azia.az
azia.az

Azərbaycan Ədliyyə Nazirliyi məhkumların cəzalarının icrası ilə bağlı vəzifəsinin öhdəsindən gələ bilmir

14-03-2022, 08:10


Azərbaycan Ədliyyə Nazirliyi məhkumların cəzalarının icrası ilə bağlı vəzifəsinin öhdəsindən gələ bilmir
Həbs yerləri və istintaq təcridxanaları mərhələli şəkildə Ədliyyə Nazirliyinə verilib

Gələn il Azərbaycan Ədliyyə Nazirliyinin penitensiar müəssisələrinin Daxili İşlər Nazirliyinin tabeliyindən çıxarılmasının 30 ili tamam olacaq. Azərbaycan prezidentinin 09.01.1993-cü il tarixli 399 saylı fərmanı ilə istintaq təcridxanaları istisna olmaqla, DİN İslah İşləri İdarəsinin bütün müəssisələri Ədliyyə Nazirliyinin tabeliyinə keçib. Həmçinin əvvəllər Daxili Qoşunlara tabe olan 7535-ci mühafizə batalyonu, 6500-ci alay, Bakı Polis İdarəsinin xüsusi müşayiət (məhbusları) divizionu, şəhər və rayon səviyyəli polis idarələri yanında islah işləri müfəttişliklərinin bütün kadrları Ədliyyə Nazirliyinə verilib. Həmçinin həmin müəssisələrin bütün əmlakı Ədliyyə Nazirliyinə verilib.

Məhbusların hüquqları üzrə ixtisaslaşan hüquq müdafiəçisi Eldar İsmayılov Turan-a bildirib ki, tabeliyə verilmə Avropa Şurası tərəfindən tövsiyə edilən islahatlar, o dövrün beynəlxalq tendensiyası çərçivəsində həyata keçirilib.

“Avropada hesab edirlər ki, məhkəmədən sonra məhbus onunla bağlı istintaqı aparanların sərəncamında qalmamalıdır, çünki belə olan halda müstəntiqlərin cinayətləri açılmamış qalacaq. Həmin səbəbdən hazırda cəzaçəkmə yerlərinə köçürülmüş məhkumlar onlara qarşı cinayətlər törətmiş müstəntiqlərdən şikayətlə müraciət edirlər.

1996-cı ildə Azərbaycan üzvlük ərizəsilə Avropa Şurasına müraciət edib. O zaman istintaq təcridxanaları Ədliyyə Nazirliyinə verildi. Bayıl, Şüvəlan və Gəncə istintaq təcridxanaları DİN sistemindən çıxarıldı. Azərbaycan “qonaq” statusu aldı və AŞ nümayəndələri Azərbaycana səfər edərkən onlar həbsxanaların həddən artıq dolu olduğunu qeyd etmişdilər, vərəm xəstələrinin sayı sanitar normaları ötürdü. O zaman aparılmış islahat sayəsində cəzaçəkmə yerlərində vərəm xəstəliyi 30 dəfədən çox azalmışdı”.

Lakin islahat müasir Dövlət Təhlükəsizliyi Xidmətinin sələfinə toxunmadı. Bu təşkilatın xüsusiyyətinə görə burada istintaq təcridxanası saxlanılır.

Penitensiar xidmətin strukturu

Hazırda Penitensiar Xidmət Ədliyyə Nazirliyinin baş idarə statusunda müstəqil bölməsidir, Bakıda yerləşir. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanun, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında əsasnaməsi və digər qanunlar, normativ aktlar, prezident fərmanları, sərəncamları çərçivəsində fəaliyyət göstərir, – Ədliyyə Nazirliyinin saytında bildirilir.

Müasir adı Penitensiar Xidmətdir, prezidentin 17 avqust 2006-cı il tarixli 466 saylı “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanı ilə tətbiq edilib. Əvvəllər bu xidmət Ədliyyə Nazirliyi yanında Cəzaların İcrası Baş İdarəsi adlanıb.

Penitensiar Xidmətin tərkibində aşağıdakı müəssisələr var:

İstintaq təcridxanaları:

Bakı İstintaq Təcridxanası (Zabrat-2 qəsəbəsi), 2 saylı Gəncə İstintaq Təcridxanası (H. Əliyev küç., 92),

3 saylı İstintaq Təcridxanası (Şüvəlan qəsəbəsi).

Şəki İstintaq Təcridxanası.

Cəzaçəkmə müəssisələri:

1 saylı (Bakı, Nərimanov küç., 1),

2 saylı (Bakı, Binə qəs.),

3 saylı (Bakı, Əlizadə küç.)

4 saylı (qadın-Bakı, (N. Əliyev küç., 15),

5 saylı (Salyan rayonu, Yenikənd kəndi),

6 saylı (Bakı, Böyük Şor qəs., 23),

7 saylı (Bakı, Köhnə Əhmədli qəs.),

8 saylı (Bakı, Buta qəs.),

9 saylı (Bakı, Binə qəs.),

10 saylı, (Bakı, Nərimanov küç., 10),

11 saylı (Bakı, 7-ci mikrorayon),

12 saylı (Bakı, Buta qəs.),

13 saylı (Bakı, Buta qəs.),

14 saylı (Bakı, Qızıldaş qəs.),

15 saylı, (Bakı, Böyük Şor qəs.),

16 saylı (Bakı, Bülbülə qəs.),

17 saylı (Bakı, Binə qəs.),

Qobustan qəsəbəsində həbsxana,

Bakının Xətai rayonunda Yetkinlik Yaşına Çatmayanlar üçünTərbiyə Müəssisəsi,

Bakının Böyük Şor qəsəbəsində müalicə müəssisəsi,

Binə qəsəbəsində ixtisaslaşdırılmış müalicə müəssisəsi,

Məntəqə tipli cəzaçəkmə müəssisələri:

1 saylı (Xaçmaz rayonu Qaraqurdlu kəndi),

2 saylı (Bakı, Qaradağ rayonu, Qızıldaş qəs.),

3 saylı (Şabran rayonu, Şərvan kəndi),

4 saylı (qadın, Qobustan rayonu),

5 saylı (Gəncə, Avtozavod qəs.),

6 saylı (Sumqayıt, Tağıyev qəs.),

7 saylı (Bakı, Şağan qəs.),

8 saylı (Qobustan rayonu Mərəzə kəndi)

9 saylı (Quba),

10 saylı (Goranboy rayonu, Goran stansiyası),

11 saylı (Masallı rayonu, Digah kəndi),

12 saylı (Bakı, Qızıldaş qəs.),

13 saylı (Bakı, Lökbatan qəs.),

14 saylı (Xırdalan qəs.).

Penitensiar Xidmət və cəzaçəkmə yerləri beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur

WorldPrisonBrief təşkilatı dünya ölkələrində məhbusların sayı üzrə reytinq dərc edib. Bu reytinqə görə, Azərbaycanda məhbusların sayı artıb. 211 ölkə və suveren əraziləri əhatə edən reytinqdə Azərbaycan 21 253 məhbusla 67-ci yerdədir. Bu ilin aprelində Avropa Şurası təşkilata üzv ölkələrdə məhbusların sayı və vəziyyətinə dair illik hesabatında qeyd edib ki, Azərbaycanda ümumilikdə 21 min 12 məhbus cəza çəkir, əhalinin hər 100 min nəfərinə 208,7 məhbus düşür. Hüquq müdafiəçilərinin məlumatına görə, Azərbaycanda həbsxanaların tutumu 25 501 nəfərdir. Onlar bildirirlər ki, 17 il ərzində məhbusların sayı 17 845-dən 21 253 nəfərə qədər artıb.

Avropa İşgəncələr Əleyhinə Komitəsi (həmçinin İşgəncələrin Qarşısının Alınması üzrə Avropa Komitəsi – İQAAK) Azərbaycanda həbs yerlərinin monitorinqini həyata keçirir. 2020-ci ildə Komitə tərəfindən məhbusların saxlanma, qidalanma, hüquqlarının təminatı qaydalarının ciddi şəkildə pozulması aşkar edilib. İQAAK öz tövsiyələrini təqdim edib, lakin nöqsanlar aradan qaldırılmayıb, bəzi müəssisələrdə qeydə alınmış nöqsanlar Komitə müfəttişlərinin növbəti səfərlərində yenidən aşkar edilib (məs. 4 saylı qadın koloniyasında).

Ötən illərlə müqayisədə 2021-ci ildə cəzaçəkmə yerlərində ölüm və intihar hallarının sayı artıb. 2021-ci ildə 13 intihar və 242 özünə xəsarət yetirmə halı qeydə alınıb. Ölümlərin sayının 38% artması qeyd edilib.

İQAAK-nın cavabında məhbusların hüquqlarının kobud şəkildə pozulduğu bildirilir. Narkotik maddələrdən istifadə xaos xarakteri alıb. Cəzaçəkmə yerlərində narkotik vasitələrdən təkcə məhkumlar istifadə etmirlər. Gigiyena şəraiti, hamam və tualetlər dəhşətli vəziyyətdədir. Hamam pulludur. Məhkumlar rüşvət vermədən həkimlərin xidmətindən istifadə edə, dərman, ərzaq ala bilməzlər. Məhkumun pulu yoxdursa, o, müalicə olunmayacaq və normal qidalanmayacaq. Həbs yerlərindəki ərzaq köşkləri soyğunçuluqla məşğuldur, məhkumları borc asılılığına sürükləyirlər. Rüşvət müqabilində məhkumlar rahat şərait, ayrıca otaq, kondisioner, mebel, televizor ala bilər. Pulu olmayan məhkumlar ağır şəraitdə cəza çəkirlər. Məhkumların islah olunması üçün heç bir elementar irəliləyiş yoxdur. Cəza müddəti bitdikdən sonra onlar daha aqressivləşir və cəmiyyətə potensial cinayətkarlar kimi qayıdırlar. Azərbaycan qanunvericiliyində məhkumlara qarşı humanist münasibətdən danışılsa da, Penitensiar Xidmətdə bunun əksi baş verir, İQAAK-nın hesabatında (konkret.az) deyilir.

Komitənin 2004-2017-ci illərə dair hesabatında deyilir:

-Komitənin Azərbaycanda vəziyyətlə bağlı ümumi təəssüratı belədir ki, polis, digər hüquq-mühafizə orqanları və ordu tərəfindən işgəncə və pis rəftarın bütün formaları, ümumilikdə, hüquq-mühafizə sistemində korrupsiya və cəzasızlıq əvvəlkitək sistematik xarakter daşıyır, geniş yayılıb və kökü kəsilmir. 2017-ci ildə xüsusi başçəkmələrin nəticələri belə güman etməyə əsas verir ki, müxtəlif hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən zorakılıq halları mövcuddur.

Bundan əlavə, cəzasızlıq və pis rəftarla bağlı müraciətlətin lazımi qaydada araşdırılmaması, eləcə də məhbusların vəkil və həkimlə təmin olunması, saxlanma barədə bildiriş və hüquqlar haqda məlumat əldə edilməsi daxil olmaqla, hüquqi zəmanətlərin təmin edilməməsi kimi ciddi problemlər qalmaqdadır.

Qanunvericilik islahatlarına, köhnə həbsxanaların təmiri və yenilərinin tikilməsi üzrə səylərə baxmayaraq, cəzaçəkmə müəssisələrində sıxlıq problemi, pis maddi şərait, fəaliyyətin olmaması (xüsusilə istintaq altında olan və ömürlük məhbuslar üçün), tibbi xidmətin aşağı səviyyəsi və həbsxana əməkdaşlarının sayının kifayət qədər olmaması, personalın əməkhaqqının aşağı olması problemləri qalmaqdadır. Bütün bunlar korrupsiyaya qarşı mübarizəni və məhbuslar arasında zorakılığın qarşısının alınmasını çətinləşdirir.

Cəza sisteminin fəlsəfəsini dəyişmək lazımdır

İsmayılovun fikrincə, Azərbaycanda cəzaçəkmə qaydaları və şəraitinin yaxşılaşdırılmasına baxmayaraq, son illər nöqsanlar və problemlər qalır. Bunlardan biri ailələrinə maddi yardım etmək və əmək vərdişlərini, sosiallaşmanı itirməmək üçün məhkumların hamısının işləməsinin mümkünsüz olmasıdır. “İndi bu müəssisələrin islah missiyasından danışmırlar. Məhkumlar dörd divar arasına qapanıb, nərd oynamaqdan başqa heç bir işlə məşğul deyillər. Penitensiar sistem cinayətkarların gənc nəslinin yetişdirildiyi məkanına çevrilib. Məhbuslar özlərini ailələri üçün pul qazanan adamlar kimi təsdiq edə bilmirlər. Barmaqlıqlar arxasına düşdükdən sonra ailələrinin himayəsində olan şəxslərə çevrilirlər”.

Sənaye zonalarında yaradılan bəzi koloniyalarda məhbusların əməyindən istifadə olunur. Lakin belə koloniyalarda əməyin mexanizasiyası minimaldır, işləyən on məhbusa bir köhnə dəzgah düşür. Məhkumlar dəmir darvazalar, qapılar, əsgər çarpayıları hazırlayırlar. Məhbusların əməyinin faydalı iş əmsalı olduqca aşağıdır, müvafiq olaraq, pul qazanmaq imkanları böyük deyil”, – İsmayılov qeyd edib.

Həbs yerləri çox doludur. Bu mənada ən ağır şərait qadın koloniyasındadır. Bəyan edilmiş planlara baxmayaraq, Avropa standartlarına uyğun gəlməyən xüsusilə təhlükəli cinayətkarlar üçün Qobustan qapalı həbsxanasını ləğv etmirlər. Xüsusilə təhlükəli cinayətkarlar üçün yeni həbsxananın istismara veriləcəyinə dair vəd hələ yerinə yetirilməyib.

Eyni zamanda hüquq müdafiəçisi qeyd edib ki, Şüvəlan təcridxanasında yeni korpuslar istifadəyə verilib, Şəkidə müasir tipli istintaq təcridxana inşa edilib. Məhkumların və istintaq altında olanların yeni müəssisələrdə saxlanma şəraiti sovet həbsxana standartlarını saxlayan əvvəlki müəssisələrdən daha yaxşıdır.

O, Azərbaycan Ədliyyə Nazirliyində Probasiya Xidmətinin yaradılmasını xüsusilə qeyd edib. Belə ki, məhkumların cəzalarını öz yaşadıqları yerlərdə çəkirlər, bu adamların məhdud yerdəyişmələrinə xüsusi elektron cihazlar vasitəsilə nəzarət edilir.

Probasiya Xidməti prezidentin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” fərmanı ilə yaradılıb. Ədliyyə Nazirliyinin Probasiya Xidməti Avropa Şurasının 20 yanvar 2010-cu il tarixli “Avropa probasiya qaydaları haqqında” tövsiyəsi, digər beynəlxalq aktlar, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınmaqla yaradılıb, dövlət başçısının 7 noyabr 2017-ci il tarixli fərmanı ilə Probasiya Xidmətinə Ədliyyə Nazirliyinin Baş İdarəsinin səlahiyyətləri verilib.

Cəzaların İcrası Məcəlləsinə dəyişikliklər edilib, qanunvericiliyə məmurların vəzifələri, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrası prosesində elektron nəzarət vasitələrinin tətbiqi və probasiya fəaliyyətilə bağlı müddəalar əlavə edilib.

2022-ci ilin fevral ayı ərzində Probasiya Xidmətinin nəzarətində 42 200 məhkum olub.

İsmayılov hesab edir ki, problemlərin həll olunmamasının səbəblərindən biri də DİN tərkibindəki koloniya və həbsxanalardan Ədliyyə Nazirliyinə xidmətə keçən penitensiar müəssisələrdə işçilərin cəza ilə bağlı təsəvvürlərinin ağır olmasıdır.

Hüquq müdafiəçisi cəza yerlərində əmək tərbiyəsi imkanlarının artırılmasını, kənd təsərrüfatı islah müəssisələrinin təşkil olunmasını təklif edir ki, məhkumlar kənd təsərrüfatı əməyilə qazanc əldə edərək öz əməyinin bəhrəsini ölkə bazarlarına sata bilsinlər.

İsmayılov hesab edir ki, problem həm də ondan ibarətdir ki, Ədliyyə Nazirliyi çox vəzifə ilə yüklənib, cəzalar və məhkum edilmiş vətəndaşların islah edilməsi vəzifəsindən uzaqdır, ona görə də ona həvalə edilən missiyanın öhdəsindən gələ bilmir.

Cəzaçəkmə müəssisələrində islahatlarla bağlı ATƏT-in tövsiyələri

Penitensiar sistemin bu və ya digər modelinə üstünlük verilməsilə bağlı beynəlxalq təşkilatların mövqeyi məlumdur. ATƏT öz hesabatlarından birində ATƏT iştirakçısı ölkələrinə penitensiar sistemdə islahatların aparılması ilə bağlı aşağıdakı addımları tövsiyə edib:

indiyədək cəzaların icrası sistemini DİN-in səlahiyyətindən Ədliyyə Nazirliyinin səlahiyyətinə keçirməmiş ATƏT iştirakçısı olan ölkələr təcili qaydada bu köçürülmə məsələsinə baxmalıdırlar;

hakimiyyət səlahiyyətlərinin DİN-dən Ədliyyə Nazirliyinə verilməsi prosesində olan ATƏT ölkələri islah xidmətinin xarakterini, dünyagörüşünü və mədəniyyətini dəyişmək üçün bu islahatı davam etdirməlidirlər;

xüsusilə, iştirakçı ölkələr ibtidai həbs müəssisələrinin idarə edilməsi üzrə hakimiyyət səlahiyyətlərini verməlidirlər, belə k, çünki təqsirləndirilən şəxsləri saxlayan orqanlarla istintaq orqanları arasında hakimiyyət bölgüsü ibtidai araşdırma mərhələsində daha aktualdır;

səlahiyyətlərin DİN-dən Ədliyyə Nazirliyinə verilməsi ibtidai həbs yerlərini idarə edən orqanlar və həbsxanalar arasında səlahiyyət bölgüsü ilə müşayiət olunmamalıdır; iki müxtəlif qurumun mövcudluğundan qaçmaq lazımdır, çünki bu, ədalət mühakiməsi islahatlarının ləngiməsinə risk yaradar;

penitensiar sistemin idarə edilməsi sahəsində struktur dəyişiklikləri özünüməqsəd deyil, sadəcə, islah xidmətinin demilitarizasiyası və demokratikləşdirilməsi üçün vasitədir;

penitensiar islahatlarla bağlı insan hüquqları üzrə müstəqil milli orqanların, məsələn, ombudsmanın rolu gücləndirilməlidir; ATƏT/DTİHB onların penitensiar sistemin monitorinqi üzrə bacarıqlarının gücləndirilməsi məqsədilə bu orqanlarla birlikdə işləməlidir;

ATƏT iştirakçısı olan ölkələr cəzaçəkmə yerlərində insan hüquqlarına əməl olunması üzrə monitorinq üçün effektiv sistem yaratmalılıdırlar;

ATƏT iştirakçısı olan ölkələr məhkəmə hakimiyyətinə penitensiar sistemə nəzarət səlahiyyəti verməlidirlər, penitensiar sistemə nəzarətlə bağlı prokurorluğun rolunu azaltmalıdırlar.

ATƏT təşkilat üzvü olan dövlətlərə Ədliyyə Nazirliyinin səlahiyyətində olan penitensiar sistemin təşkilat modelindən istifadəni tövsiyə edir.—0—

“24 saat” “Azərbaycan Ədliyyə Nazirliyi məhkumların cəzalarının icrası ilə bağlı vəzifəsinin öhdəsindən gələ bilmir” başlıqlı yazını “Turan”a istinadən dərc edib
Mənbə;My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi