Ali məktəblərimiz saxta diplomlar verir?
Afət Yaqubova
Təhsil nazirimiz deyir ki, hazırda test imtahanının forması əmək bazarında tələb olunan müasir, uğurlu məzunun bir sıra kompetensiyalarını ölçmək qabiliyyətinə malik deyil.
Təbii, demokratik dövlətdə yaşayırıq və hər kəs öz fikrini azad şəkildə bildirə bilər. Kimliyindən asılı olmayaraq. O cümlədən nazir. Mən də bir vətəndaş kimi bu fikrə etirazımı bildirmək haqqını özümdə saxlayıram.
Sanki məzun test imtahanından keçib, gedib həkim işləyir, müəllim işləyir, vergi müfəttişi və ya neft mühəndisi olur… Məzun imtahandan keçib, nazirimizin rəhbərlik etdiyi qurumun tabeliyində olan, proqramlarını onun təsdiqlədiyi ali məktəblərdə əmək bazarının tələblərinə cavab verən kadr olmaq üçün hazırlığa girir. O, hələ 4-6 il bu hazırlığa gedəcək, nə qədər yazılı və üzbəüz imtahanlar görəcək. Yalnız o imtahanlardan keçib Nazirliyin kriteriyalarına uyğun şəkildə döyüldükdən, cilalandıqdan sonra əmək bazarına çıxacaq.
Əgər bu gün əmək bazarındakı kadrlar tələblərə cavab vermirsə, belə çıxır ki, Nazirliyin bütün ali məktəbləri illər boyu tələbələri yalan imtahanlardan keçirib, onlara yalançı diplomlar verir?
Tutalım, test imtahanı ilə ali məktəbə savadsızlar qəbul olunur. Bəs onda niyə nazirliyin mükəmməl imtahan sistemi ilə elə 1-ci kursun ilk semestrindən həmin təsadüfi adamlar təhsildən uzaqlaşdırılmır? Deyilmir ki, a bala, ömrünün ən gözəl illərini burda itirmə, get, gələcəyini təmin edə biləcəyin bir sahə tap özünə?
Ona görə ki, problem o testlə qəbul olunanlarda deyil.
Haşiyə: Universitet müəllimliyi təcrübəmdə qruplarımdan birində ən yüksək balla qəbul olunmuş bir tələbəm var idi. Təsadüfən keçdiyini güman edirdim. Çünki bütün semestr boyu dərsə cavab verməyən və sorğu-sualda iştirak etməyən biri idi. Cavab kağızlarının kodları açılanda yüksək bal toplayanlardan birinin bu olduğunu biləndə hirsimdən dəli olmuşdum – Ay vicdansız! Sən bütün semestri niyə mənim əsəblərimlə oynamısan – deyə!
Problem məzunu kadra çevirməli olan təhsil sistemindədir. Proqramındadır, müəllimindədir, dərsliyindədir, praktikasındadır, dərsə davamiyyətinin yoxlanılmasındadır, gəncdə peşəsinə maraq yaradılmasındadır…
Məncə, nazirimizin testlə işi olmasın. Təhsilin özündə düzələsi çox şey var. Problem süpürgə pulu, fond pulu yığılması ilə bitmirdi axı. Bunun orta məktəbdə oxuya-oxuya 12 il hazırlığa getmək kimi böyük dərdi var! Birinci sinfə qəbul olunmaq üçün hazırlıqdan başlayır, sonra birinci sinifdə öz sinif müəlliminin yanına dərsdən sonra hazırlıq məşğələlərinə gedir, sonra riyaziyyatdan, sonra… sonra… Və illər keçdikcə, valideynin uşağın hazırlığı üçün tutduğu müəllimlərin sayı, ödədiyi pul artır. Maraqlısı da odur ki, vay o gündən sinfi və ya məktəbi dəyişib, yeni bir müəllimin əlinə düşəsən. “Müəllimi kim olub? Çox zəif!!!” ağızbüzməli ifadəyə 100% zəmanətiniz var! Əlbəttə ki, ali məktəbə qəbul üçün də bir 3 il arasıkəsilmədən hazırlığa getmək var. Bəs onda uşağın əziyyətlə 12 il təpik döydüyü orta məktəblər nəyə lazımdır?
Yox, elə soruşmayım da. Belə soruşum:
Sual 1: Hazırda Azərbaycan orta ümumtəhsil məktəbi uğurlu məzun yetişdirmək kimi kompetensiyaya malikdirmi?
Sual 2: Azərbaycan ali təhsil müəssisələri onlara qəbul olunmuş məzunları nəyə çevirir?
Bu iki suala müsbət cavab bir 10 il vaxt aparar. Gənc nazir üçün çox qısa vaxtdır!