Sükut insana günahdırmı... (Təmsil)
“İnsan yer üzünün əşrəfidir.” Bu söz bu gün də dilimizdədir. Bəs insan özünə sahib çıxa bilirmi? Bu sualı cavablandırmaq üçün hər bir insan günahkar sayıla bilməz. Allah insanı yaradanda hər birinə başqa formada ağıl nəsib edib. Bəziləri dillidir, digərlərinə baxırsan ki, çox sakit görünür. Az danışar, az sözə-söhbətə fikir verərlər. Kimsə beləsinə baxsa, onda belə bir hiss yaranar ki, nəsə çatmır bu insanda. Belə insan hər kəsin maraqla yanaşdığı həmin o sükut insanıdır.
O insan sanki heç bir işə fikir vermir və Allah verən ömrünü yaşayır. Amma biz həmin insanın öz dünyasını açsaq və onu tanıtsaq, görərik ki, o bizi bizdən yaxşı tanıyır. O, lazım gələrsə, bir az sözünü demək üçün bir MƏN kimi dayanır və özünü sübut edir.
Mən bu insan haqqında gördüklərimi və bildiklərimi sizlərə sübut etmək istərdim. Sizlərə nəql etmək istədiyim hadisə institutların birində baş verib.
İmtahanlar verilən vaxt məktəbi bitirən bir qız da tibb institutuna imtahan verir və xoşbəxtlikdən qəbul olunur. Qızın ailəsigilə belə bir qayda vardı. Onlar öz qohumları haqqında tez-tez maraqlanar, həm də gəlib görərdilər. Belə bir gündə qonaq gəldikləri vaxt eşidirlər ki, qohumlar arasında iki nəfər gənc də instituta daxil olub. Elə həmin gün Afətin də tibb institutuna qəbul olunduğu üzə çıxır.
Gələnlər həmin ailəni ürəkdən təbrik edirlər və həm də qeyd edirlər ki, qızın xala oğlunu da, qızın bibi nəvəsini də təbrik etsinlər. Həmin qohumlar öz dediklərini həyata keçirib o qohumlarını da təbrik edirlər.
Ortada belə hadisələr cərəyan etdikcə, sükut da nələrəsə diqqət edir və fikir toplayırdı. Yəqin ki, hadisələrə sükutun öz fikri olacaqdır.
Nəhayət, məktəblər açılır. Bütün uşaqlar və məzunlar hansı universitetə daxil olublarsa, həmin institutlara dərsə gedirlər. Afət də öz seçdiyi instituta gedir. Dərslər başlayır. Hamı öz işində-gücündə çalışır.
Günlərin bir günü Sadiq Afəti avtobusda görür. Onlar salamlaşır və görüşüb söhbət edirlər. Sözügedən Sadiq Afətlə xalaoğlu idilər. Gənclər parkların birində otururlar. Elə bu zaman Afətin bibi nəvəsi Zakir həmin parkda başqa stolda uşaqlarla əyləşmişdi. Zakir oturduğu stoldan ayrılıb Afətgilin stoluna yaxınlaşır və onlarla da səmimi görüşür.
Bu arada bu gənclərin hər ikisinin də ürəyindən, bir-birindən xəbərsiz, bir “cızıltı” keçir. Amma onu qeyd edim ki, qız həqiqətən çox gözəl qız idi. Əxlaqı, tərbiyəsi yerində olan bir ailə qızı idi.
Bu gənclər stoldan qalxdıqları zaman Afətin ayağı stola ilişdiyindən üzüaşağı yıxılır və ağzı-burnu qanayır. Sadiq tez qızı qaldırıb stolda yenidən oturdur və onun toparlanmağına köməklik edir. Deyim ki, heç Zakir də Sadiqdən geri qalmır. Əslində, bu gənclərin özləri də çox yaraşıqlı idilər. Onlar qıza yetərincə dəstək oldular.
Onlar olduqları yeri tərk edərək evlərinə getməyi qərara aldılar. Sadiq isə qıza deyirdi:
— Ayağın şişib. Gəl həkimə gedək.
Qız isə fikrində israrlı oldu və evinə getməyi qərara aldı.
Bu zaman Sadiq Zakirdən soruşdu:
— Sən də getmək istəyirsən?
Zakir isə dedi:
— Sən gedirsən, mən niyə gedim ki?!
Sadiq isə cavabında ona dedi:
— Yaxşı, sən get işini gör. Afəti mən evlərinə taksi ilə apararam.
Hər kəs öz işini bildiyindən onlar Zakirdən ayrıldılar. Sadiq isə tez bir zamanda taksi saxladıb, Afəti maşına əyləşdirib özü də keçib qabaqda əyləşdi.
Yolda Sadiq bir neçə dəfə soruşdu:
— Afət, qıçın ağrıyırmı?
Afət isə ağrısa da, heç səsini çıxartmırdı.
Nəhayət, onlar Afətgilin evinə çatdılar. Sadiq Afəti düşürüb onu gözləyən anasına təhvil verdi. Ana dedi:
— Düş, gəl, qonağımız ol!..
Sadiq isə getməyə qərarlı olduğundan evə çıxmadı. Anası və qızı Sadiqi yola saldılar.
Mən sizə istərdim bir az Afət haqqında məlumat verim. Afət çox tərbiyəli və əxlaqı yerində olan bir gənc qız idi. O da məktəbi əla qiymətlərlə yeni bitirmişdi. Əslində, nəsildə onu tanıyan hamı sevirdi. Ancaq bir irad bildirirdilər ki, onun bir eybi var. Amma niyə o, nadir hallarda danışır?
Məncə, onda da sükuta bənzəyən hansısa bir xüsusiyyət var idi. Bunu onu tanıyan qohum-qonşu hamı qeyd edirdi. Belə xasiyyət hər adama nəsib olmur. Ancaq Allah bu xüsusiyyəti ona bəxş etmişdir.
O, az danışsa da, bəzən elə bir söhbətə müdaxilə edərdi ki, heç vaxt yalançı kimi görünməzdi. Bəli, bizim qızımız belə qız idi.
Afət bir neçə gün evdə oturduqdan sonra onun ayağı yavaş-yavaş sağalır. Amma onu qeyd edim ki, belə vaxtlarda Afəti görməyə gələn həm qrup yoldaşları, həm də xalasının oğlu Sadiq idi. Sadiq tez-tez gəlib qızı görürdü. Amma gəlməyən biri vardısa, o da Zakir idi.
Nəhayət, işlər qaydaya düşdü. Afət özü də universitetə getməyə başladı. Afətin ayağı ağır zədə aldığından Sadiq qızı evdən tək çıxmağa qoymurdu. Onu bir müddət xalaoğlusu aparıb-gətirdi. Bir iş maraqlı idi ki, o biri qohum isə gözə heç görünmürdü.
Bir dəfə universitetdən çıxanda atasının qohumu onu görməyə gəlmişdi. Salam-sağoldan sonra gördülər ki, Sadiq də gəldi. Onlar yenidən hansısa kafeyə getmək istəyəndə Afət razılıq vermir. Belə narazılığı görən Zakir incimiş halda onlardan ayrılıb gedir. Belə hərəkət Afətə çox pis təsir edir.
Vaxt, zaman elə tez ötür ki, heç insanın yaddaşında iz də buraxmır.
Nəhayət, Sadiq universitetini bitirib işə də düzəlir. Afət isə hələ 3-cü kursda oxuyurdu. Afətlə Sadiqin mehribanlığı davam edirdi. Onlar arada görüşüb söhbət edirdilər.
Bir gün yenə də onlar söhbət edə-edə yol gedirdilər. Sadiq Afətə bir söz deməsə də, xalası qızı onun çox xoşuna gəlirdi. Sadiq bir az yerişini yavaşıtdı və Afətə dedi:
— Biz qohumuq, sən mənim xalamın qızısan. Mən sənə sözümü düz gözlərinin içinə baxaraq deyəcəyəm. Afət, mən səninlə ailə qurmaq istəyirəm. Sən mənə nə deyirsən? Sən də razısan bu məsələyə?
Afət bu fikri çox sakitliklə qarşıladı və dedi:
— Sadiq, bizim öz ailələrimiz var. Məsələni onların da bilməyi çox vacibdir. Həftə sonu mən evdə deyərəm ki, xalamgil bizə gəlmək istəyirlər.
Onlar belə söhbət edə-edə xeyli gəlib Afətgilin evlərinə çatdılar. Afət Sadiqdən ayrılıb evlərinə daxil olur. Sadiq isə özünü toparlayaraq yoluna davam edir.
Sadiq bir müddətdir qəlbində saxladığı fikirləri anasına deməyə çəkinirdi. O, yol gedə-gedə anasına demədiyi söz haqqında düşündü. Nədənsə, indi Sadiq sanki uça-uça gedirdi evlərinə.
Sadiq evə girən kimi salam-sağoldan sonra ürəyindəki fikri anasına demək istəyirdi, hətta deyərdim ki, tələsirdi. Onlar stola əyləşib söhbətə başladılar.
Sadiq anasına belə dedi:
— Universitetdən çıxanda getdim Afəti götürməyə və onunla evlərinə qədər gəldim. Sonra ona yolda ürəyimdən keçən bir fikri açdım. Ana, xala qızım da olsa, mən o qıza vurulmuşam!
Anası onun sözlərinə cavab verdi:
— Sən nə dedin, mən başa düşdüm. Görək xalangil bu məsələyə nə deyəcəklər.
Sadiq soruşdu:
— Doğrudan dedin, ay ana?
— Hə... dedim, ay bala. Burada nə var ki?
— O sənə elə gəlir. Atan axşam gəlsin, ona da xəbər verək, görək o, nə deyəcək.
— Ay ana, atam nə deyəsidir ki? Tərtəmiz bir qızla ailə qurmağa çalışıram. Məncə, atam sevinər. Mənə elə gəlir ki, atam heç bir söz deməz.
Axşam düşdü, ata gəldi evə. Xanımı onu yedirəndən sonra əsas məsələni ərinə dedi. Atası bir az təəccübləndi:
— Bu necə ola bilər axı?
Sadiq isə belə cavab verdi:
— Mən hardan biləydim, ay ata. Yəqin ki, bu da Allahın mənə verdiyi qismətdir.
Oğlan evində hər şey bilindi və üzə çıxaraq yoluna qoyuldu. Evdə Sadiqin atası da razı oldu bu məsələyə. Artıq onlar bazar günü Afətgilə gedəsi idilər ki, məsələni qız evinə bildirsinlər.
Əslində, oğlan evinin fikri toyu tez etməkdir. Bu toy söhbəti qohumlar arasında tez yayıldığından eşidib bilənlər gözaydınlığı verirdilər. Demək olar ki, üzük taxılma mərasiminə yaman hazırlıq gedirdi. Artıq vaxt təyin edilmişdi.
Bu məclisə qohum-qardaş hamısı üzüktaxtı məclisinə yaman hazırlaşırdılar. “Allah xoşbəxt eləsin!” Dillərdə bu söz idi.
Nəhayət, dəbdəbəli toy-busatla üzük taxılma mərasimi keçirildi. Gələn hər kəs məclisdə şənlənib, deyib-gülərək məclisi tərk etdilər.
Artıq yad adamların hamısı məclisdən dağılmışdılar. Qalanlar hamısı öz qohumları idi.
Bu arada Zakir kefli vəziyyətdə Sadiqgildə gözə göründü. Sadiq onu görən kimi çəkib apardı çölə ki, görək bu oğlan onlara nə demək fikrindədir. Qız da bu vəziyyəti gördü və nişanlısıyla düşdülər həyətə. Bu hadisəni kənardan Afətin atası, anası da gördülər. Onlar da tez-tələsik düşdülər ki, görək bu nə məsələdir.
Bu Zakir isə nə etdiyini bilmirdi də...
Afətin anası məsələni qızın atasına danışmışdı. Amma ortadakı söhbəti heç qız özü bilmirdi.
Zakir qızın atasına müraciətlə dedi:
— İndi de görək, niyə qızınızı mənə vermədiniz? Mənim var-dövlətim, işim, pulum — hər şeyim var idi.
Ata dedi:
— Ay bala, burada nə mənlik, nə də analıq bir iş var. İki gənc özləri danışıb həll edib, sonra da bizə deyiblər.
Zakir üzünü qıza çevirərək belə dedi:
— Mən səni lap çoxdan seçmişdim. Yadına gəlir, sən yıxıldın? Səni mən yıxmışdım. Çünki mən işin axırını bilirdim ki, nə baş verəcək.
Və budur, hadisə öz yerini alıb.
Bu danışığı eşidən Afət atasından icazə istədi ki, Zakirin cavabını özünə yaraşan formada versin.
— Sən elə bildin ki, mən sakitəm və mənim başıma qapazı vurub nələrisə əlimdən almaq olar, hə... Əsla, mən elə deyiləm. Sən məni elə görə bilərsən. Amma daxilimdəki o MƏN-i idarə edə bilməzsən. Gördüyün bütün işlərin hamısını mənim sükutum həll edib. Sükut hərəkətsizliyi danışdırır və insanın daxilini gözə görünən edir. İndisə get!.. Artıq sənin daxilin gözlər önündədir...!
QEYD:
İnsan yer kürəsi üçün ən böyük hadisədir. Lakin onun da çatmayan cəhətləri mövcuddur. İlk olaraq, gördüyün əksərində görünən sakitlik və susqunluqdur. Belə insanları sevməyənlər də var. Çünki elələri öz hiyləsini həyata keçirə bilmədiyi üçün Allahın belə yaratdıqlarını sevmirlər.
Ancaq belə xarakter hər yaranmışa nəsib edilmir. Elə insanlar o zaman danışar ki, onlar öz MƏN-lərinə inanar və bildiklərini də edərlər.
Gördüyünüz hadisə isə Allahın öz yaratdığına ən böyük hədiyyəsidir.