El ağsaqqalı-Yusif Səmədovun 95 illiyinə
Həyat və fəaliyyəti ilə el-obasına, Mərzilisinə, Qarabağa, Azərbaycana şöhrət qazandıran, onu sərhədlərimizdən uzaqlarda ləyaqətlə təmsil edən Vətəndaş alimlərdən, ziyalılardan biri də Yusif Həsən oğlu Səmədovdur.
Yusif müəllim 1960-1970-ci illərdə respublikanın bir sıra böyük neft-qaz müəssisələrinin inşasında, tikilib başa çatdırılması və işə salınmasında savadlı, vicdanlı, məsuliyyətli bir mühəndis kimi yaxından iştirak etmiş, tapşırılan işi uğurla sona çatdıraraq ona bəslənən ümidi tam doğrultmuşdu.
Savadlı, işini dərindən bilən bir mühəndis kimi Yusif müəllim SSRİ-nin kosmosla bağlı planlarında xüsusi yer tutan Baykonurun tikintisində öz bilik və bacarığını göstərmişdi.
Sovetlərin mövcud olduğu 1970-ci illərdə Yusif müəllim ixtisasını dərindən bilən alim, mühəndis kimi SSRİ-nin Neft-Qaz Nazirliyinin məsləhəti və icazəsi ilə Kuba Respublikasındakı ən böyük neftayırma zavodunun yenidən qurulmasında iştirak etmişdi.
O, işlədiyi dövrdə çalışdığı sahənin problemərini yaxşı bilən alim, təşkilatçı kimi mühəndis kadrlarının o dövr üçün müasir hesab olunan metod və bacarıqlara malik mütəxəssis kimi yetişdirilməsinin, təkmilləşdirilməsinin daha səmərəli,düzgün yolları,vacibliyi haqqında SSRİ-nin müvafiq Nazirlikləri qarşısında elmi, praktik baxımdan əhəmiyyətli hesab edilən məsələlər qaldırmış, onun həyata keçirilməsi yolları haqqında təkliflərini irəli sürmüşdü. Bilik və bacarığını, təcrübəsini, iş üslubunu nəzərə alan SSRİ Neft-Qaz Sənayesi Nazirliyi Yusif Həsənoğlunu SSRİ Neft Mühəndisləri Təkmilləşdirmə İnstitunun Bakı filialına rektor təyin etmişdi. Burada təkcə Azərbaycandan deyil, SSRİ-nin digər iri şəhərlərində fəaliyyət göstərən neft-qaz sahəsində şalışan ali və orta ixtisas sahibi olan mühəndislər ən müasir avadanlıqlarla təchiz edilmiş auditoriyalarda böyük əksəriyyəti azərbaycanlı olan mütəxəssislərin sayəsində bilik və bacarıqlara yiyələnmişdir. Bu instutut onun rəhbərlik etdiyi illərdə yüzlərlə mühəndis bitirib müvafiq sertifikat almışdır.
Respublikanın xalq artisti, xalqımızın sevimli sənətkarı Qədir Rüstəmov Bakıya gələrkən bu institutun mehmanxasında məhz onun üçün saxlanılan nömrəsində qalardı. Xankəndi İnstitutunun o dövrdə müdafiə etməmiş gənc müəllimləri də Yusif müəllimin onlara yaratdığı şəraitdən bolluca bəhrələnmişdilər. Aspiranturada oxuduğum illərdə mən və o dövrdə BDU-da təhsil alan bir neçə gənc də buradakı rahat şəraitdən istifadə etmişdik.
Vətəndaş alim kimi Yusif müəllim el-obasına bağlı bir Şəxsiyyət olmuşdu. Həyat yoldaşı Qönçə xanımla ailədəki qurduğu səmimilik, istiqanlılq nəticəsində evləri bir çox insanlarımız üçün məsləhət, güvən yerinə çevrilmişdi.
Yusif müəllim demək olar ki, hər dəfə kəndə gələndə məktəbə baş çəkər, problemləri ilə maraqlanar, həlli yolları ilə bağlı əlindən gələn köməyi göstərərdi. Məhz onun belə fədakarlığı sayəsində keçən əsrin 80-ci illərinin əvvəlində Respublikanın kənd məktəbləri içərisində ilk dəfə Mərzili kənd orta məktəbində bir sinif kompüterləşdirilmişdi. O zaman buçox böyük hadisə idi. Kəndimizin qazlaşdırılması işində də Yusif müəllimin nüfuzundan necə istifadə etdiyini minnətdarlıqla xatırlayırıq.
Erməni sepatizmi və işğalları başlayandan Yusif müəllimi və oğlunu tez-tez Ağdamda, Mərzilidə görürdük. O, imkanı daxilində kəndimizdəki könüllü ordunu ərzaq, isti paltar, ayaqqabı, corabla təchiz etməklə yanaşı, gecə gördü cihazı, rabitə vasitələri ilə təmin etmişdi. Yusif müəllim kəndimizdəki könüllü döyüşçüləri çox ehtiyac hiss edilən silahla təmin etmək üçün o dövrdə Baş Nazirin səlahiyyətlərini yerinə yetirən Feyruz Mustafayevin köməyindən istifadə etmişdi.
Ağdam-Füzuli yolunun hər an bağlana biləcəyini vaxtında dərk edən bu uzaqgörən alimin təşəbbüsü ilə bərbad halda olan Mərzili Novruzlu yolu qısa müddətdə təmir edildi.
Bu gün 95 yaşı tamam olan hörmətli ağsaqqalımızı qədirbilən camaatımız adından təbrik edir, sağlıqlı ömür arzulayırıq.
Əzizimiz Yusif müəllim!
Tanrıdan Sizinlə yenidən tikiləcək kəndimizdə el-obamızın dəyərli insanları ilə qucaqlaşıb görüşmək sevincini bizlərə yaşatmaq diləyi ilə Allaha əmanət qal!
Hörmətlə: Sizin Boran Əziz.