azia.az
azia.az

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Prezident İlham Əliyevin çıxışı tarixi ədalətin bərpası istiqamətində atılmış ən ciddi təşəbbüs kimi qiymətləndirilməlidir

15-11-2024, 17:48

Günay MƏHƏRRƏMOVA,  ADPU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri

COP iqlim dəyişikliyi ilə bağlı problemlərin müzakirəsi və iqlim dəyişikliyi nəticəsində yaranan problemlərin qarşısının alınması, yaxud azaldılması ilə bağlı effektiv tədbirlərin uzlaşdırılması üçün ən böyük və ən effektiv platformadır. iqlim dəyişikliyinin ən çox təsirinə məruz qalan və ən çox risk altında olan yerlər məhz Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdir. Biz buraya Niderlandın Karib dənizi hövzəsindəki koloniyalarını da əlavə edə bilərik. Bu ərazilər iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşsələr də, beynəlxalq səviyyədə diqqətdən kənarda qalırlar.Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi yalnız iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq üçün vacib bir platforma deyil, həmçinin enerji siyasətində neoimperializmin ifşasıdır. Belə bir yanaşma iqlim ədalətinin təmin olunması və ekoloji bərabərsizliklərin qarşısının alınması üçün vacib addım kimi qiymətləndirilməlidir.

Bu ərazilərin sakinləri, müstəmləkəçiliyin davam edən təsirləri ilə yanaşı, öz həyat tərzlərinə birbaşa təsir göstərən iqlim dəyişikliyinin necə böyük fəsadlar törətdiyini dünya ictimaiyyətinə çatdırmaq istəyirlər. Onlar iqlim dəyişikliyinin ən ağır nəticələri, xüsusilə də dənizin səviyyəsinin qalxması və ekosistemlərinin məhv olması kimi problemlər ilə üz-üzə qalıblar. Lakin onları idarə edən müstəmləkəçi dövlətlər bu problemlərə laqeyd münasibət sərgiləyir, həyati əhəmiyyətli risklərin aradan qaldırılması və ya azaldılması üçün vəsait xərcləməkdən imtina edirlər.Bu baxımdan COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tarixi ədalətin bərpası istiqamətində atılmış ən ciddi təşəbbüs kimi qiymətləndirilməlidir.Məsələn, Cənab Prezident qeyd edir ki: “Mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur”.Digər tərəfdən Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq qurumların bu məsələlərə göz yummasının Prezident İlham Əliyev tərəfindən siyasi riyakarlıq kimi qiymətləndirməsi, qlobal qərar qəbul edən institutların neoimperial güclərin maraqlarını qoruyaraq ədalətli mövqe tutmadığını ortaya qoyur.

Prezident İlham Əliyevin COP29 çərçivəsində çıxışı iqlim dəyişiklikləri ilə neokolonializm arasındakı əlaqənin vurğulanması baxımından əhəmiyyətlidir. Bu çıxış inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizə adı altında iqtisadi və siyasi üstünlük qazanmaq cəhdlərinin ifşası, ədalətli və bərabərhüquqlu beynəlxalq əməkdaşlıq çağırışı kimi tarixi əhəmiyyət daşıyır və inkişaf etməkdə olan ölkələrin maraqlarını müdafiə edən balanslı yanaşmanın formalaşmasına töhfə vermə potensialına malikdir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi