azia.az
azia.az

“Böyük Qayıdış” proqramının icrası ilə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək

3-10-2023, 12:44

Qızxanım Nizaməddin qızı Qəhrəmanova-İbtidai təhsil fakültəsinin dekanı,  prof. 


Vətən müharibəsində əldə edilmiş Zəfərdən az sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri müntəzəm xarakter daşıyır. Bu səfərlər həm qarşıda duran əsas hədəf işğaldan azad edilmiş ərazilərimizdə quruculuq-bərpa işlərinin sürətləndirilməsi, həm də həmin regionların sosial-iqtisadi inkişafına böyük imkanlar yaradır. 

Cari ilin sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən “Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində Zəngilanda “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimi keçirilib. Forumun açılış mərasimində çıxış edən Ölkə Prezidenti cənab İlham Əliyev qeyd etmişdir: “Azərbaycan sıfırdan yeni şəhər və kəndlər inşa edir. Ona görə də müasir texnologiyalar tətbiq edilməli və keçmiş köçkünlərimizə ən yaxşı şərait yaradılmalıdır. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Ağalı “ağıllı kəndi”nə ötən bahar aylarında həyat qayıdıb. Orada sakinlər xoşbəxt yaşayırlar. Heç zaman öz Vətənini görməyən gənc nəsil qayıdıb”. 

Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması istiqamətində mühüm işlər görülür və 2026-cı ilədək başa çatması nəzərdə tutulan “Böyük Qayıdış” proqramının icrası ilə Qarabağda aparılacaq quruculuq işləri ölkəmizin həyatına çoxsaylı yeniliklər gətirəcək, keyfiyyətcə yeni bir həyata qayıdış olacaq.

Forumda çıxışı zamanı Zəngilanın Baş planının təsdiq edildiyini bildirən Ölkə başçısı burada infrastruktura böyük vəsait ayrıldığını, bir neçə yaşayış layihəsi icra olunmaqda olduğunu bildirmişdir: “Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə, ola bilər bir az da tez, Zəngilan şəhərinin ilk sakinləri qayıdacaqlar. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur”.

İşğal altında olmuş torpaqlarda 67 məsciddən 65-nin məhv edildiyini, ikisinin isə yarı dağılmış vəziyyətdə olduğunu söyləyən dövlət başçısı bunun Azərbaycana qarşı urbisid və kultursidin təzahürü olduğunu diqqətə çatdırıb: “Zəngilan məscidi ermənilər tərəfindən məhv edilib. Bizim işğal altında olmuş bütün torpaqlarımızdakı 67 məsciddən 65-i məhv edilmişdir, 2-si isə yarı dağıdılmış vəziyyətdə olmuşdur”. Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışı zamanı həmçinin vurğulayıb ki, bu gün Horadizdən Zəngilana dəmir yolunun inşası fəal fazadadır və nəqliyyat dəhlizinin bu mühüm hissəsi tezliklə hazır olacaq: "Bu, Azərbaycanın əsas ərazisini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək layihədir. Oradan isə həmin dəmir yolu İran və Türkiyəyə keçəcək və nəhayət Avropaya çatacaq. Biz tezliklə bu layihəni istifadəyə verəcəyik. Yəni, Zəngilan çox vacib nəqliyyat mərkəzi olacaq".

Beləliklə, bütün bu deyilənlərə əsaslanaraq bir daha əminliklə söyləmək olar ki, az bir zamanda Qarabağ və bütün işğaldan azad olunmuş ərazilər dirçələcək, bərpa olunacaq, vətəndaşlarımız öz doğma yurd-yuvalarına qayıdıb, yaşayıb-yaradacaqlar.

 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi