Zəfərə doğru inamla addımlayan "Çempion qardaşlar"
Azia.az xəbər verir ki, Son illər respublikamızda idman sahəsinə göstərilən diqqət və qayğı, demək olarki, idmanın bütün növlərində idmançılarımızın daha yüksək nailiyyətlər əldə etmələri və Azərbaycan bayrağını dünyanın müxtəlif ölkələrində vüqarla dalğalandırmaları ilə yaddaşlara həkk olunur.
Azərbaycan müstəqillik qazandıqdan sonra ilk illərdə özünü bütün sahələrdə göstərən böhran səbəbindən idman siyasəti də tamamilə diqqətdən kənarda qalmışdı. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə qayıdışından sonra sosial sferanın bütün sahələrində olduğu kimi, idmanın inkişafı da dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Beləliklə də bu sahədə yüksəlişin əsası qoyuldu. Azərbaycanın idman ölkəsinə çevrilməsi, beynəlxalq aləmdə tanınması və olimpiya hərəkatına qoşulması geniş vüsət aldı. Çox qısa zamanda həyata keçirilən mühüm tədbirlərin nəticəsində idmançılarımız tədricən möhtəşəm qələbələrə imza atdı.
Ölkəmizdə olimpiya hərəkatının, bədən tərbiyəsi və idmanın inkişafında əsas mərhələ isə 1997-ci il iyulun 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsindən sonra başlandı. Cənab İlham Əliyevin MOK prezidenti seçilməsindən sonra Azərbaycan beynəlxalq olimpiya hərəkatına daha fəal qoşularaq idman potensialını yeni mərhələdə nümayiş etdirdi.
Cənab İlham Əliyevin 2003-cü ildə ölkə prezidenti seçilməsindən sonra da Milli Olimpiya Komitəsinin rəhbəri vəzifəsində qalması dövlət başçımızın idmanın və olimpiya hərəkatının inkişafına, gənclərin sağlam və gümrah yetişmələrinə, onların bədən tərbiyəsi və idmanla daha yaxından dostluq etmələrinə göstərdiyi diqqət və qayğının parlaq təzahürüdür.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin başladığı və möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq ölkəmiz regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması bütün sahələr kimi idmanın tərəqqisinə də müsbət təsir göstərmişdir.
Bu gün Azərbaycan idmanın inkişaf səviyyəsinə görə dünyada irəlidə gedən ölkələrdən biridir. Bu danılmaz həqiqət və təsdiq olunmuş faktdır.
Bu cün haqqında söhbət açdığımız idmançılar Nahid və Turan Ramazanzadə qardaşlarıdır. Nizami rayonu 214 saylı məktəbdə təhsil alan bu qardaşlar kiçik yaşlarından idmanın Kyokçinkay Karate növü ilə məşğul olmaları ilə yanaşı az müddətdə böyük uğurlar qazanmışlar. Xatırladaq ki, Nahid 7-ci, Turan isə 4-cü sinifdə oxuyur.
Bu azyaşlı balaca qardaşlar Azərbaycan Kyokşinkay Karate Federasiyasının texniki direktoru, 5-ci dan qara kəmər sahibi Kərim Mahmudovun məşqçiliyi ilə “Sədərək” idman klubunda karatenin sirlərinə yiyələnərək az müddətdə iştirak etdikləri ölkə, paytaxt və beynəlxalq yarışlarda yüksək peşəkarlıq nümayiş etdirərək layiqli yerlər tutmuşlar.
Dəfələrlə Bakı və Respublika çempionu adlarını qazanmış bu qardaşlar 2017-ci ilin iyul ayında İran İslam Respublikasında keçirilmiş Asiya çempionatında iştirak edərək, hər ikisi öz çəki dərəcələrində fəxri kürsünün ən yüksək zirvəsinə yüksələrək qızıl medala layiq görülmüşlər.
Ramazanzadə qardaşları durmadan , yorulmaq bilmədən məşqlərə davam edərək öz uğurlarının saylarını artırırlar. Belə ki, 14, 15 fevral 2018-ci ildə İran İslam Respublikasında 16 dövlətin iştirakı ilə keçirilən Beynəlxalq Olimpiadada hər iki qardaş ən yüksək nəticəyə nail olaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmişlər. Bundan sonra 15 aprel 2018- ci ildə Bərdədə keçirilən Respublika Kuboku uğrunda yarışlardan çempion qardaşlar ənənələrinə sadiq qalaraq hər biri öz çəkilərində doğma Sədərək İdman klubuna Respublika kubokunun sahibi kimi qayıtmışlar.
Məşqçi Kərim Mahmudov Ramazanzadə qardaşları haqqında böyük iftixar hissi ilə danışaraq gələcəkdə onlardan daha yüksək uğurlar gözlədiyini vurğulayır.
Qardaşların bu uğurları dövlət qayğısından da kənarda qalmamışdır. Belə ki , 2016- cı ildə hər iki qardaş Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “ İdman ustalığına namizəd” və 2016- cı ilin yekunlarına görə “ İlin ən yaxşı döyüşçüsü” fəxri adlarına layiq görülmüşdür.
5-7 oktyabr 2018- ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən Avropa Çempionatında Nahid və Turan Ramazanzadə qardaşları Avropa çempionu titulunu qazandılar və Rusiya Federasiyasında keçiriləcək Dünya çempionatına vəsiqə qazandılar.
Bu qardaşların uğurları ictimaiyyətin də diqqətindən kənarda qalmamışdır. Şair Bəydadaş Cəfərlinin bu qardaşlara həsr etdiyi kiçik şeir parçasıını da sizə təqdim edirik.
Bunu Mahir kişi anladı erkən:
Vətənə qeyrətli oğul gərəkdi.
Nahidin , Turanın sinəsindəki
El üçün çırpınan cəsur ürəkdi.
İgid oğlanların mayası halal,
Mərdanə arzular qalmadı xəyal.
Vəhdətdə zəfərdi güc ilə kamal
Əxlaqın təməli duzdu , çörəkdi.
Qələbə bayrağın tutdular uca,
Ümid var inamlı şəfəqlər saça.
Rəqiblər yenilib önündən qaça,
Nahidin güvənci dəmir biləkdi.
Qəti qələbəylə çıxır meydana ,
İdmanda bərabər yoxdu Turana.
Şərəf gətirdilər Azərbaycana,
Vətən , uğurların çox mübarəkdi.
Neçə yol zirvəyə ucaldı bayraq ,
İdman sabahına sönməyir maraq
Çətin döyüşlərdən çıxıb üzü ağ,
Tovuz oğulları oddu , şimşəkdi.
Rəqibi titrədir qartal baxışı ,
Meydana yayılır heyrət alqışı ,
Sizə tanıtdırım iki qardaşı:
Nahidim aslandı , Turan pələngdi
Biz də öz növbəmizdə balaca qəhrəmanlarımıza həm təhsildə, həm də idmanda nailiyyətlər arzulayırıq və ümid edirik ki, Rusiyadan da doğma vətənə Dünya çempionu kimi dönəcəklər.
Aydın Adıgözəlli
“Aydın Fikir” qəzetinin baş redaktoru.