Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir
Anar Fərmayılov, ADPU-nun İncəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, s.ü.f.d.
Ümummilli Lider Heydər Əliyevin xalqın təkidilə1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra digər sahələrdə olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Məhz həmin dövrdən başlayaraq, Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və Olimpiya hərəkatına qoşulması prosesi geniş vüsət aldı. Əlbəttə ki, idman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri hesab olunur. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla həmahəngdir.
Bu gün Azərbaycanda idmanın inkişafı dayanıqlı xarakter alıb. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın istər kütləvi, istərsə də fərdi idman növlərinə görə əldə etdikləri uğurlar Azərbaycanın idman ölkəsi kimi qazandığı beynəlxalq statusu daha da möhkəmləndirib. İlin ən böyük yarışı Yay Olimpiya Oyunları idi ki, idmançılarımız tarixi nəticə əldə etdilər.
Cari ilin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları uğurların idmanın inkişafının əyani göstəricisi olduğunu vurğulayaraq qeyd etmişdir: “2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. Azərbaycan idmançıları beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etmişlər, 1700-ə yaxın medal qazanılmışdır. Bu, onu göstərir ki, idmanımız inkişaf edir, yeni nəsil idmançılar yetişir və beləliklə, Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir”.
İdman və bədən tərbiyəsi hər bir ölkənin dünya miqyasında tanınması, eləcə də nəslin sağlam inkişafı üçün önəmli vasitələrdən biridir ki, dövlətimiz tərəfindən buna böyük diqqət ayrılır. Məhz bu səbəbdən də, Azərbaycan dövləti idmanın, xüsusilə də, Olimpiya Hərəkatının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu sahəyə diqqətlə yanaşması, idmançıların qayğı və problemləri ilə yaxından maraqlanması ölkədə idmanın kütləviləşməsinə, gənc nəslin bu sahəyə sürətli axınına şərait yaradıb.Azərbaycanın bölgələrində idman infrastrukturunun genişləndirilməsi dövlət siyasətinin prioritetlərindən biridir. Hazırda ölkədə 44 Olimpiya İdman Kompleksi fəaliyyət göstərir. Azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərində də idman obyektlərinin tikintisinə xüsusi diqqət ayrılır. Ağdamda beynəlxalq standartlara cavab verən stadionun, Füzulidə Olimpiya İdman Kompleksinin inşası, eləcə də Şuşa və Suqovuşan kimi yerlərdə keçirilən beynəlxalq yarışlar Azərbaycanın idman xəritəsini daha da genişləndirir.
Mərasimdəki çıxışında Ölkə Prezident cənab İlham Əliyev idmançılarımızın qələbələrinin təsadüfi xarakter daşımadığını diqqətə çatdıraraq bildirmişdir: “Çünki bütün lazımi qərarlar verilib, bütün müvafiq strukturlar, federasiyalar, klublar, idman cəmiyyətləri, Olimpiya Komitəsi, nazirlik vahid strategiya əsasında fəaliyyət göstərirlər. Federasiyalarda gücləndirmə işləri aparılmışdır. Bizim həm ənənəvi medal gətirən idman növlərində, həm də bu günə qədər o qədər də inkişaf etməyən idman növlərində növbəti irəliləyiş olacaqdır. Uzun illər bütün bölgələrdə idmanla məşğul olmaq üçün dövlət öz fəaliyyətini aparıb”.
Bir sözlə, 21 illik prezidentlik fəaliyyəti dövründə Ölkə başçısı cənab İlham Əliyevin idmançılarla mütəmadi görüşü bir daha idmanın inkişafına və idmançılarımıza dövlət qayğısının realllığıdır. Yuxarıdasadalananlardövlətimizin daim gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsinidiqqət mərkəzində saxladığının göstəricisidir. Məhz bu diqqət və qayğı Azərbaycanın qarşıdakı illərdə idmanda daha böyük uğurlara imza atacağını deməyə əsas verir.