Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib
Reyhan Ağayeva, Kimya və biologiya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent
Bu gün Azərbaycan son 30 ildə yürüdülən uzaqgörən siyasət nəticəsində dünyanın ən nüfuzlu və sabit inkişaf etməkdə olan ölkələri arasında öz yerini kifayət qədər möhkəmləndirib. Bu da, təbii ki, müstəqillik illərində Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı uğurlu daxili və xarici siyasət, eləcə də son 20 ildə Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü milli maraqlara söykənən siyasi xəttin sayəsində mümkün olub.
Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliklə bərabər səviyyədə ölçülür. İndiki geosiyasi reallıqlar fonunda isə dövlətlər üçün enerji təhlükəsizliyinin önəmi daha da artıb. Ədalətli enerji siyasəti həyata keçirən Azərbaycanın ayrı-ayrı ölkələrin, o cümlədən də Avropa İttifaqına üzv dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında rolu getdikcə artır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanda istehsal olunan təbii qaz 8 ölkəyə ixrac olunur ki, onlardan 6-sı Avropa dövlətidir.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 1 mart tarixində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları zamanı “Euronews” televiziyasına verdiyi müsahibəsində Cənub Qaz Dəhlizini reallaşdırılmasının bu məsələnin gerçəkləşdirilməsinə bədbin yanaşanların fikirlərinin yanlış olduğunu göstərdiyini diqqətə çatdıraraq bildirmişdir: “Cənub Qaz Dəhlizi layihəsi ilə əlaqədar çoxlu müxtəlif ideyalar var idi. Nikbin düşünənlər də, bədbin düşünənlər də var idi. Həmçinin elələri də var idi ki, düşünürdülər, biz bunu həyata keçirə bilməyəcəyik. Lakin biz əzmli idik və bilirdik ki, bunu etmək mümkündür”.
Ölkə başçısı “Euronews” televiziyasına müsahibəsi zamanı Azərbaycanın bərpaolunan enerji layihələri gündəliyi çox iddialı olduğunu vurğulayaraq qeyd etmişdir: “Beynəlxalq Maliyyə Korporasiyasının hesablamalarına əsasən, Xəzər dənizinin Azərbaycan sektorunda potensialı 157 giqavat təşkil edir. Biz artıq bu mühüm yolu qət etməyə başlamışıq. Biz ola bilsin ki, 10 ilə ölkədə bərpaolunan enerjidən maksimum dərəcədə istifadə etməyi və daxili bazarda təbii qaz istehlakını azaltmağı planlaşdırırıq”.
Belə ki, Azərbaycan 2030-cu ilə qədər elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrinin payını 30 faizə çatdırmağı, eyni zamanda əsrin ortasına qədər 1990-cı il ilə müqayisədə Azərbaycan karbon emissiyasını 40 faizə qədər azaldaraq beynəlxalq istiləşmənin təhlükəli nəticələrindən qorunmaq üçün dünya alimləri tərəfindən müəyyən edilən səviyyəyə endirməyi qarşısına məqsəd qoyub.
Bütün bunlar, eyni zamanda Azərbaycanda bərpaolunan enerji layihələrinin həyata keçirilməsi ölkəmizdə dayanıqlı enerjinin necə idarə edildiyini göstərir. Ölkəmizin COP29 tədbirinə ev sahibi kimi seçilməsi həm də onu təstiq edir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.
İşğaldan azad olunmuş ərazilərin sahib olduğu bərpaolunan enerji resursları Azərbaycanın “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” prioritetinin icrasına, qlobal yaşıl enerji çağırışlarına cavab verməyə və ətraf mühitin qorunmasına, həm də enerji sektorunun inkişafına böyük töhfə verəcək. Bu baxımdan, COP29 həm də işğaldan azad edilmiş ərazilərdə görülən işlərin və bu ərazilərin sahib olduğu bərpaolunan enerji mənbələrinin dünya üçün əhəmiyyətinin təbliği baxımından da faydalı platformaya çevriləcək.