Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur
Sənan Əliyev, ADPU tədris departamentinin direktoru, dosent
Müasir dövrdə Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edən, dinamik iqtisadi inkişafını və etibarlı siyasi sabitliyini təmin etmiş müstəqil bir dövlətdir. Artıq dünya birliyində Azərbaycan mötəbər kürsülərdən öz sözünü deməyə, öz haqlı mövqeyini bildirməyə və qorumağa qadir, zəngin iqtisadi potensiala malik bir dövlət kimi tanınır. Azərbaycan dövlətinin hər bir atributu ulu öndər Heydər Əliyevin adı, onun yorulmaz fəaliyyəti ilə bağlıdır. Ulu öndərin rəhbərliyi ilə xalqımız sosial-iqtisadi tərəqqi, milli oyanış, mədəni intibah, azadlıq hərəkatı mərhələsindən keçərək müstəqillik əldə etmiş, suverenliyini və milli birliyini təmin edərək onu qorumaq imkanlarına malik olmuşdur. Müstəqilliyin ilk illərində məlum səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında tərəqqiyə nail olunmasında, çox kövrək və zəif dövlət siyasətinin güclü və aparıcı mövqeyə yüksəlməsində, gənc dövlətimizin dünya miqyasında tanıdılmasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev bütün bacarığını səfərbər edərək tezliklə ölkədə baş alıb gedən tənəzzülü dayandırdı və tərəqqiyə nail oldu. Ölkədə mövcud olan problemlər tədricən həllini tapdı, iqtisadi və siyasi sabitlik təmin olundu və beləliklə də iqtisadi inkişafın sürətləndirilməsi, ölkəmizin beynəlxalq arenada nüfuzunun artırılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması və s. istiqamətlərdə konkret proqram və layihələrin işlənib hazırlanmasına başlanıldı.
20 sentyabr 1994-cü ildə Bakı şəhərində Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə istismarı ilə bağlı neft hasilatı üzrə ixtisaslaşmış, yüksək nüfuza malik dünya dövlətlərini təmsil edən 12 iri neft şirkəti arasında beynəlxalq müqavilə imzalandı. Ölkəmizin iqtisadi inkişafında əvəzsiz rol oynayan “Əsrin müqaviləsi” adlandırılan bu tarixi sənədin imzalanması ilə Azərbaycanın “yeni neft strategiyası” uğurla həyata keçirilməyə başlandı. Bu sahədə görülən işlərin əsl mahiyyətini qiymətləndirən ulu öndər çıxışı zamanı demişdir: “Azərbaycanın iqtisadiyyatını inkişaf etdirmək üçün, iqtisadi islahatların həyata keçirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gəlməsi, xarici investorlara Azərbaycanda əlverişli şərait yaradılması və Azərbaycanda özəl sektorun inkişafı üçün imkan, əlverişli şərait yaradılması bizim hamımızın qarşısında duran əsas vəzifədir və bu vəzifəni həyata keçirmək lazımdır”.
Sonrakı illərdə iqtisadiyyatımızın inkişafı üçün aparılan neft strategiyası ilə yanaşı dövlət mülkiyyətinin özəlləşdirilməsi, kiçik və orta sahibkarlığın dəstəklənməsi və sair istiqamətlərdə Dövlət Proqramları da qəbul edilmişdir. Bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişafın əsas amilinin özəl mülkiyyət və sahibkarlığın müxtəlif formalarının təşəkkül tapması olduğunu çox düzgün qiymətləndirən dahi şəxsiyyət Heydər Əliyev ölkədə sabitliyə nail olunan kimi sahibkarlığın inkişaf etdirilməsinə xidmət edən qərarlar qəbul etdi. Ümummilli lider Heydər Əliyevin hələ 1993-cü ildə söylədiyi bir fikri yada salmaq məqsədəuyğun olardı: “Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir. Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm”.
Bu gün Azərbaycan ümummilli lider Heydər Əliyev yolu ilə irəliləyir və inkişaf edir. Fəaliyyətə başladığı ilk gündən xalq qarşısında görəcəyi işlərin prioritetlərini açıqlayan və verdiyi bütün vədləri yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: "Azərbaycanı daha qüdrətli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacaq, heç vaxt bu yoldan dönməyəcəyəm". Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Ölkə başçısı cənab İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar. Ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Regionda bütün transmilli layihələrin mərkəzində məhz Azərbaycan dayanır və bundan sonra da dayanacaq!