azia.az
azia.az

Türk dünyasından Azərbaycana böyük Qarabağ dəstəyi

16-10-2019, 11:08

Türk dünyasından Azərbaycana böyük Qarabağ dəstəyi
Türk dövlətlərindən erməni işğalı ilə bağlı haqlı və qəti mövqe - Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir; rusiyalı politoloq: “Ermənistanın yerləşdiyi torpaqlar əvvəllər İrəvan xanlığına aid olub...”
ATƏT-in Minsk Qrupunun Rusiya, ABŞ və Fransadan olan həmsədrləri bölgədədirlər. Bu dəfə də onlar səfərə işğalçı Ermənistandan başlayıblar. Dünən onlar İrəvanda rəsmi şəxslərlə görüşlər keçiriblər. Oradan işğal altındakı Dağlıq Qarabağa - Xankəndinə yollanıblar. Məlumatlara görə, həmsədrlərin bölgəyə səfəri Bakıda tamamlanacaq.

Vasitəçilərin regiona budəfəki gəlişi kifayət qədər həssas bir duruma təsadüf edir. Bu həssaslıq və özəllik də əsasən ondan ibarətdir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” təxribatçı və sərsəm bəyanatından sonra sülh danışıqları, faktiki, dayanıb. Doğrudur, Azərbaycan prezidenti İlham Əliyev tərəfindən Paşinyanın cavabını artıqlaması ilə verilib. Ancaq gerçək belədir ki, rəsmi İrəvanın üzündən hansısa sülh prosesindən danışmaq mənasız hala gəlib. Təbii ki, adekvat olaraq genişmiqyaslı hərbi əməliyyatların bərpası ehtimalı artıb.

Bu mənada həmsədrlərin birinci vəzifəsi məntiqlə nizamlama prosesinə impuls verməkdən ibarət ola bilər. Ancaq buna nail ola biləcəklərmi? Söyləmək çətindir. Çünki çox şey Qarabağ məsələsində iki əsas vasitəçi dövlət - Rusiya və ABŞ-ın bunda nə dərəcədə maraqlı olmasından asılıdır.

Yeri gəlmişkən, diplomatların səfərinə az qalmış həm Rusiyadan, həm də ABŞ-dan Dağlıq Qarabağa qalmaqallı qanunsuz səfərlər qeydə alınıb. Özü də bu, sıradan səfərlər deyil. ABŞ-dan iki konqresmen, Rusiyadan isə Dövlət Dumasının komitə sədrinin müavini Konstantin Zatulin işğal altındakı ərazilərə qanunsuz səfərlər edərək, Azərbaycan dövləti əleyhinə açıqlamalar, bəyanatlar veriblər.

Artıq rəsmi Bakı bu təxribatçı şəxslərlə bağlı sərt etirazını bildirib. Lakin ədalətli olardı ki, özlərini qərəzsiz vasitəçilər kimi təqdim edən Rusiya və ABŞ da rəsmi səviyyədə Azərbaycana qarşı bu qərəzli, onsuz da dalana girmiş sülh prosesinə ciddi zərbə vuran belə hərəkətləri pisləyəydi. Əfsus ki, bunun şahidi olmuruq. Bu da Moskva və Vaşinqtonun separatizm məsələsində “ikili standart” yanaşmasından xəbər verir.

Hərçənd, məsələn, Rusiya Dövlət Dumasında Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev erməni yanlısı Konstantin Zatulinin Qarabağa qanunsuz səfər etməsinə və orada “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu hədyanlar söyləməsinə yetərincə kəskin mövqe bildirib.

Türk dünyasından Azərbaycana böyük Qarabağ dəstəyi ile ilgili görsel sonucu

Savelyev öz şərhində bu cür bəyanatların “çox qəribə” olduğunu bildirir: “Çünki Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejim heç kim, o cümlədən elə Ermənistanın özü tərəfindən tanınmayıb. Rusiyanın rəsmi mövqeyi çox qəti şəkildə ifadə olunub: Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsi sırf beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Məhz ona görə də dövlətimiz vətəndaşları adından heç bir ”artsax"ı tanımır. Münaqişənin iki tərəfi var, bu da Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır. Yüzlərlə dinc azərbaycanlının öldürüldüyü Xocalı faciəsi indiyədək hərbi cinayət əməli kimi tanınmayıb. Bunu həll etmək, həlak olmuş, ev-eşiyini itirmiş insanlar üçün haqq-ədaləti bərpa etmək lazımdır", - rusiyalı deputat əlavə edib.

Haqlı mövqedir. Amma əfsuslar olsun ki, belə ədalətli mövqeyi Rusiyanın ali rəsmilərinin, o cümlədən xarici işlər naziri Sergey Lavrovun dilindən eşitmirik.

“Tarixi həqiqət ondan ibarətdir ki, hazırda Ermənistanın yerləşdiyi torpaqlar əvvəllər İrəvan xanlığına aid olub”. Bu sözləri Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin Politologiya və Sosiologiya kafedrasının dosenti, “Rusiya Zabitləri” ictimai təşkilatının Ekspertlər Şurasının üzvü Aleksandr Perenciyev deyib (Axar.az). Onun sözlərinə görə, tarixi təhlil aparmadan Ermənistan-Azərbaycan münaqişəsinə düzgün qiymət vermək mümkün deyil.

“İrəvan xanlığının ərazisinə erməni miqrantlar köçüb. Rusiya imperiyası öz xristianlarını dəstəkləmək üçün onları yaşayış yeri ilə təmin edib. Gələcəkdə bütün bunlar Ermənistan SSR-ə çevrildi. Burada yaşayırdılar, daha sonra möhkəmləndilər” - ekspert bildirib.

Türk dünyasından Azərbaycana böyük Qarabağ dəstəyi ile ilgili görsel sonucu

Aleksandr Perenciyev bildirib ki, o vaxtdan ermənilərin beynində belə bir postulat qalıb ki, türklərin əlindən torpaqlarını almaq olar: “Onlar düşünüblər ki, bu prosesi niyə davam etdirməyək? Yumşaq desək, Azərbaycanın qeyri-sabit mövqe tutduğu bir dövrdə Ermənistan bundan istifadə etdi. Əvvəlcə kütləvi şəkildə Dağlıq Qarabağı bürüdülər, bundan sonra millətçilərin köməyi ilə bu torpaqları tutaraq, Ermənistan-Azərbaycan konfliktini başlatdılar. Qarabağda qırğın törətdilər. Ermənilər Dağlıq Qarabağ ərazisindən başqa, ətraf rayonları da tutdular. Bütün bunları işğal adlandırmaqdan çəkinmirəm”.

Əlamətdardır ki, Qarabağla bağlı belə ədalətli mövqe və çağırışlar Bakıda keçirilən türkdilli ölkələrin xarici işlər nazirlərinin toplantısında və ardınca keçirilən Türk Şurasının 7-ci zirvə toplantısında da səslənib. O sırada xüsusilə də qardaş Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlunun Qarabağ məsələsində bir daha ölkəmizin mövqeyini müdafiə eləməsi mühüm əhəmiyyət daşıyır.

“Ermənistan uzun müddətdir Qarabağı və digər Azərbaycan torpaqlarını işğal edib. Dünya hələ də ”ikili standart" mövqeyindən çıxış edir. ATƏT-in Minsk Qrupunun səyləri nəticə vermir. Biz Azərbaycanı Qarabağla bağlı ədalətli mübarizəsində tək qoya bilmərik", - deyə Türkiyənin baş diplomatı Bakıda bəyan edib.

“Azərbaycanın ərazi bütövlüyü çox mühümdür”. Bunu isə Özbəkistan prezidenti Şavkat Mirziyoyev Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdə söyləyib. “Başlıcası, siz Özbəkistanın həmişə - əvvəllər də, indi də Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bilirsiniz və buna əmin olmalısınız. Bu, bizim səmimi arzumuzdur. Çünki Azərbaycanın ərazi bütövlüyü çox mühümdür. Hər şey sülh yolu ilə olmalıdır, Birləşmiş Millətlər Təşkilatının bütün qərarları yerinə yetirilməlidir. İlham Heydər oğlu, biz bunu həmişə dəstəkləmişik və gələcəkdə də mütləq dəstəkləyəcəyik. Çünki bu, bizim qardaş Azərbaycanla bağlı niyyətimizdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, Özbəkistan Türkiyə kimi Ermənistanla indiyədək diplomatik əlaqələr qurmayıb. Eləcə də digər türkdilli ölkələrin Dağlıq Qarabağ məsələsində mövqeyi yetərincə aydın və birmənalıdır - Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, eyni zamanda işğalçı Ermənistana və hazırda bölgədə səfərdə olan həmsədrlərə mühüm xəbərdarlıqdır.

Xüsusın də Ermənistan rəhbərliyi işğal rejiminin sonsuzadək uzanmayacağını anlamalı, daşı ətəyindən tökməli və absurd tələblərindən əl çəkərək, Azərbaycanla konstruktiv danışıqlara köklənməlidir. Əks halda, daha ağır sosial-iqtisadi kataklizmlərə və siyasi təlatümlərə, dağıdıcı müharibəyə hazır olmalıdır.

*****

Müharibədən söz düşmüşkən, nə işğalçı ölkənin büdcəsi, iqtisadiyyatı, nə də onun insan potensialı uzunmüddətli savaşa və bahalı silahlanmaya tab gətirəcək həddə deyil. Bunu ermənilərin özləri də etiraf edirlər. Məsələn, məlum olub ki, Ermənistanın yeni hakimiyyəti hərbi xərcləri artıraraq Azərbaycanla bu sahədə ayaqlaşmağa çalışsa da, bu, baş tutmur.

Ermənistanın 2020-ci il üçün büdcəsində hərbi xərclərin cəmi 0.8 faizlik artımı nəzərdə tutulub. Bu il ölkə hərbi xərclərə 303 milyard dram (təxminən 634 milyon dollar) nəzərdə tutulmuşdusa, gələn il həmin rəqəm 305 milyard dram (638 milyon dollar) təşkil edəcək. Lakin ehtiyatda olan polkovnik Vladimir Ovanesyan hesab edir ki, Ermənistan Azərbaycanla müharibə ərəfəsindədir və belə vəziyyətdə hərbi büdcənin cəmi 0.8 faiz artımı yolverilməzdir (Virtualaz.org). O, müqayisə üçün qeyd edib ki, Azərbaycan 2020-ci ildə hərbi xərcləri 10 faiz artırmağa hazırlaşır.

Polkovnik Ovanesyan əlavə edir ki, inflyasiyanı nəzərə alanda həmin 0.8 faizlik artım əslində artım deyil, hərbi xərclər inflyasiyaya görə bu ilkinə nisbətən azalacaq. Ovanisyanın bildirdiyinə görə, Ermənistan Müdafiə Nazirliyinə ayrılan vəsaitin 75 faizi maaşlara, kommunal xərclərə və digər məcburi ödənişlərə sərf olunur. Qalan hissəsinə isə hərbi ehtiyaclar üçün nələrsə alına bilər. Üstəlik, bu zaman korrupsiyaya yol verilir, onsuz da az olan vəsait bir tərəfdən də mənimsənilir.

Ancaq bu, təbii ki, işğalçı ölkənin problemidir. Ermənistan rəhbərləri, nəhayət, anlamalıdırlar ki, silahlanma yarışında Azərbaycanla ayaqlaşmaq, deməli, həm də uzunmüddətli müharibə aparmaq mümkün deyil və əks halda, işğalçı ölkənin olan-qalan büdcəsi, iqtisadiyyatı darmadağın olacaq. Bu üzdən İrəvan üçün yoxsul əhalinin boğazından kəsib işğalçı orduya xərcləməkdənsə, işğala son qoyub erməni xalqının rifahı barədə düşünmək yeganə xilas yoludur...

Siyasət şöbəsi


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi