azia.az
azia.az

Həkim, diplomat, müəllim olmaq istəyən Nardaran məktəbliləri

19-02-2016, 10:56

Həkim, diplomat, müəllim olmaq istəyən Nardaran məktəbliləri Nardaranda aparılan quruculuq işləri təhsil sistemindən də yan ötməyib. APA TV-nin xəbərinə görə, qəsəbənin azyaşlı sakinləri artıq məktəbə daha həvəslə gedirlər.

130 saylı orta məktəbdə apardığımız müşahidələr bunu söyləməyə əsas verir. Tənəffüs zamanı mikrofonun qarşısına keçən məktəblilər dərsə böyük maraq göstərdiklərini etiraf edirlər.
- 6-cı sinifdə oxuyuram. Dərslərə marağım böyükdür. Davamiyyətim də yaxşıdır. Məktəbi sevirəm. Son sinfə qədər oxuyacağam. Çünki ailəmdə oxumağım üçün heç bir problem yoxdur.
- Məktəbi sevirəm, dərslərə davamiyyətim də yaxşıdır. Böyüyəndə həkim olmaq niyyətindəyəm. Yaxşı oxuyuram. Əlaçıyam.
Zəng vurulur və biz sinfə daxil oluruq. İnformatika dərsi başlayır. Bütün şagirdlər sinifdədir. Davamiyyət yaxşıdır, dərsə maraq da açıq-aşkar hiss olunur. 8-ci sinif şagirdlərinin arzuları böyükdür. Aralarında həkim olmaq istəyən də var, diplomat olmaq istəyən də, müəllimlik sənətinə yiyələnmək arzusunda olan da...
- Riyaziyyat fənninə marağım böyükdür. Yaxşı oxuyuram. Dərslərdə iştirak edirəm. Böyüyəndə təhsilimi beynəlxalq əlaqələr üzrə davam etdirmək niyyətindəyəm.
- Mən də riyaziyyat fənnini sevirəm. İnformatikaya marağım böyükdür. Dərslərə gəlirəm. Valideynlərim də oxumağımı istəyir. Müəllimə olacağam.
130 saylı məktəbin direktoru Ağası Orucov əslən nardaranlıdır. Ağası müəllim deyir ki, bu məktəbdə oxuyub, təhsilini başa vurub, sonra ali təhsil alıb. 1986-cı ildən bu yana 130 saylı orta məktəbə rəhbərlik edir. Hazırda qəsəbədə vəziyyətin sabit olmasına diqqət çəkən direktor deyir ki, Nardaranda aparılan abadlıq, quruculuq işlərindən sonra azyaşlılar və yeniyetmələrdə məktəbə maraq daha da artıb. 1976-cı ildən fəaliyyət göstərən məktəb 2013-cü ildə əsaslı təmir olunub. Məktəbdə bütün fənn kabinetləri yenilənib, kompüterlərlə təchiz olunub: "Hazırda davamiyyət yaxşıdır. İslahatlardan sonra demək olar ki, hər şey müsbətə doğru dəyişir. Kənddə polis bölməsinin inzibatı binası və Dövlət Təhlükəsizlik Komitəsinin yeni binası istifadəyə verilib. Dediyim odur ki, bu qurumlarla birgə apardığımız fəaliyyətin nəticəsidir ki, dərsdən yayınan şagirdlərlə danışıqlar aparmışıq. Xüsusilə də yuxarı sinifdə təhsil alan qızların artıq məktəbə gəlməsində ciddi problemlər qalmayıb. Demək olar ki, davamiyyətləri çox yaxşıdır. Düzdür, bəzi ailələrdə görürdüm ki, 5-6 siniflərdən sonra qızların təhsil almasına qadağa qoyurdular. Amma tam səmimi deyirəm, müsahibə olduğu üçün demirəm, indi onlar da dərslərinə mütəmadi davam edirlər".
Yenidənqurma işləri nəticəsində məktəbin futbol meydançası da tam təmir olunaraq istifadəyə verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi