azia.az
azia.az

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”

10-11-2020, 16:16

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Qələbə sevincini kədərə çevirməsinlər”

Gecə saatlarından indiyə qədər əhali qələbə sevinci ilə küçələrə axışıb. Bütün hərəkət iştirakçılarını, xüsusilə sürücüləri başa düşürük, lakin ehtiyatlı olmaqda fayda var.

Bu sözləri Azia.Az-a açıqlmasında Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BŞBPİ DYP) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, bu tarixi günü layiqincə qeyd etmək lazımdır:

“Bu gün bütün xalq küçə və yollara axışaraq qələbə sevincini bölüşür. Lakin bəzi sürücülərin mövcud vəziyyətdən istifadə edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozurlar. Eyni zamanda da piyadalar küçələrdə onlar üçün müəyyən edilmiş keçidlərdən keçməməklə təhlükəsizliklərini riskə atırlar.

Sizin vasitənizlə hərəkət iştirakçılarına səslənir və tövsiyə edirik ki, qələbə sevincini kədərə çevirəcək məqamlara yol verməsinlər. Xüsusilə də sürücülər nəqliyyat vasitələrini yol hərəkəti qaydalarına uyğun idarə etsinlər ki, onların, eləcə də digər hərəkət iştirakçılarının sağlamlığına ciddi təhlükə yaranmasın.

Sözsüz ki, biz də bu ölkənin vətəndaşıyıq, hər kəs kimi biz də Ali Baş Komandanın qələbə müjdəsinə çox sevindik. Sevincimizin həddi-hüdudu yoxdur, Yaşasın Azərbaycan, yaşasın Azərbaycan Ordusu. Bütün bunlara baxmayaraq, hərəkət iştirakçılarından xahiş edirik ki, vətəndaşlarımızın narahatlığına və haqlı narazılığına səbəb olacaq şərait yaratmasınlar. Yol hərəkətində nöqsanlara yol verməsinlər, sevincimizi kədərə çevirməsinlər”.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin də yaydığı məlumatda qeyd olunub ki, müşahidələr göstərir ki, bəzi sürücülərin belə şəraitdən sui-istifadə edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozmaları, piyadaların isə onlar üçün müəyyən edilmiş keçidlərdən istifadə etməmələri digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır. Odur ki, bütün yol hərəkəti iştirakçılarından qaydalara ciddi əməl etmələrini, ictimai asayişin və ictimai təhlükəsizliyin pozulmasına səbəb ola biləcək hərəkətlərdən çəkinmələrini xahiş edirik.

Qələbə sevincimizin daha təhlükəsizlik şəraitində keçməsi, bu zaman hər hansı xoşagəlməz hadisənin baş verməməsi üçün nəqliyyat sahibləri yol hərəkəti qaydalarına riayət etməli, piyadalar isə onlar üçün müəyyən edilmiş yol keçidlərindən istifadə etməlidirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi