azia.az
azia.az

Penitensiar Xidmət öz funksiyasını tamamilə itirib - Residiv cinayətkarlığın sayı durmadan artır

17-10-2022, 10:28

Azərbaycan Penitensiar sistemində vəziyyətin yaxşılaşması ilə bağlı məlumatların tirajlanması bu sahənin əsas kosmetik göstəricisidir. Bu sistemi Azərbaycan cəmiyyətindən təkcə tikanlı məftillər və daş hasarlar ayırmır. Məhbusların döyülməsi, onların məqsədli şəkildə borclandırılması, çox pis qidalanma, rüşvətxorluğun qarşısıalınmaz səviyyəyə çatması, yayda içməli suyun olmaması, məhbusların qışda buz kimi “barak”larda ölümə məhkum edilməsi və narkomaniyanın inkişafı Azərbaycan həbsxanalarının dəhşətli durumda olduğunu göstərən problemlərin çox az bir hissəsidir. 
Penitensiar Xidmətin öz funksiyasını tamamilə itirməsi və residivliyin səviyyəsinin azaldılmasını təmin edə bilməməsi xüsusilə qeyd olunmalıdır. Görünür, buna görə də rəsmi sənədlərdə residivliyin statistikasına dair məlumat yoxdur. Bəs residiv nədir? Cəzasını çəkdikdən sonra eyni və yaxud başqa cinayəti təkrar etmə residiv adlanır. Residivlik cinayətkarlığın ən təhlükəli növüdür, çünki cəzasını çəkən şəxs təkrar cinayəti bu dəfə məqsədli şəkildə-qəsdən törədir, bundan sonra həmin şəxsdə cinayətkar immunitet formalaşır və onun islah olunması tamamilə mümkünsüz hala çevrilir. Azərbaycanda residivistlərin sayının durmadan artmasının əsas səbəblərindən biri Penitensiar Xidmətin məhbusların islah olunması ilə bağlı heç bir profilaktiv iş görməməsidir. 
Azərbaycan hüquq-mühafizə orqanları ölkədə cinayətkarlığın, xüsusilə də təkrar cinayətlərin dinamikasını izləmək üçün müqayisəli məlumatlar vermir. Hazırda Azərbaycan həbsxanalarında təxminən 24 min nəfər məhbus cəza çəkir. Mütəxəssislərin rəyinə görə, Azərbaycanda residivliyin səviyyəsi 50% təşkil edir. Bəzi mütəxəssislərin fikirlərinə görə isə, residiv cinayətlərin sayı daha yüksəkdir və məhbusların 60%-i azadlığa çıxdıqdan sonra təkrar cinayət törədərək həbsxanaya düşür. Bir neçə il bundan əvvəl rəsmi şəxslər bu rəqəmin 65% təşkil etdiyini bildirmişdilər və bu açıqlama heç vaxt mübahisə predmeti olmamışdı. Mülahizələrə görə, Azərbaycanda 10 il öncə də cinayətlərin tərkar törədilməsi ilə bağlı vəziyyət anoloji idi və bu istiqamətdə heç bir dəyişiklik yoxdur. 
Sovet dövründə residivliyin səviyyəsi 30% təşkil edirdi. Təkrar cinayətlərin sayı sovet dövründə olduğundan 2 dəfə çoxdur. Hazırda Azərbaycan həbsxanalarında məhbusların yalnız 3-də 1-i həbsdə olduğu müddətdə bu və ya digər səbəblərdən islah prosesini keçə bilir. 
Təsadüfi deyil ki, mütəxəssislər Penitensiar sistemin fəaliyyətini və qurumda aparılan “islahat”ları qətiyyətlə tənqid edirlər. Azərbaycanda məhbuslara, həbsxanalara münasibət kökündən dəyişilməlidir. Penitensiar sistemdə köklü islahatların aparılması isə ciddi sosial-siyasi tələbata çevrilib. 
Həbsxanalarn humanistləşdirilməsinin mənfi nəticə verdiyini anlamaq üçün məhkumların islah edilməsi üzrə əsas vasitələrin siyahısına baxmaq lazımdır. Onların sayı 6-dır: cəzanın icrası və çəkilməsi qaydası (rejim), tərbiyəvi iş, ictimai faydalı əmək, ümumi təhsil, peşə təhsili və peşə hazırlığı, ictimai təsir.
Dövlət başçısının 2017-ci il 10 fevral tarixli sərəncamında azadlıqdan məhrim edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb edilməsi, cəzaçəkmə müəssisələrində mövcud islehsalat sahələrinin bərpası, yeni sahələrin yaradılması imkanlarının öyrənilməsi məqsədilə sahibkarların bu fəaliyyətdə iştirakının stimullaşdırımlası üzrə tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar yer alıb. 
Amma 5 ildən çox vaxt keçib, heç bir iş görülməyib, bu işə məsul şəxslər Prezidentin sərəncamından irəli gələn məsələləri icra etməyiblər. 
Müxtəlif ölkələrin təcrübəsinə əsaslansaq, deyə bilərik ki, həbsxanalarda əmək prosesi insanı bir çox mənada müstəqilləşdirir, şəxsin xarakteristikasını yaxşılaşdırır (bu, onun vaxtından əvvəl azadlığa çıxmasında mühüm rol oynayır). Belə olacağı təqdirdə Penitensiar sistemdəki korrupsiya sexmləri də avtomatik olaraq alt-üst ola bilərdi. Amma azadlığa çıxan şəxslər növbəti dəfə həbsxananı seçməli olurlar.
Həbsdən azad olunan şəxsi gözləyən xeyli problemlər var: iş tapmaq, yenidən öz ailəsini saxlamaq zərurəti, həbsdə olduğu müddətdə itirilmiş ev və ailə… Həbsdən yeni çıxan adama iş verən də yoxdur, lap iş versələr də, bəlkə də o, əmək vərdişlərini çoxdan itirib, yaxud da sahib olduğu peşəsi köhnəlib, daha heç kəsə lazım deyil. 
Məhz bu cür durumda o seçim etməli olur. Ona gün ərzində 3 dəfə qidalandığı, geyindiyi və müalicə aldığı yer - həbsxana daha əlverişli görünə bilir. Onu da qeyd edək ki, dövlət büdcəsindən hər bir məhkuma gündəlik 17 manat 40 qəpik pul ayrılır.
Məhbusların islah prosesi dünya təcrübəsindən istifadə olunmaqla, xüsusi proqramlar şəklində, heç bir korrupsiya əməllərinə yol vermədən həyata keçirilməlidir. 
Penitensiar Xidmətin rəhbərliyi həbsaxanaları cəza aləti və qazanc mənbəyi kimi görür, əslində həbsxananın məhbusları tərbiyə-islah edən, onların düşüncə və davranışlarını müsbət istiqamətdə dəyişən müəssisə olduğunu qəbul etmək istəmirlər. 
P.S. Material mediada gedən məlumatların təhlili əsasında hazırlanmışdır.
Müəllif: Samir Feyruzov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi