azia.az
azia.az

Qarabağın əhalisi: bizim statistika, ermənilərin statistikası

15-11-2016, 16:05

Qarabağın əhalisi: bizim statistika, ermənilərin statistikası
Dövlət Statistika Komitəsinin rəsmi hesabatına görə, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinin əhalisinin sayı 2016-cı ilin əvvəlinə rayonlar üzrə belə olub: Xankəndi şəhəri – 55,6 min nəfər, Xocavənd rayonu – 43,2 min nəfər, Şuşa rayonu – 32,8 min nəfər, Xocalı rayonu – 27,8 min nəfər

İşğal edilmiş digər rayonlara gəlincə, bir hissəsi Azərbaycanın nəzarətində olan Ağdamın əhalisinin sayı 2016-cı ilin əvvəlinə 194,8 min nəfər, Füzulinin əhalisinin sayı 127,6 min nəfər göstərilib.

Dövlət Statistika Komitəsi qeyd edir ki, bu ilin əvvəlinə Kəlbəcərin əhalisi 89,8 min nəfər, Cəbrayılın əhalisi 77,8 min nəfər, Laçının əhalisi 75,1 min nəfər, Zəngilanın əhalisi 43,4 min nəfər, Qubadlının əhalisi 39,6 min nəfər olub.

Erməni mənbələrinin iddiasına görə, Azərbaycanın işğal olunmuş ərazilərində 146,6 min nəfər yaşayır. Novator.az bildirir ki, erməni mənbələrində Dağlıq Qarabağ bölgəsinin mərkəzi şəhəri Xankəndinin əhalisi 54,1 min nəfər verilir. Xocavənd rayonunun hüdudları daxilində 37,2 min, keçmiş Ağdərə rayonu zonasında 20,2 min, Xocalı rayonu ərazisində 17,9 min, Şuşa rayonunda 5,5 min nəfərin yaşadığı bildirilir. Dağlıq Qarabağın ətrafındakı rayonlardan Kəlbəcərdə 3 min, Laçın, Qubadlı və Zəngilanda üst-üstə 8,7 min nəfərin yaşadığı qeyd olunur.

Dağlıq Qarabağdakı işğalçı rejim bölgəni və onun ətrafındakı torpaqları 1 şəhərə (Stepanakert) və 7 rayona (Əsgəran, Mardakert, Martuni, Hadrut, Şuşi, Kaşataq, Şaumyan) bölüb.

İşğalçı rejim 1991-ci ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonlarının ərazisində elan olunub. Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib. 1992-ci ildə erməni silahlı birləşmələrindən tam qurtulmuş bu ərazi Goranboy rayonunun tərkib hissəsidir. İşğalçı rejimin dırnaqarası xəritəsində isə Şaumyan adlı rayon mövcuddur və ermənilər işğal altındakı Kəlbəcər rayonunu onun tərkibinə qatıblar. Dağlıq Qarabağla Ermənistan arasında yerləşən digər rayon – Laçın isə işğalçı rejimdə “Kaşataq” adı ilə tanınır. Qubadlı və Zəngilanın əraziləri həmin rayonun idarəçiliyindədir. Dağlıq Qarabağdan kənarda yerləşən Füzuli rayonunun işğaldakı hissəsi Martuniyə, Cəbrayıl rayonu Hadruta, Ağdam rayonunun işğaldakı hissəsi Əsgərana birləşdirilib.

1991-ci ilədək olan ərazi bölgüsünə əsasən, Dağlıq Qarabağ bölgəsi Şuşa, Əsgəran, Mardakert, Martuni və Hadrut rayonlarından, Stepanakert şəhərindən ibarət olub. Həmin il noyabrın 26-da Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə isə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi