azia.az
azia.az

MÜSTƏQİLLİYİMİZİN İLK İLLƏRİNİN SALNAMƏSİ

7-08-2024, 14:23

Daşdəmir ƏJDƏROĞLU

Özümüzdən və ömrümüzdən keçən jurnalistikada 35 yaşlı “Səhər” qəzetinin öz rolu olub.
Milli mətbuatımızın qaranquşlarından olmuş və 1990-cı ilin Qara yanvarında 2 milyon tirajla nəşr edilmiş “Səhər” qəzetinin (21 ildir işıq üzü görmür) 35 illiyi ilə bağlı yazı yazmaq istəyəndə bir qədər tərəddüd qarşısında qaldım. Onu da qeyd edim ki, 35 illik yubiley tədbiri ilə bağlı təşkilatçılardan olan Sənubər Qasımovadan dəvət alsam da, təcili vacib bir işim çıxdığı üçün iştirak edə bilmədim. Bu, məni çox məyus etdi. Getsəydim, orada bu gün birlikdə çiyin-çiyinə çalışdığım “Səhər”çi Rizvan Cəfərovla yanaşı Mehdi Alıyevi, Nəsimi Həbiboğlunu, Süleyman Qaradağlını, Rövşən Binnətlini, Oqtay Məmmədovu, Svetlana Şıxəliyevanı, Zemfira Ələkbərovanı, Sənubər Qasımovanı, Mahir Süleymanovu, Tofiq Yusifovu, Zöhrab Əmirxanlını, Surxay Hüseynlini, İmran Bədirxanlını, Şahin Abasəliyevi, Rauf Umudovu, Rasim Sadıqovu, Dilavər Nəcəfovu, Yavər Əsədovu, Bəybala Bəybalayevi, Azadə Hüseynovanı, İlhamə Qasımlını, Səriyyə Müslümqızını, Şamıl Sabiroğlunu, Seyidağa Cabbarovu, Ələskər Cabbarovu, Şahin Əliyevi, Amalya Qasımovanı, Şamama İsmayılovanı, Seymur Elsevəri, Nüsrət Quliyevi, Pərinazı, Sevdanı, Reyhanı, Sofiyanı, Xuramanı, Nailəni, Ofelyanı, Sədiləni, Dilarəni, Siddiqəni, sürücülər Ramiz Abdullayevi, Əzim kişini və digərlərini də görəcək, hal-əhval tutacaq, xoşhal olacaqdım. Getsəydim, qəzetin təsisçisi, baş redaktoru olmuş, dişi ilə, canı ilə qəzeti çıxartmış Məzahir Süleymanzadəni, Şakir Yaqubovu görməyəcəkdim, bir daha çox məyus olacaqdım. Amma neyləyə bilərdim ki, bu istəyim alınmadı…


Bu yazını başqa formada, başqa stildə hazırlayacaqdım. Bu yazını yazmazdan bir gün əvvəl köhnə tanışlardan birindən “Səhər”in 35 illiyi ilə bağlı hazırda çalışdığım “Azərbaycan” qəzetində yazı vermək təklifinə razılıq verə bilmədim. Çünki məndən qabaq bu qəzetdə Rizvan Cəfərov işləyib, onun daha çox mənəvi haqqı çatırdı ki, bu təkliflə çıxış etsin. Və belə də oldu, mən də Rizvan müəllimin təşəbbüsünü həm alqışladım, həm də dəstəklədim.
Yubileyinə şahidlik etdiyim bir çox qəzet haqqında müxtəlif vaxtlarda çox yazmış, sayt və portallarda maraqlı yazılarla çıxış etmişəm. Hər dəfə də təkrar olmasın deyə mövzuya müxtəlif səmtlərdən (faktoloji və üslub cəhətdən) yanaşmışam. “Bəs indi nə yazım, necə yazım?” sualına cavab axtararkən ağlıma belə bir fikir gəldi: “Bəlkə elə özümün jurnalistika tarixçəmdən yazım?” Düşüncəmə bəraət üçün əlavə etdim: “60-ın astanasındayam, sinnimin düz 34 ilini mətbuat sahəsində çalışmışam, milli jurnalistikamızın enişli-yoxuşlu mərhələlərindən keçmişəm və bu illər ərzində kitablara sığan publisistik və bədii əsərlər yaratmışam…” Həyatı boyu mətbuatımızın yükünü daşıyan, işıqlı əməlləri ilə onu şərəfləndirən və ucaldan insanları göz önünə gətirərək, düşündüklərimə haqq qazandırmağa çalışdım: “Məgər haqqında yazmağa çalışdığım “Səhər” qəzeti bizim mətbuat tarixçəmizin, Azərbaycan mətbuatı tarixinin bir parçası deyilmi?”
Beləliklə, mətbuatımızın inkişafında az-çox xidməti olan “Səhər”in şanlı səhifələrini vərəqləməyə başladım.
“Səhər” qəzeti 1989-cu il avqustun 4-də nəşr edilib. Fəaliyyəti dövründə ictimai fikrə təsir edən, xarici kütləvi informasiya vasitələrinin istinad etdiyi ən etibarlı xəbər mənbəyi rolunu oynayıb. Müxtəlif dövrlərdə müxtəlif maneələrdən keçən, arzuolunmaz problemlərlə üzləşən, maddi çətinlikləri qarşılayan “Səhər” 1990-cı il 20 Yanvar qırğınından sonra – yanvarın 25-də 2 milyon tirajla çap olundu. O zaman informasiya blokadasını ilk olaraq yaran “Səhər” bununla Azərbaycanın haqq səsini dünyaya çatdırmışdı. “Səhər” 1990-1991-ci illərdə Azərbaycanda yüksək tirajla nəşr edilən yeganə gündəlik qəzet kimi yaddaşımıza həkk edilib.
Yaxşı yadımdadır, onda İsmayıllı rayonunun Basqal kəndində yaşayır, “Kommunizm yolu” sovxoz komsomol təşkilatının katibi işləyirdim. Eyni zamanda həmin hadisələr ərəfəsində xalq hərəkatı tədricən cücərir, ilk təşkilatları yaranırdı. Mən də çox yaxın qohumumun təklifi ilə bu qurumun rayonda keçirilmiş yığıncaqlarında iştirak edir, bu tədbirlərdə səslənən “gurultulu”, “təmtəraqlı” fikirlərdən sonra sanki göylərdə uçurdum. Fikirləşirdim ki, bundan sonra hər şeyimiz olacaq, özlərinin dedikləri kimi, əsl kommunizmdə yaşayacağıq. Amma sonrakı bəzi hədə-qorxuları görəndən sonra oradan uzaqlaşmağa başladım.
1990-cı ilin Yanvar hadisələrini, kütləvi qırğını, müsibətləri eşidəndə mən bir kişi olaraq ilk dəfə ağlamağa başladım, hayqırtılarımı çatdırmağa məkan axtarırdım. Ölkəmizin baş şəhəri Bakını bir gecənin içində zəbt etmiş sovet qoşunlarının at oynatdığı dövrdə bizi xəbərlərdən, baş verən olaylardan təcrid etməyə çalışırdılar. Bir sözlə, təsəlliyə böyük ehtiyacımız var idi, hər kəsdən, hər bir vətəndaşdan qayğı umurduq. Biz isə baş şəhərimizdən ağıllı, dürüst informasiya gözləyirdik. Sovet ordusu bizi informasiya blokadasına almışdı. Ana televiziyamız partladılmış, mətbəələrimiz və qəzetlərimiz işlərini dayandırmışdılar. Yeganə informasiya vasitəsi kimi Şuşa radiokanalı köməyimizə çatırdı. Onu da bizə çox gördülər. Günahsız əhali informasiya gözləyirdi. Belə bir dövrdə daha çox cəsarəöt göstərib bu blokadanı yaran ilk qəzet məhz “”Səhər oldu. Yaxşı xatırlayıram, əlimizə keçən bir nüsxə o qədər oxunmuşdu ki, günortaya kimi tanınmaz hala düşmüşdü. Camaat həqiqəti öyrənmək istəyirdi. Hamı “Səhər”in bu cəsarətini, hünərini alqışlayırdı. Amma heç kəs bilmirdi ki, “Səhər” hansı şəraitdə hazırlanıb, çap edilib. Sonradan qəzetin təsisçisi və baş redaktoru Məzahir Süleymanzadənin müxtəlif informasiya vasitələrinə müsahibəsində hər şey bəlli oldu. Həmin müsaibənin bəzi məqamlarını çatdırmaq istərdim: “O zaman hər yerdə tətil elan olunmuşdu. Mətbəə də işləmirdi. Biz qəzeti çap etdirməkdən ötrü mütləq böyük jurnalistimiz Nəcəf Nəcəfovun icazəsini almalı idik. O isə axtarışda idi, tapılsa həbs edəcəkdilər. Nəcəfovu Əhmədlidən – gizləndiyi evdən tapıb gətirməkdən başqa çarəmiz yox idi. Ora isə yalnız general-mayor Aleksandrovun – “Azərbaycan” Nəşriyyatında senzura məsələlərinə nəzarət edən yüksək çinli zabirin xidməti maşınını göndərə bilərdik. Nəcəfovu axtaran şəxslərin öz maşınında bizə icazə verməsi üçün nəşriyyata gətirdik.
Aleksandrov soruşdu ki, bu, kimdir? Dedik “Səhər” qəzetinin şöbə müdiridir, köməyə gətirmişik.
Nəcəf Nəcəfov bir neçə şəklə baxan kimi dedi, necə ola bilər, bunları yaymaq üçün icazə almısınız? Artıq əmin olandan sonra qəzetin çapına yardım üçün yığdığımız mətbəə işçilərinə tapşırdı ki, “Rafael Nağıyev, Məzahir Süleymanzadə, Şakir Yaqubov nə desələr mənim adımdan deyəcəklər…”.
…O zaman “Səhər” qəzetini dərc edəndə və orada 20 Yanvara aid bəzi materialları verəndə general Aleksandrov bilərəkdən deyil, bəzi məsələlərə loyal yanaşdığına görə bundan sui-istifadə etmişdik. O, buna görə töhmət də almışdı. Aleksandrov həm də Belarus Ali sovetinin deputatı idi. O deyirdi: “Mən general-mayoram, bütün fəaliyyətim boyu “paqon”ları fəxrlə daşımışam, amma həyatımda ilk dəfə sizə görə mənə töhmət verdilər”. Mən isə dedim ki, sən o töhmətə görə iftixar hissi keçirməlisən.

  • HƏR HALDA BÖYÜK RİSKƏ GİRMİŞDİNİZ. HEÇ REAL ÖLÜM TƏHLÜKƏSİ İLƏ ÜZLƏŞMİŞDİNİZMİ?
  • Əlbəttə. Fevral ayının 3-də biz qəzetdə 20 Yanvar şəhidlərinin siyahısını dərc etdirmişdik. Beynəlxalq informasiya belə idi ki, “Bakıda bir neçə nəfər terrorist, saqqallı, ekstremist məhv edilib”. İlk dəfə olaraq, 20 Yanvarda öldürülən günahsız qurbanları “Səhər” qəzeti şəhid adlandırıb.
    Biz bir səhifəlik siyahını dərc etməkdən ötrü çox çalışdıq. 20 Yanvardan sonra – yanvarın 25-də “Səhər” qəzetinin 2 milyon tirajla çap olunan nömrəsi çıxdı.
    Bu buraxılışın razılığını o şərtlə vermişdilər ki, biz qəzetdə bir səhifə düşmən əmrini verməli idik. Biz isə bunu dərc etmək istəmirdik. Sözügedən müzakirələr olduğu vaxt Oljas Suleymanov bizimlə görüşə gəldi. O prosesdən xəbərdar olandan sonra dedi ki, 12 səhifəlik qəzetin 11 səhifəsində öz xalqınızın mənafeyini müdafiə edəcəksiniz, cəmi 1 səhifə düşmən sözü yerləşdirəcəksiniz. “Düşünün, nə qədər böyük şans qazanmısınız” dedi.
    “Bundan imtina etmək lazım deyil. Hətta bu əksinə olsa, sizə cəmi 1 səhifə şans verilsə belə, maksimum istifadə edib, sözünüzü deməlisiniz” söylədi. Bu ağılllı söz olduğuna görə, bizim də razılaşmağımıza səbəb oldu. Həm də məcburiyyət qarşısında qalıb, həmin bir səhifəlik əmri dərc etdik. Amma onlar tələb etdikləri kimi, Azərbaycan dilinə tərcümə etmədik, rus dilində yayımladıq. Bu dolayısı yolla o demək idi ki, həmin materialın bizə aidiyyəti yoxdur. Digər səhifələrdə isə Şeyxülislam Allahşükür Paşazadənin bəyənatı, “Vətən bu gün ağı deyir” adlı tarixi reportaj, şəhidlərə ağı şeirləri, müxtəlif məqalələr dərc olunmuşdu.
  • 2 MILYONLUQ TİRAJ NİYƏ FACİƏDƏN 5 GÜN SONRA – YANVAR AYININ 25-İ DƏRC EDİLDİ?
  • Biz şəhidlərimizin dəfnini gözləməli olduq. Çünki bu bir tarixi matəm idi. Azadlıq meydanından Şəhidlər xiyabanına qədər çiyinlərdə gedən şəhidlərin görüntülərini reportajlarda əks etdirdik. Həmin reportajları 11 jurnalist yazıb. Şair Vaqif Bəhmənli 11 nəfərin yazdığı ayrı-ayrı parçaları bir cümlə ilə ifadə etdi. Bu gün məşhur bir mütəxəssisə oğul deyərəm ki, 11 nəfərin yazdığı reportajı bir-birindən ayıra bilsin. Çünki hamı bir fikrə köklənmişdi, eyni cür düşünürdü. Amma 11 nəfərin imzası olmasına rəğmən, biz bu reportajı xalqa aid etmişdik.
    Şəhidlərin siyahısını dərc edəndən sonra bir mülki şəxs və iki hərbçi məni evimdən götürüb, “Azərbaycan” televiziyasına apardı. Orada da vəziyyət gərgin idi, televiziyanın enerji bloku partladılmışdı, Bəxtiyar Vahabzadənin generalın üzünə tüpürməsi aterial yaratmışdı.
    Bakı səhərinin hərbi komendantının əmrlərini Azərbaycan dilində oxumağa adam tapmırdılar. Bir əsgər tapmışdılar, guya Azərbaycan dilini bilirdi, amma erməni ləhcəsi ilə pis gündə danışırdı. General-leytenant Ovçinnikov – Dövlət Televiziyasının binasında oturub, proseslərə rəhbərlik edən zabit “Səhər” qəzetini əlinə alır, görür ki, 20 Yanvarda şəhid olan 137 nəfərin adı qeyd olunub. Siyahının haradan götürüldüyünü, niyə dərc olunduğunu öyrənmək üçün məni çağırdılar.
  • DOĞRUDAN DA HƏMİN SİYAHINI HARADAN GÖTÜRMÜŞDÜNÜZ?
  • Polkovnik Rizvan Zeynalovun bir neçə nəfərdən ibarət qrupu var idi. Onlar ayın 22-nə qədər – təxmini 3 günə xəstəxanaları gəzərək, araşdırma apardılar, meyitlərin şəkillərini çəkdilər, şəxsiyyətlərini müəyyənləşdirdilər. O zaman nə material əldə olunsa, bizə verirdilər.
    Çünki biz xarici ölkələrin informasiya agentliklərinin ən etibarlı mənbəsinə çevrilmişdik. Biz aterial müavini olduğumuza görə, otağımızda dövlət telefonları var idi. Yeri gəlmişkən xatırladım ki, “Səhər” qəzeti o zaman “Kommunist”in əlavəsi kimi nəşr olunurdu.
    Biz fürsətdən istifadə edib, dünyanın yarısı ilə əlaqə saxlayırdıq. Mülki şəxslərə də zəng edirdik. Əslində addımlarımız kortəbii idi. Məqsədimiz isə sadəcə daha çox ateri 20 Yanvar faciəsini çatdırmaq idi ki, Bakıda əslində nə baş verdiyini bilsinlər. Heç olmasa 50-100 nəfər bunu bilsə, bizim üçün böyük rəqəm idi. Elə həmin gündən telefonlarımız susmadı. Müxtəlif xarici ölkələrdən mötəbər informasiya agentliklərindən zənglər gəlirdi.
    “Səhər”in ilk nömrəsi 1989-cu il avqustun 4-də çıxıb. 5 ay sonra 20 yanvar hadisələri baş ater. Belə görünür ki, faciəni işıqlandırmaq, bu cəsarəti göstərmək “Səhər”in taleyinə yazılmışdı.
    O zamanlar indiki AZƏRTAC-a Peres adlı şəxs başçılıq edirdi. Biz onun Moskva ilə yazışmalarını ələ keçirəndə gördük ki, tamamilə düşmən mövqedədir. 20 Yanvar hadisələri ilə bağlı bütün informasiyalar Moskvaya, SİTA-ya göndərilir, orada SSRİ rəhbərliyinin istəyinə uyğun yenidən yazılaraq, AZƏRTAC-ın aterial kimi yayılırdı. O materialların bir neçəsinə “Qara Yanvar diqaloqu”nda istifadə etmişik. Sonra bizim uşaqlar Peresin yaxasından tutub dartmışdılar.
    Ətraflı
    Həmin hadisədən sonra Peres burada qala bilmədi, İsrailə köçdü.
    20 Yanvar hadisəsindən sonra təbliğat işlərinə Xarici İşlər Nazirliyimizi də qoşmuşduq. Hazırda İngiltərədə yaşayan Zülfüqar Rüfətoğlu materialları ingilis dilinə tərcümə etmişdi, materialları oraya aparmışdılar. “Səhər”in tarixi nömrəsi çıxandan iki gün sonra bizə göndərdilər ki, İranda fars əlifbası ilə qəzetimizi yenidən dərc ediblər. Eləcə də, Baltikyanı ölkələrdə və digər xarici mənbələrdə “Səhər” qəzeti tərcümə edilib, dərc olunmuşdu.
    40 gün qəzetimiz şəhidlərə yas saxladı. Əzizə Cəfərzadənin bayatıları, Xalidə Hasilovanın yazıları, Məmməd Aslanın “Ağla, qərənfil, ağla” şeiri ilk dəfə bizim qəzetdə çap olunmuşdu. İşimiz yanvarın 25-dəki 2 milyon tirajla yekunlaşmamışdı.
    Biz bir tərəfdən peşə vəzifəmizi yerinə yetirirdik, bir tərəfdən də peşmançılıq hissi keçirirdik. Bir neçə gün evimizə belə getməmişdik”.

… Tale elə gətirdi ki, mən də Bakıya köçməli oldum, burada nəşr edilən “Ədalət” qəzetində çalışmağa başladım. Əvvəllər təsəvvür etdiyim “Səhər”in yaradıcı kollektivini, texniki heyətini indi üzbəüz görür, onlara mərhəba deyir, eyni zamanda onlarla dostlaşmağa başlayırdım. Seçdiyim peşə ürəyimcə olduğundan mən də bu axara, bu axına qoşulmağa başladım…
Hər bir peşəkar jurnalistin yaradıcılığını başqalarından fərqləndirən “cövhər” olur. Bu xüsusiyyət örnək olmaq səviyyəsinə çatanda “fərdi məktəb” adlandırıla bilər. Mən istər təhsil illərində, istərsə də müstəqil fəaliyyət dövründə bu qəbildən olan “məktəb”lərdən çox şey öyrənmişəm. Tələbəlik dövründə Nurəddin Babayev, “Sovet kəndi” qəzeti ilə əməkdaşlıq edərkən Nəriman Zeynalov, “Bakı” qəzeti ilə əlaqə saxlayarkən Nəsir İmanquliyev, “Azərbaycan gəncləri”ndə Şamil Şahməmmədov, “Azərbaycan müəllimi” qəzetindən yaxşı tanıdığım Şahin Səfərov və sonrakılar da bir çox cəhətdən öyrənc yerim olublar. Aqil Abbasla Adil Minbaşıyevin təsis etdikləri “Ədalət” qəzeti isə həm iş yerim, həm də təcrübə toplamağımda əsas məktəb kimi yadımda qalıb. Bildiyim budur ki, harada işləmişəmsə, orada müsbət izim qalıb… Bunu arxamca deyilən söz-söhbətdən eşitmişəm və hazırda da eşidirəm…
İş yerlərim dəyişsə də, yazmaq həvəsim heç zaman azalmayıb. Hazırkı işimlə bağlı qəzetimizdə çıxış edə bilməsəm də, müxtəlif sayt və informasiya portallarında yazılarım yerləşdirilir. Bunu deməkdə məqsədim budur ki, fəaliyyətimin çoxşaxəli olmasına baxmayaraq şəxsi qayğılarım heç zaman yaradıcılıq işimə mane ola bilməyib.
Qələmdaşım, jurnalist dostum Məhəmməd Nərimanoğlunun bir neçə gün əvvəl xəbər portalında paylaşdığı yazıda bir məqam diqqətimi çəkdi: “Məzahir Süleymanzadə bu suala 5 il bundan öncə belə cavab veriirdi: “ Bu gün – avqustun 4-də “SƏHƏR”in birinci nömrəsinin çapdan çıxmasının 30 illiyi tamam olur. Bu münasibətlə qəzetin bütün əməkdaşlarını və oxucularını ürəkdən təbrik edirəm! Şübhəsiz, hər səhərimizin “SƏHƏR”lə açıldığı günləri xatırlayanlar var. “SƏHƏR” haqqında kitablar, dissertasiyalar yazılıb, sənədli filmlər çəkilib. Hər halda, dönüb geriyə baxanda iftixar hissi keçiririk, Vətənimiz, xalqımız üçün çox çətin illərin sınağından şərəflə, peşəkarlıqla, üzüağ çıxmışıq. “SƏHƏR”in adının mətbuat tariximizə qızıl hərflərlə yazılmasında xidməti olan bütün əməkdaşlarımıza və oxucularımıza qəlbən “ÇOX SAĞ OLUN!” deyirik!
“SƏHƏR” haqqında danışanda və yazanda Məzahir müəllim “mən” ifadəsini çox işlətdiyini deyirdi. Əslində, burada təəccüblü heç nə yoxdur. O, həqiqətən “SƏHƏR”in yaradıcısı, birinci və sonuncu baş redaktoru oldu. Amma onun yazılarındakı “MƏN” qətiyyən “Məzahir Süleymanzadə” anlamına gəlmirdi. “SƏHƏR”dən danışarkən işlətdiyi “MƏN”, özü demişkən, Cəmil Əlibəyov, Rəfail Nağıyev, Hidayət Elvüsal, Şakir Yaqubov, Əhməd İsayev, Araz Qurbanov, Zülfüqar Rüfətoğlu, Elman Qədirov, Bəxtiyar Sadıqov, Akif Qəhrəmanlı, Etibar Etibarlı, Rafiq Hacıyev, Tahir Aydınoğlu, Vaqif Bəhmənli, Əfqan, Flora Sadıqlı, Aidə Məmmədova… deməkdir. Bu “MƏN”i Mehdi Alıyev, Nəsimi Həbiboğlu, Süleyman Qaradağlı, Rövşən Binnətli, Rizvan Hilaloğlu, Oqtay Məmmədov, Svetlana Şıxəliyeva, Zemfira Ələkbərova, Sənubər Qasımova, Mahir Süleymanov, Tofiq Yusifov, Zöhrab Əmirxanlı, Surxay Hüseynov, İmran Bədirxanlı, Şahin Abasəliyev, Rauf Umudov,Rasim Sadıqov, Dilavər Nəcəfov, Yavər Əsədov, Bəybala Bəybalayev, Azadə Hüseynova, İlhamə Qasımlı, Səriyyə Müslümqızı, Şamıl Sabiroğlu, Seyidağa Cabbarov, Ələskər Cabbarov, Şahin Əliyev, Amalya Qasımova, Şamama İsmayılova… demək idi. Özü də beləcə etiraf edirdi ki, Gözəl xanımlarımız Pərinaz, Sevda, Reyhan,Sofiya, Xuraman, Nailə, Ofelya, Sədilə, Dilarə, Siddiqə, sürücülərimiz Ramiz Abdullayev və Əzim kişi də bu “MƏN”in içindədir.
Düz deyirdi ustad, ən böyük təbrik isə, şübhəsiz, “SƏHƏR”in sədaqətli oxucularına düşür. Çünki, “SƏHƏR”i yaşadan, O məni “MƏN” eləyən onlar – hər səhərlərini “SƏHƏR”lə açanlar olub…
Baxın o, özündən daha çox “SƏHƏR”in səhifələrindən yaxşı tanıdığımız bir böyük jurnalist ordusunun “sıravi”sindən başlamış, “generalı”nadək hamısının adını çəkməyi özünə daha çox borc bilirdi.
Məzahir müəllimi mən həm də qısa bir müddətdə “Azərbaycan” qəzetində yaxından tanıdım. Bu insanın ali keyfiyyətlərini saymaqla qurtarmaq olmaz!
Qayıdaq “SƏHƏR”li günlərimizə. Bütün bunlar “SƏHƏR”in bəxti idi. O, Azərbaycann mətbuatının 70 illik sovetlər dövrünün “ənənələri”nin müsbət tərəflərini saxlamaqla, milli düşüncənin, azad, müstəqil sözün, haqqın-ədalətin carçısına çevrilmişdi”.
***
Və sonda bir daha qeyd edim ki, “Səhər” qəzetinin düzənlədiyi tədbirdə iştirak edə bilməsəm də, söz vermişdim ki, onlar haqqında adlarına layiq bir yazı hazırlayacağam. Və hazırladım da. Bilmirəm necə alınıb, amma sözümün ağası oldim…
Sizə təqdim edəcəyim material isə “Azərbaycan” qəzetinin dünənki nömrəsində (6 avqust 2024-cü il) çap edilmiş “Səhər” qəzetinin 35 illiyi qeyd olunub” sərlövhəli materialdır. Onu olduğu kimi ixtiyarınıza verirəm: “1989-cu ilin avqustunda ilk nömrəsi çapdan çıxan “Səhər” qəzeti Azərbaycan mətbuatı tarixində özünəməxsus iz qoyub. Gündəlik-informasiya qəzeti kimi işıq üzü görən qəzet mövzu seçimi, fakta, hadisəyə münasibəti, üslubu və tərtibat forması ilə də maraq doğururdu. Qəzet köşkləri önündə onu əldə etmək üçün növbələr düzülür, işə tələsən hər kəs onu oxuyaraq ölkədə və dünyada baş verən yeniliklərdən xəbər tutmağa çalışırdı. Necə deyərlər, hər səhər “Səhər”lə açılırdı…
Bu barədə “Səhər” qəzetinin 35 illiyinə həsr olunan mərasimdə danışılıb.
Mərasimdə çıxış edən Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ötən əsrin 90-cı illərində çoxlu mətbuat orqanı arasında qəzetin özəllikləri, peşəkarlığı və oxunaqlılığı ilə seçilən üstün keyfiyyətlərindən bəhs edib. Qeyd edilib ki, 20 Yanvar faciəsi zamanı informasiya blokadasının hökm sürdüyü günlərdə ilk dəfə olaraq çox böyük zəhmət və çətinliklər bahasına məhz “Səhər” qəzeti 2 milyon nüsxə tirajla çap edilib və qanlı şənbə gecəsi haqqında həqiqətləri çatdırıb.
Qəzetin əməkdaşlarından Mahir Süleymanov, Nəsimi Həbiboğlu, Zemfira Ələkbərova, Sveta Şıxəliyeva və Süleyman Qaradağlı çıxış edərək Xocalı faciəsi və 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində içərisində dövlət və hökumət nümayəndələrinin olduğu Mİ-8 vertolyotunun vurulması barədə də ilk dəfə əsl həqiqət onun səhifələrində yayımlandığını vurğulayıblar.
Əməkdar mədəniyyət işçiləri Məzahir Süleymanzadənin, Şakir Yaqubovun və tanınmış jurnalist Hidayət Elvüsalın “Səhər”in fəaliyyətindəki rolu xatırlanıb, onlarla bağlı xatirələr çözələnib.
Azərbaycan Jurnalistlər Birliyinin Fəxri fərmanı redaksiya heyətinin üzvlərinə təqdim olunub, bir qrup əməkdaşa təşəkkürnamələr verilib”.
Və lap sonda.
“Səhər”in təsisçisi və baş redaktoru Məzahir Süleymanzadə, ovaxtkı məsul katibi Şakir Yaqubov, ruhlarınız şad olsun! Sizin yaratdığınız “Səhər” bu gün fəaliyyət göstərməsə də, başladığınız yol, qurduğunuz məktəb davam edir…
“Səhər”in tədbirdə iştirak edən və müəyyən səbəblərdən iştirak edə bilməyən əməkdaşları, yaradıcı kollektivi, texniki heyəti, gözünüz aydın, yubileyiniz mübarək olsun! Gün olsun eşidək ki, fəaliyyətinizi bərpa edib işə başlamısınız, biz də sizə muştuluq, gözaydınlığı verməyə gəlmişik.
Bir daha şanlı yubileyiniz mübarək olsun, əziz və sevimli dostlar!




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi