azia.az
azia.az

İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər

11-11-2023, 23:26

Sənan Əliyev, ADPU tədris departamentinin direktoru, dosent

Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Bu tədbirdə təşkilata üzv ölkələr arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-kommunikasiya və humanitar əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur.

Xatırladaq ki, 1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” kimi yaradılan təşkilat 1985-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatı kimi yenidən formalaşdırılıb. Azərbaycan quruma 1992-ci ildə daxil olub. Ulu Öndər Heydər Əliyev də ECO-nun fəaliyyətinə xüsusi önəm verirdi. Belə ki, Ümummilli Lider hələ 2002-ci ildə ECO-ya üzv ölkələrin İstanbulda keçirilmiş dövlət və hökumət başçılarının 7-ci Zirvə görüşündə təşkilatın daha səmərəli fəaliyyətinin təmin olunması məqsədilə Bakıda qurumun Tədqiqat Mərkəzinin yaradılması təklifini irəli sürüb. 

2006-cı ildə ECO-nun ölkəmizdə IX Zirvə görüşündə Mərkəzin Bakı şəhərində təsis edilməsi təklifi Prezident İlham Əliyev tərəfindən yenidən irəli sürülüb və 2021-ci ilin martında təşkilatın Türkiyənin sədrliyi ilə videokonfrans vasitəsilə keçirilmiş XIV toplantısında Mərkəzin nizamnaməsi imzalanıb. Tədqiqat Mərkəzinin əsas fəaliyyət istiqamətləri iqtisadi tədqiqatlara əsaslanan regional əməkdaşlığın qurulması üçün ECO-ya və üzv ölkələrə yardım etməkdir.

Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib.

 Ölkəmizin ECO-ya üzv ölkələrlə əlaqələrində bir sıra məqamları qeyd etmək mümkündür. Belə ki, dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın nəqliyyat-logistika infrastrukturunun bütün ECO ölkələri üçün açıq olduğunu bildirib. Eyni zamanda, rəsmi Bakı ilə Tehran arasında İran ərazisi vasitəsilə Azərbaycandan Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə razılıq əldə olunub. Füzuli şəhərində Özbəkistan tərəfindən məktəb tikilib istifadəyə verilib və Qazaxıstan tərəfindən yaradıcılıq mərkəzinin inşası davam etdirilir.

Azərbaycanın ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənməsini məmnuniyyətlə qeyd edən dövlətimizin başçısı qeyd etmişdir ki: “Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir”.

Azərbaycan, həmçinin Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alan Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin 1 milyon tondan 5 milyon tona çatdırmağı hədəfləyir.

 Bundan başqa, təşkilata üzv ölkələr Azərbaycanın haqq işinə daim öz dəstəklərini göstəriblər. Türkiyə və Pakistanın Azərbaycana hərtərəfli dəstəyi özünü bütün dövrlərdə açıq şəkildə büruzə verib. Bu iki ölkənin Vətən müharibəsi dövründə Azərbaycana siyasi və mənəvi dəstəyi açıq və birmənalı olub. Həmçinin 2021-ci ildə Türkmənistanda keçirilmiş Zirvə Toplantısının sonunda qəbul edilən “Aşqabad fəaliyyət konsensusu” adlı yekun bəyannamə özündə Azərbaycanın maraqlarına birbaşa cavab verən müddəaları da ehtiva edir. Sənəddə Azərbaycanın ərazi bütövlüyünün bərpasının mehriban qonşuluq münasibətlərinin qurulması yolu ilə Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inam ifadə olunur.

Bütün bunlar ölkəmizin təşkilatın fəaliyyətində oynadığı rola, Prezident İlham Əliyevin qonşu və tərəfdaş ölkələrə münasibətdə yürütdüyü və qarşılıqlı faydalı əməkdaşlığa istiqamətlənən siyasətə, Azərbaycanın Vətən müharibəsində Qələbə qazanmaqla regionda yaratdığı yeni reallıqlar sayəsində artan nüfuzuna verilən yüksək qiymətin əyani təzahürləridir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi