Zəfər yürüşünün strateji dönüş nöqtəsi…-Mahir Süleymanlı, Milli Məclisin deputatı
Mahir Süleymanlı, Milli Məclisin deputatı
Oktyabrın 25-də Qubadlı rayonunun işğaldan azad edilməsinin 4 ili tamam olur. Prezident İlham Əliyevin İşğaldan azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən 25 oktyabr Qubadlı Şəhəri Günüdür. Tarixi Zəfərimizin əbədiləşdirilməsinə xidmət edən bu Sərəncamda əksini tapan şəhər günlərinə diqqət yetirdikdə bir daha rəşadətli Ordumuzun qəhrəmanlığı, şücaəti ilə qürur duyuruq.
44 günlük İkinci Qarabağ müharibəsində hər günü tariximizə qələbə günü kimi yazan Silahlı Qüvvələrimiz Vətən sevgisinin Qələbə əzmində nə qədər əhəmiyyətli rol oynadığını nümayiş etdirdi. Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Zəfər yürüşü zamanı addım-addım irəli getdi, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etdi. 44 gündə elə bir gün olmadı ki, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımıza hansısa şəhərin, kəndin, strateji yüksəkliyin azad edilməsi müjdəsini çatdırmasın.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin 29-cu günündə, 25 oktyabr tarixində özünün rəsmi “Twitter” səhifəsindəki paylaşımında xalqa bu müjdəni çatdırdı ki, bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
26 oktyabrda xalqa müraciətində Azərbaycan Ordusunun müharibənin başladığı gündən daim irəliyə doğru getməsindən böyük qürurla bəhs edən dövlətimizin başçısı vurğuladı ki, indi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə diqqətə çatdıracağam: “Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!”.
25 oktyabr tarixi 44 günlük İkinci Qarabağ müharibənin gedişatında əhəmiyyətli dönüş nöqtəsi oldu. Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq, Padar, Sarıyataq kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədi. Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək Qubadlı şəhəri və rayonun 41 kəndi azad olunub.
Artıq o günlərdən bizi dörd illik zaman ayırır. Tarixi Zəfərimiz Azərbaycan Ordusunun gücünün, qüdrətinin, xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatı oldu. Tarixi Zəfərimizdən üç il sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlətimizin başçısı İlham Əliyevin 18 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” 2023-cü il 31 iyul tarixli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncamına əsasən şəhər günlərimizin siyahısı daha da genişləndi. Bu gün tarixi Zəfərimizin, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsinin yaratdığı reallıqları yaşayırıq.
Hazırda işğaldan azad edilmiş digər ərazilərimiz kimi, Qubadlıda da bərpa-quruculuq işləri geniş vüsət alıb. Tezliklə sakinlərinə qovuşan torpaqlarımızın siyahısında Qubadlı şəhərinin də adını görəcəyik.
Dövlət başçısı İlham Əliyevin bu müddət ərzində rayona etdiyi 4 səfərin hər biri mühüm addımların atılması ilə yadda qalıb. Belə ki, 2020-ci ilin 23 dekabr tarixində ilk səfəri Azərbaycan Bayrağının ucaldılması ilə tariximizə yazıldı. Cənab İlham Əliyevin növbəti üç səfərində Xanlıq-Qubadlı yolunun, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin, Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimi keçirildi. “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı, “Zabuxçay” və “Bərgüşadçay” su anbarlarının layihələri ilə tanışlıq oldu.
Dövlətimizin başçısı İlham Əliyev 2021-ci il 25 oktyabr tarixində Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bir daha bu reallığı böyük qürur hissi ilə qeyd etdi ki, biz Qubadlıdan sonra öz Zəfər yürüşümüzü, Zəfər missiyamızı şərəflə davam etdirdik və noyabrın 8-də Şuşada dövlət bayrağını ucaltdıq. Hər bir yaşayış məntəqəsinin azad edilməsi tarixi hadisədir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi Zəfərimizin ilk günündən işğaldan azad edilmiş ərazilərimizin yenidən qurulacağını, soydaşlarımız üçün ən yüksək yaşayış şəraitinin yaradılacağını bildirdi. Bu gün bütün işlər bu hədəfə yönəlib. İşğaldan azad edilmiş ərazilərimiz Baş plan əsasında bərpa edilir. Baş planda hər bir rayonun malik olduğu resurslar nəzərə alınaraq görüləcək işlər öz əksini tapıb.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əksini tapan hədəflər hər bir bölgənin malik olduğu imkanlardan səmərəli istifadəyə geniş imkanlar açır. Gələcəkdə bütün işğaldan azad edilmiş ərazilərimiz bu imkanlara uyğun olaraq Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələr verəcəklər.