azia.az
azia.az

Novruz bayramı 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur

18-03-2024, 13:18

Nailə Hüseynova, ADPU-nun Məktəbəqədər təhsil fakültəsinin dekanı, dosent, ped.ü.e.d., 

Novruz qədim və böyük bayram kimi yazın gəlişi ilə əlaqədar olaraq qeyd edilir və sevincli hadisələrə - qışın bitməsi və yazın başlamasına həsr olunur.

Sovetlər dövründə mövcud olan qadağalara rəğmən yalnız el bayramı kimi qeyd olunan Novruz xalqımız tərəfindən yaşadılımış və bütün adət-ənənələri qorunub saxlanılmışdır. Novruz bayramı yazın ilk günü qeyd olunan və həyatın, təbiətin canlanmasını özündə əks etdirən bir bayram olmaqla yanaşı Azərbaycan folklorunu da özündə birləşdirməyi bacarmışdır.Müsətqillik əldə etdikdən və Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra Novruz bayramı dövlət səviyyəsində rəsmi bayram olaraq qeyd olunmağa başlanıldı.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə hər il Novruz bayramında el şənliklərində iştirak edən ulu öndər Heydər Əliyev xalqımızın milli bayramına böyük önəm verir, Novruz bayramının mahiyyətini izah edən dəyərəli fikirlər söyləyirdi.Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirərərk bildirmişdir:  “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm”.

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Azərbaycan xalqı Ölkə rəhbərinin davam etdirdiyi uğurlu siyasətinə həmrəylik, birlik, inam, etibar, yüksək vətənpərvərlik, əzmkarlıq nümayiş etdirərəkbir nəfər kimi dövlət başçısının yanında olduğunu göstərdi. Bu birliyin nəticəsində yenilməz Azərbaycan ordusu 44 gün ərzində işğal olunmuş torpaqları azad, düşməni isə darmadağın etdi. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.  Xalqımızın qədim ənənələrini özündə yaşadan Novruz bayramı 30 ilə yaxın həsrətdən sonra Qarabağ bölgəsində böyük sevinc hissi ilə qeyd olunur, müxtəlif el şənlikləri keçirilir.

Azərbaycan xalqının qədim adət-ənənələrini özündə ehtiva edən Novruz bayramı xalqımızın milli bayramı olaraq artıq bütün dünyada geniş təbliğ edilir. Aparılan uğurlu dövlət siyasəti nəticəsində artıq Novruz bayramı haqqında dünyanın bir çox ölkələri və xalqıları məlumatlıdırlar. Belə ki, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 sentyabr - 2 oktyabr 2009-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökümətlərarası Komitəsinin 4-cü Sessiyası çərçivəsində qəbul edilmiş qərara əsasən isə, Novruz çoxmillətli nominasiya kimi UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ siyahısına salınıb. Həmçinin 23 fevral 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i "Beynəlxalq Novruz Günü” elan olunub.28 noyabr - 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulub. Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti sayəsində xalqmızın milli bayramı olan Novruzun beynəlxalq müstəvidə tanıdılması üçün həyata keçirilən bu işlər Azərbaycan mədəniyyəti tarixində mühüm hadisə hesab edilməlidir.

Beləliklə, uzun illər təqiblərə məruz qalmasına, hətta keçirilməsi belə qadağan olunmasına baxmayaraq, türk xalqları Novruz bayramına sahib çıxmış və onu bu gün də yaşatmaqda davam edirlər. Artıq,Novruz bayramı təkcə onu keçirən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir.

 

 

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi