Yaxşı insanlar unudulmur
Həsən Mirzə dərdi əzizdir
Yaxşı insan və düşündürən sənət, ürəklərə yol tapan söz əbədidir, ölməzdir. Çünki nəcib, xeyirxah insanlar əməlləri, qurub yaratdıqları, nəsillərə qoyub getdikləri töhfələrlə, işlərlə zaman-zaman yad edilir, xatırlanır, nəsillərə bir örnək kimi nümunə göstərilirlər.
Düşündürən söz, sənət isə əsrlər boyu insanları xeyirxahlığa, paklığa səsləyir, bəşər övladını haqqın, ədalətin, insanlığın yolunda birliyə, mübarizəyə səfərbər edir, fikirləri, düşüncələri saflaşdırır, ürəkləri xofdan, qorxudan, çirkin niyyətlərdən təmizləyir, beyinləri qüvvətləndirir, mənəviyyatları zənginləşdirir.
Yaxından tanıdığım, əqidəsinə, sədaqətinə, amalına bələd olduğum Həsən Mirzəyevin bu yaxşı insanların, sevilən sənətkarların arasında öz yeri, öz ünvanı, öz dəsti-xətti vardır.
Həsən Mirzəyev tanınmış dilçi alim, ictimai xadim, millət vəkili, sədaqətli vətəndaş kimi ölkə ictimaiyyətinin böyük hörmətini qazanmaqla bərabər, həm də Həsən Mirzə ünvanlı gözəl şair, şifahi xalq yaradıcılığının bilicisi, milli-mənəvi dəyərlərimizin daşıyıcısı və təbliğatçısı idi.
Həsən müəllimin elmi fəaliyyəti, bir dilçi alim kimi tədqiqat əsərləri, elmimizə, folklorşünaslığa verdiyi töhfələr haqqında çox yazılmışdır. Onun dəyərli elmi əsərləri bir çox konfransların, tədbirlərin, görüşlərin mövzusuna çevrilmişdir.
O, Azərbaycan Respublikasının Milli Məclisinin deputatı kimi də daim fərqlənmiş, ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmiş, Heydər Əliyev siyasi məktəbinin davamçısı və təbliğatçısı, 91-lərdən biri olaraq Ulu Öndərin silahdaşı kimi öz ömrünü müstəqilliyimizin qorunub möhkəmləndirilməsinə, Azərbaycan həqiqətlərinin dünyaya bəyan edilməsinə, haqqın-ədalətin bərqərar olmasına sərf etmişdir. Xidmətləri “Şöhrət” ordeni ilə qiymətləndirilmişdir.
Həsən Mirzəyev vətəninə, xalqına, torpağına bağlı bir vətəndaş, ürəyi insanların sevinci-kədəri ilə döyünən, sinəsində böyük bir dünyanın—Zəngəzurun, Göycənin, Təbrizin, Qarabağın, Dərələyəzin, işğal olunan, bölünən torpaqlarımızın dərdlərini yaşadan və anbaan bu dərdləri göyərdən, əzizləyən əsl azərbaycanlı idi.
O, yaxşı insan, səmimi dost, dəyərli məsləhətçi, qayğıkeş, tələbkar müəllim, hörmətli ağsaqqal olmaqla yalnız elmimizin deyil, həm də mənəviyyatımızın, milliliyimizinprofessorlarından biri kimi tanınırdı. Sadəliyi, təbiiliyi ilə seçilən bu insanın şəxsi keyfiyyətləri onun bədii yaradıcılığının bir güzgüsüdür.
Dilçi-türkoloq alim Həsən Mirzəyev—Həsən Mirzə həm də istedadlı şair, qoşmalar ustası kimi məşhurdur. Məni də çoxşahəli elmi, ictimai fəaliyyətindən öncə daha çox maraqlandıran, fikirlərimi özünə yönəldən onun bədii yaradıcılığıdır, söz sənətidir.
Çünki Həsən müəllimin bədii yaradıcılığı adi bir həvəsin, sadə marağın, kimısı xoş gələn görüntünün, romantik düşüncənin, göz oxşayan gözəlliyin nümunəsi deyil, həyatın, reallığın, çəkilən əzab-əziyyətlərin, ağrıların, milyonların sağalmaz yaralarına çevrilən dərdlərin, bəlaların, müsibətlərin ifadəsidir.
Bu dərd Qərbi Azərbaycanın bir parçası olan Dərələyəzdə dünyaya gələn Həsənin qəlbində böyüdükcə böyüyən, əsrlərlə işğala məruz qalan torpaqların, öldürülən, əsir götürülən, doğma yurddan qovulan, min bir müsibətlərlə qarşılaşan ata-anaların, bacı-qardaşların, qız-gəlinlərin dərdidir.
Həsən Mirzə poeziyası, xüsusi ilə qoşmaları dərdimizdən mayalandığı, ağrı-acıları, həsrətimizi real boyalarla əks etdirdiyi üçün insani düşündürür, düşündürməklə bərabər tariximizi araşdırıb nəticə çıxarmağa vadar edir.
Onun sözünün əvvəli-axırı insandır. İnsanın dərdi, kamilliyi, qəhrəmanlığı, naqisliyi, nadanlığıdır. İnsan yaxşı, xeyirxah olsaydı faciələr törənməz, qanlar axıdılmaz, ölkələr viran, uşaqlar yetim, analar-bacılar gözü yaşlı qalmazdı, dərd ömürləri gödəltməzdi qənaətində Nəsən Mirzə haqlıdır.
“Dərd duymaq, dərdə qalmaq aqillikdir, müdriklikdir” amalını uca tutub babaların yolunu seçən Həsən Mirzə öz yaradıcılığında yalnız dərdimizi dilə gətirməklə, ifadə etməklə kifayətlənmir, o, bu dərdləri yaşaya-yaşaya, qəlbində bəsləyə-bəsləyədoğmalaşdırır, qanından, canından keçirib müqəddəsləşdirir, vətən qeyrətli insanların dərddən yapılan obrazını yaradır.
Zaman-zaman işğallara məruz qalan, parçalanan, doğranan torpaqlarımızın fəryadını insanlara çatdırır, vətənin övladlarını qisas almağa, əsir qalan elləri, obaları, yaylaqları dağları azad etməyə çağırır.
Düşmən əlindədir müqəddəs yerim,
Ləlim, cəvahirim, abidəm, pirim,
Qoy ayağa qalxsın igidim, ərim,
Bəlkə bu şad xəbər silə dərdimi.
Babamın o yerdə izi qalıbdır,
Nənəmin nəğməli sözü qalıbdır,
Türk-oğuz yurdunun gözü qalıbdır,
Töksəm də aparmaz Nilə dərdimi.
Nilin apara bilmədiyi dərdi Həsən Mirzə çəkməkdən, yaşatmaqdanqorxmur, ”ləlim, cəvahirim, abidəm, pirim” dediyi ana yurdunun hər qarışının azadlığı yolunda canından keçməyə hazır olduğunu bəyan edir, igidləri, ərləri mübarizəyə səsləməklə oxucuda gələcəyə nikbinlik yaradır.
Həsən Mirzə öz misralarında tez-tez doğulduğu Dərələyəzi xatırlatmaqla və xatırlamaqla yurd həsrətli bir insan kimi elindən, obasından didərgin salınan milyonların dərdini göz önünə gətirir, hər bir vətəndaşa bu niskili unutmamağı tövsiyyə edir. Bu niskil İrəvandan keçib Təbrizə qovuşur, Arazın sularına qarışır, Qarabağ, Göycə torpaqlarında qərar tutur və dərdli insanları birləşdirir.
Bu birliyin, həmrəyliyin nəticəsidir ki, Həsən Mirzənin “Dərdimi” qoşmasına onlarla nəzirələr yazılmış, Azərbaycanın ən görkəmli şairləri, qələm sahibləri bu mövzuda yeni-yeni poetik nümunələr yaratmışlar.
Mövzunun təsirli olması, yanıqlı notlarla ifadə edilməsi biganəliyə yer qoymur və hər bir kəs Həsən Mirzənin dərdinə şərik olmağa, əsir qalan torpaqlarımızın taleyi barədə düşünməyiözünə borc bilir.
Azərbaycanın xalq şairi, unudulmaz sənətkarımız Zəlimxan Yaqub “Dərdimi” qoşmasına xitabən yazır:
...Keçirir odumu, kəsir istimi,
Qayğılar qoşun tək alır üstümü
Görmür dumanımı, görmür tüstümü
Mən necə göstərim kora dərdimi.
Acı küləklərdir başımdan əsən,
Mən Yaqub Zəlimxan, sən Mirzə Həsən
İnsandır asdıran, inşandı kəsən
Salıb müsibətə, zora dərdimi.
Bəli, bütün müsibətləri, faciələri yaradan, asdıran-kəsdirən, kənd-şəhərləri xarabazarlıqlara çevirən insandır.O insanlar ki, haqq-ədalət deyiləndə kar, həqiqətlər göstəriləndə kor olurlar. Bəzən bir gülün-çiçəyin, ev heyvanının, çöl quşunun taleyinə ağlayanlar, öz ölkəsində vətəndaşının barmağı qanayanda fəryad qoparanlar, özlərini dünyada demokrat, insanpərvər adlandıranlar Azərbaycan xalqının tarixlər boyu çəkdiyi əzab-əziyyətləri, bir milyondan artıq qaçqın və köçkünün iztirablarını, torpaqlarımızın işğalını görməməzliyə vururlar, haqq səsimizi eşitmirlər.
Həsən Mirzə kimi onun dərdinə şərik çıxanlar da bu haqsızlıqları bütün dünyaya yaymağı, nahaq qanların, zülmün yerdə qalmayacağını gur səslə səsləndirməyi lazım bilirlər.
Həsən müəllim də öz sözü, şerləri ilə insanları, qələm sahiblərini bu mübarizəyə səfərbər etdiyi üçün bir təskinlik tapır və həm də dərdinə şərik olanların misralarında sevimli obraza çevrilir.
Alqayıt yazır:
Çağladan şerindir, çağlayan mənəm,
Həsrət yaraları bağlayan mənəm,
Ağladan fikrindir, ağlayan mənəm
Bükübsən alova, közə dərdimi.
“Üstünü qəm çətən-çətən alan,” “parçalanan, tapdanan vətəninin” harayına igid ərləri səsləyən, “Laçına, Kəlbəcərə yox gedib gələn” deyən Səadət Buta isə Həsən Mirzəyə xitabən öz dərdini belə ifadə edir:
Qar yağıb qar üstə ərimir neynim,
Karvanım köç olub yerimir neynim,
Qəmlər haray çəkib kirimir neynim
Gətirə bilmirəm yola dərdimi.
Şair Məstan Günər isə şahid olduğumuz və dərk etdiyimiz həqiqətləri, ədalətsiz, zora, gücə söykənən, haqlını çox vaxt haqsız edib zalıma, qan içənə bəraət qazandıran, dərdlinin dərdini dilə gətirməyib nadanlara sirdaş olan dünyanın, ixtiyar sahiblərinin iç üzünü açaraq deyir:
Həsən Mirzə dörd tərəfim qəfəsdir,
Tərlan torda bir çarəsiz nəfəsdir,
Dünya kordur, cahan hələ şikəsdir
Gətirmək istəmir dilə dərdimi.
Həsən Mirzə “Dərdimi” qoşmasını yazmaqla milyonların dərdini təzələdi, neçə-neçə qələm sahibinə daim, hər an xatırlanması, dərk edilməsi vacib olan bir mövzu verdi.
Dərdi dərd kimi duymağın, çəkməyin, yaşatmağın öz ləzzəti, sevinci var. Şairə görə el, bəşər dərdi köhnəlməməlidir, daim təzələnməlidir. Vətənin, xalqın, torpağın, insanın dərdi təzələndikcə, yad edildikcə, əlacı tapıldıqca hər birimiz qazanırıq, millət, vətən qazanır.
Dərd əlindən ”şirin yuxusu haram olan”, “ürəyi daim sızlayan” Millət vəkili, şair Musa Urud da Həsən Mirzənin dərdini duyanlardan, həsrətinə şərik çıxanlardandır.
Ürək sızlar aram-aram
Şirin yuxum olub haram
Qubarlanıb köhnə yaram
Eyləyib təzə dərdimi.
Musa müəllimin qeyd etdiyi kimi köhnə dərdlərin təzələnməsi təbii və sevindiricidir. Bu dərdə yananların anbaan, gündən-günə çoxalması doğma vətənə, torpağa məhəbbətin, bir məqsəd uğrunda birliyin ifadəsi kimi qiymətləndirilməlidir.
Bu birliyə, həmrəyliyə, mübarizəyə nail olmaq isə Həsən Mirzənin müqəddəs amalı idi.
Həsən müəllim dərd duyan, əldən tutan, sözünü qətiyyətlə deyən insan idi, haqsız danışan, ikili mövqe tutan, problem yaradan deyildi. Bir anda kükrəyib coşar, sərt sifətini göstərər, tez də yumşalardı. Kin saxlamazdı. Dərdləri nə qədər çox olsa danikbinliyi, həyata, insana məhəbbəti, gələcəyə inamı üzünü daim güldürürdü.
Aramızda böyük kiçik münasibəti var idi. Nəinki Milli Məclisdə, saz, söz vurğunu, sahibi olduğu üçün mədəni tədbirlərdə çox vaxt bir yerdə olar, tez-tez görüşər, söhbət edərdik. Zarafatcıl, sadə, söhbətçilolduğundan adamlarla tez ünsiyyət tapırdı. Şerlərində bu ruh, bu nəfəs duyulur, özü görünür, səsi eşidilir.
2004-cü ildə Həsən müəllim qəflətən xəstələnmişdi. Həkimlər yanına gedib-gəlməyə müəyyən məhduduyyət qoysalar da deputat dostları onunla telefon əlaqəsi saxlaya bilirdilər. Mən də zəng etdim, danışdıq. “ Bu qədər dərd məni əyə bilmədisə xəstəlikdən qorxma, bacı oğlu, qəlbim hələ cavandır”-deyə zarafatından qalmadı.
Ürəyindən əziyyət çəkən Həsən müəllimin “qəlbim hələ cavandır” sözləri məni yaman tutdu. Gecə “Qəlbini” adlı bir şer yazıb səhəri ona göndərdim. Az müddətdən sonra həmin qoşmanı Həsən Mirzənin “Mən necə unudum belə dərdimi “ kitabında görəndə çox sevindim. Şer belə başlayırdı:
Torpaq dərdi, millət dərdi, el dərdi
Döndərib atəşə, közə qəlbini.
Dünyadan, həyatdan küsüb bezərdi
Əgər verməsəydin sözə qəlbini.
Qanana doğmadır çəkdiyin dərd-sər,
Qanmaz nə söz anlar, nə də sirr bilər.
Ömrün çiçəklənər, taleyin gülər
Versən dərd bilənə, düzə qəlbini...
Şerin sonunda yazdığım “dərdli gözlərinin yaşı olaram, qoymaram dərd-kədər üzə qəlbini” misraları Həsən müəllimin çox xoşuna gəlmişdi.
Həsən Mirzə yaradıcılığı millilikdən rişələndiyi, şifahi xalq ədəbiyyatından, ozan, saz sənətindən qüvvət aldığı üçün sevilir, oxunur və ona mahnılar bəstələnir. Sağlığında hələSəadət Buta ona iki poema həsr etmiş, Həsən müəllimə çoxsaylı şerlər, qoşmalar ithaf olunmuşdur.
Həsən Mirzənin yaradıcılığını səciyələndirən başlıca cəhətlərdən biri məhz onun şifahi xalq ədəbiyyatını dərindən mənimsəməsi, folklorumuzu bilməsi, xalq yaradıcılığı nümunələrini ətraflı təhlil etməsi və ondan bəhrələnməsidir.
Onun serlərinin ruhunda Xəstə Qasımın, Aşıq Alının, Tufarqanlı Abbasın, Ələsgərin, Şəmşirin, Mikayıl Azaflının, Əmrahın və bir çox söz, saz ustalarının nəfəsi duyulur və bu, Həsən Mirzənin aşıq sənətinə yaxından bələd olmasından xəbər verir. Müasir aşıqların, saz ifaçılarının bu baxımdan Həsən müəllimin yaradıcılığına müraciət etmələri təsadüfi deyildir.
Aşıqlarla deyişmələri, bədahətən söylədiyi misralar bir şair ömrünün silinməz səhifələridir və bu səhifələrin hər birində sonsuz vətənpərvərlik, ülvi məhəbbət, sədaqət, sevgi hissləri yurd salmışdır.
Həsən Mirzə “gözəl-göyçək, süsən-sünbül, dadlı-duzlu, körpə-kövrək, qönçə-nərgiz” nəvələrinə yazdığı sətirlərdə, vətəni, dağları, gözəlləri vəsf edən şerlərində nə qədər səmimi, kövrək, övlad-vətən canlıdırsa, düşmənə, nadanlığa, zalımlığa, ədalətsizliyə ünvanlanan misralarında ondan da qətiyyətlidir, amansızdır.
Sənsiz qışa dönüb baharım, yazım,
Susubdur kamanım, dillənmir sazım.
Həsənəm, bu dərdi—de necə yazım?
Didərgin olubdu el, Dərələyəz!
Göz yaşım olubdur sel, Dərələyəz!...
deyən şairin dərdi tək Dərələyəz deyil, əsrlərlə işğala məruz qalan Azərbaycanın dərdidir. Yaxşı haldır ki, Həsən Mirzə öz dərdini içində ovutmaqla, çəkməklə qalmır, həm də dərddən doğan nifrəti, qəzəbi bir silaha çevirərək düşmənə sarı yönəltməyi və içtimailəşdirməyi bacarır. Bu şairə həsr olunmuş şerlərdə, misralarda da özünü göstərir.
Həsən müəllim:
Həsən Mirzə çəkə bilmir bu dağı
Sən necə çəkirsən bu dağı dağlar?
söyləyərkəndağların halına acımaqla bərabər, dözümlü, dəyanətli olduğuna da işarə edir və Allahdan kömək istəyir:
Elimi Vətənə qaytar, ay Allah!
Yurduma, yuvama qaytar, ay Allah!
Həsrətdən qamətim yaya dönübdür
Həsəni bu dərddən qurtar, ay Allah!
Ulu Tanrı Həsən müəllimin torpaq, vətən, yurd həsrətinə, dağdan ağır dərdinə sağlığında əlac edə bilməsə də, o, dünyadan niskilli köçsə də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin böyük səyləri, qətiyyəti və təşkilatçılığı sahəsində gündən-günə inkişaf edən, qüdrətlənən, şöhrətlənən, söz sahibinə çevrilən dövlətimizin uğurları deməyə əsas verir ki, Həsən Mirzənin, onun kimi milyonların arzusu həyata keçiriləcək, torpaqlarımız işğaldan azad olunaraq nigaran ruhlar sevinəcəkdir.
Həsən müəllimi yurdumuza baharın qədəm qoyduğu günlərdə xatırlamağım səbəbsiz deyil. O, saz, söz, gözəllik, təbiət vurğunu olduğu üçünbahar fəslini çox sevirdi. Güllərin-çiçəklərin açılmasından, düzlərin-dərələrin, çöllərin yaxıl xalıya bürünməsindən, quşların, çayların, bulaqların səsindən xüsusi zövq alırdı.
Belə gözəl zamanda—insanların bahar sevinci ilə yaşadığı, gülün cilvələndiyi, bülbülün dil açdığı, təbiətin gülən anlarında yenə də Həsən Mirzənin ruhu bizimlədir, yaşadığı, gəzdiyi, həsrətində olduğu yerləri dolaşır və o, yada düşdüyü, sevildiyi, xatırlandığı, haqqında xoş sözlər söylənildiyi üçün sevinir. Onun ruhunun sevinməyə, gülməyə, həmişə bizimlə bir yerdə olmağa haqqı vardır. O, sağlığında öz əməlləri ilə bunu qazanmışdır.
Qoy həmişə ruhun şad olsun, sevinsin Həsən müəllim!
Tahir Rzayev
Milli Məclisin deputatı,
filologiya üzrə fəlsəfə doktoru