azia.az
azia.az

Söz adam - Əsəd Cahangirin 55 illiyinə

23-06-2021, 12:55


Əsəd Cahangir
Söz adam - Əsəd Cahangirin 55 illiyinə
"Mən ona insan şəklinə düşmüş söz kimi baxıram" - Nazilə Gültac
Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, ünlü tənqidçi, şair, esseist Əsəd Cahangir ömrünün və yaradıcılığının kamillik mərhələsindədir.
Mən onu ədəbi aləmdə həm bir söz adamı, həm də müasir fəlsəfi-ictimai dünyagörüşünə malik ziyalı kimi tanıyırdım. O, “Ağ saç, qara saç”, “Kim yatmış kim oyaq”, “On üçüncü gecə” kimi kitabların, “Söz”, “Səs”, “Dəmirbaşlar”, “Aprel tezisləri”, “Ölüm-dirim” kimi məşhur esselərin, “O Adam”, “Namaz”, “Xarıgülnar” kimi ünlü poemalarının, çoxsaylı məqalələrin, icmalların müəlifidir. Onun maraq dairəsi genişdir - ədəbiyyat, teatr, kino, musiqi, tarix, din, fəlsəfə, ezoterika… Mən ona insan şəklinə düşmüş söz kimi baxıram. O sözün özüdür. O, söz adamı deyil, Söz Adamdır.

Lakin yaxından tanış olduqca, gördüm ki, məsələ sadəcə sözlə bitmir. Əsəd müəllimin bir çox gözəl şəxsi keyfiyyətlərinin də şahidi oldum. O, çox təvazökar, yanımcıl, dostcanlı, mehriban, qonaqpərvər adamdır, qayğıkeşdir. Onun poetik landşaftı çox genişdir. Gözəl şeirlər yazmaqla yanaşı mahnılar bəstələyir, kliplər hazırlayır. Söz dünyasında sevdiyi kimi, evdə də original səliqə-sahman sevəndir. Otağını tablolar, kitablar, dekorativ bitkilər bəzəyir.

Əsəd müəllimin xarakteri var. O bir ədəbiyyatçı, tənqidçi kimi, obyektivdir, yaxşı insanları qiymətləndirməyi bacarır. O, sözü, ədəbiyyatı özündən çox istəyir. Havası, suyudur ədəbiyyat. Sözlə nəfəs alır, sözlə yaşayır. O, ədəbi tənqidimizin layiqli davamçısıdır.

Haqsızlığa, yerində olmayan adamlara qarşı mübarizə aparır, ədalətsizliyə göz yuma bilmir. Sözdür onun silahı. Biz, onu yaxından tanıyan dostları olaraq, Əsəd müəllimin xatirini çox istəyirik.

Əsəd Cahangir həmişə mənə xalqın həkimi, mən də ona sözün həkimi deyirəm. Həqiqətən, zəif, cılız, xəstə sözləri və fikirləri məntiqi və savadı ilə cilalayıb, sözün həqiqi mənasında sağaldır.

Əziz və dəyərli Əsəd müəllimə yeni yaradıcılıq uğurları və gözəl, mənalı ömür arzulayıram. Uca Tanrı qələm tutan əlini əsdirməsin, dünyaya, cahana sığmayan könlünü həmişə şad eləsin. Şair ruhu əlçatmaz yüksəkliklərdə pərvaz eləsin. Əsəd Cahangirin ad gününü bu kiçik şeirimlə təbrik edirəm.

SÖZ ADAM

Əsəd Cahangirə

Sözündə dağ ucalığı,
Dərinlik var,
Sözündə orman yaşıllığı,
Gül qoxusu var.
Sözünün xəncər itiliyi,
Zərifi, incəsi var,
Altunu, incisi var.
Sözdən yaranıb kainatı,
Həyatı.
Könüllərdə od qalar,
Günəş qədər nurludur,
Bulud kimi yağar o,
Dağ çayı tək çağlayar.
Böyük ümmana dönər.
Sözü Allahın hikməti,
İlahi pıçıltıdır.
Söz Adamdır -
Əsəd Cahangir.

Nazilə Gültac


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi