Müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər
Fərmayılov Anar Hümbət oğlu, incəsənət və fiziki tərbiyə fakültəsinin dekanı, S.ü.f.d
İyulun 20-22-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda II Şuşa Qlobal Media Forumu keçirilmişdir. 50-yə yaxın ölkədən 150-dən çox xarici qonağın, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun nümayəndələri Forumda iştirak etmişlər. Forumunun açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxış edib və sualları cavablandırmışdır.
Müasir informasiya mühitində dezinformasiyanın sürətlə yayılması inkişaf və qlobal sabitlik üçün ən əsas təhdidlərdən biri hesab edilə bilər. Texnologiyanın hər bir sahə üçün yaratdığı bir çox imkanlarla yanaşı, məlumat həcminin və kanallarının artması həm düzgün məlumatlandırma sistemlərinin formalaşdırılması, həm də istehlakçıların etibarlı məlumatı müəyyən etməsi ilə bağlı yeni yanaşma, alət və mexanizmləri gündəmə gətirir.
Forum çərçivəsində “Təsirin qiymətləndirilməsi: Dezinformasiyanın əhatə dairəsini müəyyənləşdirmək”, “Dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmaq üçün siyasət və təşəbbüslər”, “Süni intellektin reallığa, mediaya və dezinformasiyaya təsiri: Media savadlılığının təşviqi” və “İqlim hərəkatı və media” mövzularında dörd panel sessiya təşkil olunmuşdur. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparmışlar.
Təbii ki, belə bir tədbirdə bütün diqqət dövlətimizin başçısının nitqinə, ona ünvanlanmış sualları cavablandırmasına yönəlmişdir. Prezidentin səsləndirdiyi fikirlərdən bəlli oldu ki, Cənubi Qafqaz regionunda tarixi transformasiya prosesləri baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Regionun xalqları özlərini təhlükəsiz hiss edir. Münaqişələr və qarşıdurmalar keçmişdə qalıb.
Media subyektlərinə də bəlli oldu ki, Azərbaycan regionda və postsovet məkanında yeganə ölkədir ki, Avropa İttifaqı dövlətləri ilə, Avropa İttifaqının 10 üzvü ilə strateji tərəfdaşlıq haqqında bəyannamələr qəbul edib və imzalayıb. Avropa İttifaqının 10 üzvü Azərbaycanın strateji tərəfdaşıdır. Dövlətimizin başçısının söylədiyi kimi: “Gücümüz bir olanda dəmir yumruğumuz da ağır olur, daha möhkəm olur. Hər cümhuriyyətin öz siyasəti, öz baxışları var və biz təşkilat olaraq hər bir ölkənin müstəqilliyini dəstəkləyirik, qoruyuruq və hər şeydən üstün tuturuq”.
Dövlətimizin başçısı çıxışında Azərbaycanın məruz qaldığı informasiya savaşını, dezinformasiya hücumunu nümunə göstərməklə dezinformasiya yaradıcılarının niyyət və metodları barədə məlumat verdi. İkinci Qarabağ savaşı, həmçinin 2023-cü ilin sentyabr ayında gerçəkləşdirilmiş antiterror əməliyyatları zamanı aparıcı dövlətlərin informasiya müstəvisində yol verdikləri manipulyasiyalar barədə konkret misallar göstərməklə, dezinformasiya yayıcılarının hansı mexanizmlərdən faydalandıqları barədə aydın təsəvvür formalaşdırdı.
Prezident İlham Əliyev ABŞ-ın aparıcı media qurumlarının da yalan xəbərlər yaydığını diqqətə çatdırdı: “Prezident Tramp “Vaşinqton Post”u və “Nyu-York Tayms”ı feyknyus, yəni yalan xəbər mənbəyi adlandırıb. Bu gün ABŞ Prezidenti məhz media tərəfindən hücumların qurbanıdır, ictimai rəyin manipulyasiyasının qurbanıdır”.
“Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumu dünya ictimaiyyəti tərəfindən böyük maraqla izlənildi. Yalan məlumatların ifşasına həsr olunmuş Qlobal Forum dezinformasiya ilə mübarizə baxımından mühüm əhəmiyyət kəsb edirdi. Dünya mediasında Azərbaycana qarşı qərəz hələ də davam edir. Ölkəmiz haqqında beynəlxalq mediada yayılan məlumatlar həqiqətə uyğun olmur. Ancaq nə etmək olar ki, kimlərdənsə asılı vəziyyətdə qalan media subyektləri dezinformasiya yaymağa sanki adət edib. Belə məlumatları yayanlar, ümumilikdə media adına ləkədir.