sevinci bir mənzilə sığmadı. Xoşbəxtlikdən quş kimi uçan ana bu sevinci zəng edib qohum-əqrabalarla bölüşürdü. Ata dostlarına zəng eləyib, - kiçik oğlum Eldar texniki universitetə daxil olub, yığışın, sizə qonaqlıq verəcəyəm.
Çəkilən zəhmət yavaş-yavaş öz bəhrəsini verirdi. Tamilla məktəbdə müəllimə işləyə-işləyə elmi iş götürmüşdü. Tezliklə müdafiə elədi, alimlik dərəcəsi aldı. İyirmi beş yaşı olanda ona elçi gəldilər. Nəriman ürəyində fikirləşirdi:
- Qız köçəri quşdur. Əvvəl-axır uçub gedəcək.
Həyat yoldaşı ilə məsləhətləşəndən sonra elçilərə “hərisini” verdilər. Nəriman da, Aysu xanım da ilk zamanlar bununla barışa bilmirdilər. Amma zaman hər şeyə sığal çəkdiyi kimi, bu da yoluna düşdü. Toy eləyib Tamillanı ər evinə köçürəndə Nəriman qızının alnından öpüb xeyir-dua verdi:
- Get, qızım, xoşbəxt ol! Getdiyin ocağa xeyir-bərəkət, ruzi apar. Həyat yolun nurlu, uğurlu olsun!
İllər keçir, yaş üstünə yaş gəlir, Nəriman müəllimlə Aysu xanım yaşa dolurdular. Tamilladan sonra Natiqəyə də elçi gəldilər. Valideynlər el adəti ilə Natiqənin də toyunu elədilər. Ata-ananın xeyir-duası ilə evin kiçik qızı da gəlin köçdü.
Bir gün gərgin işdən sonra Nəriman divanda oturub həyat yoldaşı Aysu xanımı səslədi:
- Ay xanım, gəl otur görək. Deyirəm, ay Aysu, atalar yaxşı deyib: “Qız yükü-duz yükü”. İndi allaha şükürlər olsun ki, qızları köçürdük. Allah onları xoşbəxt eləsin! Allah qoysa, nəvələr dalbadal gələcək. Qaldı oğlanları “baş-göz” eləmək. Ömür vəfa etsə, onu da görərik.
Qızları köçürdükdən sonra ata-ananın fikri-zikri övladlarının yaşca ən böyüyü Maqsudu evləndirmək idi. Onun da yaşı keçirdi. Evə gəlin gətirmək, nəvə qayğısı çəkmək, bu sevinci yaşamaq istəyirdilər. Ona görə də tez-tez Maqsudu bu işə sövq eləmək üçün deyirdilər:
- Ay bala, sən də bir tərpən görək. Bizim də yaşımız keçir. Bir gözaltın varsa de, gedək “hərisini” alaq. Nə qədər canımızda can var, toyunu eləyək, bu evdən də körpə qığıltısı gəlsin.
Maqsud da onları ümidsiz qoymur, deyirdi:
- Ay ana, zamanı çatanda o da olacaq. Sən hazırlığını gör.
Maqsud bu zəhmətkeş, mehriban, qayğıkeş insanları çox gözlətmədi. Sevib-seçdiyi bir qızla nişanlandı. Toyunu etdilər, ata-ana sevinci bir ocağa sığmırdı. Uzun illər ana bu arzunu, istəyi ürəyində gəzdirmişdi. Bu toyu dəfələrlə xəyallarında qurmuşdu, gəlin gətirmişdi. İndi arzuları çin olmuşdu.
Nəriman müəllim də, Aysu xanım da çox mehriban, səmimi və ədalətli insan idilər. Cəmiyyətdə, gündəlik həyatlarında rastlaşdıqları ədalətsizliklər, haqsızlıqlar onları üzürdü. Uzun illər işlədikləri məktəbə yeni direktor gəlmişdi. Yeni direktor məktəbə təhsil ocağı kimi baxmırdı. O məktəbdə qeyri-sağlam mühit yaratmaqla bərabər, vəzifəsinə şəxsi qazanc mənbəyi kimi baxırdı. Bu da təmiz qəlbli insanlara çox pis təsir edirdi. Nəriman çox həssas adam idi. Hər şeyi ürəyinə salır, içində çəkirdi. İnsanları acılamaq, kiminsə xətrinə dəymək onun xarakterinə yad idi. Altmış yaşı var idi, amma çox yaşlı görünürdü. Həyat yollarında o qədər haqsızlıqlarla, eybəcərliklərlə qarşılaşmışdı ki! Ömrünün müdrik çağında da, altmış yaşında dünyasını dəyişdi Nəriman kişi. Həyat yoldaşının ölümü Aysu xanımı çox sarsıtmışdı. Onun yoxluğuna alışa bilmirdi. Gecələr yuxusundan çıxmırdı.
Nəriman müəllimin vəfatından sonra Aysu xanım yalnız bir il yaşaya bildi, haqqın rəhmətinə getdi.
Ata-ananın ölümündən bir müddət keçmişdi. Kiçik qardaş Eldar isə hələ də subay idi. Maqsud fikirləşdi ki, bu nə qədər subay gəzəcək. Onun da bir isti yuvası olmalıdır, ailə qurmalıdır. Artıq iyirmi səkkiz yaşı var. Qərara aldı ki, Eldarla bu barədə söhbət eləsin. Bir dəfə axşam ata ocağında süfrə başında Maqsud qardaşının fikrini bilmək istədi:
- Qardaş, - dedi, ata-anamız dünyadan vaxtsız getdilər. Bacılarımızın, mənim toyumu gördülər, nəvələrini gördülər. Amma səndən nisgilli getdilər, toyunu görə bilmədilər. Allah onlara rəhmət eləsin! Onlar haqq dünyasındadırlar. Evlənmək, ailə qurub oğul-uşaq sahibi olmaq sənin də haqqındır. Əgər bir istədiyin, sevib-seçdiyin varsa de, elçi gedək, nişan eləyək.
Böyük qardaşı ilə arasında pərdə saxlamışdı həmişə. Maqsudun ona olan bu isti münasibəti və valideynləri haqqındakı söhbəti Eldarı kövrəltmişdi. Anasının da vəfatı onu lap ruhdan salmışdı. Sevdiyi qız olsa da, evlənmək barədə fikirləşə bilmirdi. İndi Maqsud bu barədə söhbət açanda özünü saxlaya bilmədi. Başını sinəsinə əyib hıçqıra-hıçqıra ağladı. Maqsud da ona qoşuldu, üzünü yana çevirdi ki, Eldar onun göz yaşlarını görməsin. Tez də toxtadı, əlini Eldarın çiyninə qoydu:
- Yaxşı, yaxşı, sakitləş. Həyat davam eləyir, qardaşım. Sən əgər evlənib ailə sahibi olarsansa, onların da ruhu şad olar.
Eldar Maqsudun belə ərkyana münasibətindən ürəkləndi. Bir qızdan xoşu gəldiyini, onu çox sevdiyini dedi.
Maqsud bacılarını da götürüb, el adəti ilə elçi getdi, qızın atasının razılığını aldılar. Bir neçə aydan sonra toy gününü müəyyənləşdirdilər.
Toyun vaxtı gəlib çatdı. Qonaqlar yavaş-yavaş toplaşırdı. Bəy ilə gəlin də gəlib məclisin baş tərəfində yerlərini tutmuşdu. Eldarın üzü sanki çiçək açmışdı. Utancaq baxışları ilə hamıya nəzər salır, gülümsəyirdi. Üzündən, gözündən xoşbəxtlik yağırdı. Maqsud gözlərində toplanıb qalmış göz yaşlarını sildi. Ürəyində düşündü:
- Ay Allah, nə yaxşı oldu, qardaşım da ailə qurur. Kaş atam, anam həyatda olaydı. Eldarın bu şad gününü görəydilər. Ona öz xeyir-dualarını verəydilər, qol götürüb kiçik oğullarının toyunda oynayaydılar.
Bu düşüncələrlə tamadaya tərəf getdi. Onu bir tərəfə çəkib başa saldı: “Bəyin ata-anası vəfat eləyib. İstəmirəm məclisin ahəngi pozulsun. Musiqiçilərə çatdır ki, ata-ana haqqında kövrək notlu mahnılar oxumasınlar. Belə mahnı oxunarsa Eldar eşidib kövrələ bilər. İstəmirəm qardaşım bu gün kövrəlsin”. Maqsud bunu deyib qonaqlarla görüşüb xoşgəldin eləməyə başladı.
Çox gözəl və şən bir məclis idi. Hamı yeyib-içir, rəqs edir, şənlənirdi. Maqsud qıraqdan durub qonaqları seyr edir, onlarla rəqs edir, yeni gələn qonaqları yerləşdirirdi. Arada qohumlara, dostlara qoşulub rəqs eləyirdi. Bacıları tez-tez rəqs eləməyə çıxır, qohumları, iş yoldaşlarını, rəfiqələrini də oynamağa dəvət edirdilər, çox şən görünürdülər. Maqsud bunları görəndə həm qürur hissi keçirir, həm də kədərlənirdi. Ancaq ürəyində öz-özünə təsəlli verirdi: “Doğrudur, bir gün yaranan, bir gün bu dünyadan köçüb gedəcək. Heç kim bu dünyanı tutub durmayacaq. Yəqin ki, indi atamın-anamın ruhları burda dolaşır. Onlar övladlarının bu sevincini, xoşbəxtliyini görür, ruhları şad olur. Şükür allaha ki, nəslimizin varlığı davam edir”.
Maqsudu xəyallarından böyük bacısı Tamilla ayırdı:
- Nə dayanmısan, bütün qohumlar rəqs eləyirlər. Sən də gəl.
Tamilla onu çəkə-çəkə məclisin ortasına apardı. Maqsud da oynaya-oynaya bir tərəfdə rəqs eləyən əmisi qızı Nurlanəyə və onun həyat yoldaşı Natiqə yaxınlaşdı. Nurlanə xanım pedaqoq idi. Uzun illər idi ki, bu yolu seçmişdi. Həm də pedaqoji elmlər doktoru idi. Hamı onu savadlı bir alim kimi tanıyırdı. Üç elmi kitabı da çap olunmuşdu. Çoxlu elmi məqalələri var idi.
Maqsud onlarla birlikdə rəqs elədi, sonra başqa qonaqların yanına keçdi. Əmisi qızı və yoldaşı Natiq hiss olunurdu ki, çox rəqs eləyib yorulmuşdular. Oynayanların yorulub bir-bir yerlərinə keçdiyini görən musiqiçilər də əllərini bir az yavaşlatdılar. Nurlanə xanım da öz masaları tərəfə yönəldi. Birdən ayaq saxladı. Arxada gələn həyat yoldaşı Natiq ona çatanda əyilib qulağına “Ana” mahnısını oynamaq istədiyini dedi. Bir neçə saniyəlik söhbətdən sonra Natiq geri dönüb musiqiçilərə sarı getdi. O, qarmonçalana “Ana” mahnısını ifa etməyi sifariş verdi. Qarmonçalan isə əl və baş hərəkətləri ilə ona vəziyyəti başa salmağa çalışırdı. Ancaq müsahibi onu başa düşmək istəmirdi. Uzaqdan baxana aydın olurdu ki, onların arasında əməlli-başlı narazılıq yaranıb. Müğənni də işə qarışdıqdan sonra Natiq əsəbi halda özünü Maqsuda yetirdi. Müqəddiməsiz-filansız onu sorğuladı:
- Maqsud, bu nə hərəkətdi eləyirsən? Nə vaxtdan toyda musiqi “zakaz” eləmək qadağan olub? Köhnə bazara təzə nırx qoyursan? Niyə qoymursan camaat istədiyini “zakaz” eləyib oynasın?
Bunları söyləyə-söyləyə Natiq tez-tez uzaqdan onları izləyən Nurlanə xanıma baxırdı. Əlbəttə, Maqsud da bunu sezməmiş deyildi. Məsələnin haradan qaynaqlandığını başa düşürdü. Maqsud Natiqin qolundan tutub:
- Gəl, bir az kənara çəkilək, səbəbini sənə deyim.
Natiq hirsli-hirsli qolunu onun əlindən çıxarıb, yanaşı addımladı. Foyeyə çıxdılar. Maqsud musiqiçilərə belə bir tapşırıq verdiyini söylədi və səbəbini izah eləməyə başladı. Elə bil bayaqdan çox əsəbi görünən Natiqin hirsi bir az soyumuşdu. Narazı sifəti isə Maqsudla razı olmadığını büruzə verirdi:
- Daha bunun nəyi toy oldu, - deyib getmək istəyəndə Maqsud onu saxladı:
- Natiq, qardaşım, toy elə belə olar də! Deyib-gülər, şənlənərlər. Niyə axı, mütləq bu şən, xoşbəxt günümüzdə kimsə kədərlənməli, göz yaşları axıtmalıdır? Mən çox təəssüf eləyirəm, niyə başqaları bunu tələb eləmir, məhz sən və mənim sevimli əmim qızı istəyirsiniz?
Bunları deyəndə qəhər Maqsudu boğdu. Sözlərini axıra zorla çatdırdı. Kövrəldi. Gözləri yaşardı.
Natiq vəziyyətin dəyişdiyini görüb daha bir söz demədi, həyat yoldaşının yanına qayıtdı.
Bayaqdan bütün olanları uzaqdan müşahidə edən pedaqoji elmlər doktoru, pedaqoq Nurlanə xanım Natiqin gəldiyini görüb ayağa qalxıb ona tərəf gəldi. Natiq hər şeyi aydınlaşdırmağa başladı. Natiq danışır, Nurlanə isə gah gözlərini qıyır, gah da gözlərini iri açaraq o tərəf-bu tərəfə baxır, narazı-narazı başını bulayırdı. Natiq hər şeyi ona “doklad” eləyəndən sonra qəddini düzəltdi, pencəyinin düymələrini açıb ətəklərini yana elədi, iki əlini də belinə qoyub Nurlanədən cavab gözlədi:
- Nə deyirsən?
Natiqin bu sualı onu lap hövsələdən çıxardı, hikkəsini artırdı:
- Nə deyəsən, yığış gedək, - deyib masaya yaxınlaşdı. Çantasını götürüb həmin masada oturanlara ağızucu “sağ olun” dedi və heç kimlə görüşüb sağollaşmadan çıxışa doğru yönəldi.
Maqsud hər şeyi gizlin-gizlin izləyirdi. Bacılarının isə heç nədən xəbərləri yox idi. Onlar həyat yoldaşları və uşaqlar ilə, qohumlarla birlikdə bəylə gəlini rəqsə dəvət etmişdilər. Tamilla və bacısı növbə ilə onların qarşısında oynayır, hər ikisini qucaqlayıb öpür, xoş arzularını bildirir, xeyir-dua verirdilər. Bəylə gəlin çox xoşbəxt idilər. Alim xanım “Ana” mahnısını rəqs eləyə bilməmişdisə də, Maqsud yenə özünü qınamadı.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi