Salyanda İlham Qəhrəmanın 60 illik yubileyi keçirildi - Foto
Avqustun 7-də Salyan şəhərində şair-publisist İlham Qəhrəmanın 60 illik yubiley tədbiri keçirilib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Muğan bölməsi tərəfindən təşkil edilən tədbir Salyan Diyarşünaslıq Muzeyində baş tutub.
Tədbirdə yubilyarın qələm dostları - tənqidçi Əsəd Cahangir və şair Oktay Rza da iştirak ediblər. Rayon rəhbərliyi, ziyalılar, regionun tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin iştirak etdiyi tədbirdə AYB Muğan bölməsinin sədri Nəbi İbrahimli gələn qonaqları salamlayıb, belə tədbirlərin əhəmiyyətindən danışıb.
Salyan Mərkəzi Kitabxanasının direktoru Səidə Əliyeva öz çıxışında həm yubilyarın bioqrafiyası, həm də keçdiyi zəngin yaradıcılıq yolu haqqında məlumat verib.
Daha sonra Salyan şəhər 2 saylı tam orta məktəbin dil-ədəbiyyat müəllimi, Nəsimi adına Dilçilik İnstitutunun aspirantı Günel Orucova İlham Qəhrəmanın yaradıcılıq məziyyətlərindən söz açıb, onun şeir yaradıcılığında canlı xalq danışıq dilindən məharətlə bəhrələnməsindən, bir çox unudulmuş sözlərə uğurla yenidən həyat verməsindən bəhs edib.
Natiq İlham Qəhrəmanın folklor yaradıcılığından da danışıb. O, şairin Sarı Aşıq və Aşıq Alı yaradıcılığına diqqət ayırmasından, onların irsini toplaması və cinasları orjinalda olduğu kimi tərtib etməsindən söz açıb.
“Kürün töhfəsi” ədəbi birliyinin üzvü, şair Pərviz Əbil tədbirdə İlham Qəhrəmanın və öz yaradıcılığından şeirlər səsləndirib.
Ə.Cahangir qələm dostu İlham Qəhrəmanın lirik şair olduğunu, onun yaradıcılığını maraqla izlədiyini.ş şairin şeirlərində analarımızın dilində danışmasını vurğulayıb.
Daha sonra O.Rza şairin doğma yurdu Laçının işğal altında olmasından və onun bu mövzuda yazılıb yenicə “Ədəbiyyat qəzeti”ndə işıq üzü görmüş “Yaddaş” poemasından söz açıb.
Daha sonra ədbirdə Salayan rayon İcra Hakimiyyətinin Humanitar və İctimai-siyasi şöbəsinin müdiri Əzizağa Yaqubov, şair-publisist Əzizağa Məmmədli və başqaları çıxış ediblər.
Sonda yubilyar öz ürək sözlərini bölüşüb, tədbirin təşkilatçılarına minnətdarlığını ifadə edib.