GƏNCLƏR ARASINDA VƏTƏNPƏRVƏRLİYİN TƏBLİĞİ MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB
Azərbaycan Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının maliyyə dəstəyi ilə Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyi "Azərbaycan Hərb tarixi muzeyində" "Gənclər arasında Vətənpərvərliyin təbliği" mövzusunda tədbir keçirib. Tədbiri giriş nitqi ilə açan filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova qonaqları salamlayaraq tədbirə qatılanları təqdim etdikdən sonra hər bir vətəndaşın gənclər arasında vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlarının olduğunu vurğuladı. Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda milli şüur tərbiyəsinin aktual problem olduğununu dərk edilməsi istiqamətdə sistemli tədbirlər keçirməyin olduqca vacib olduğunu söylədi. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də gənclər üçün tərbiyə məktəbi olduğunu bildirdi.
Daha sonra "Arabaçı Əlillər Şəbəkəsi İctimai Birliyinin" sədri, Qarabağ veteranı İlham Məhərrəmov tədbirə qatılanları salamlayıb və layihənin əsas məqsədi haqqında məlumat verərək bildirdi ki, vətənpərvərlik və milli mənəvi şüurun təbliği və aşılanmasına gənclər arasında daha çox diqqət edilməlidir. Gənclər arasında Vətənpərvərlik hissinin yüksəldilməsi mövzusu daim gündəmdə olmalıdır. İlham Məhərrəmov Azərbaycan Prezidenti Yanında Qeyri Hökümət Təşkilatlarına dövlət dəstəyi şurasının rəhbərliyinə və əməkdaşlarına layihənin həyata keçirilməsində göstərdikləri dəstəyə görə, Polkovnik Əzizağa Qənizadəyə Hərb tarixi muzeyində tədbirin keçirilməsi üçün yaratdığı şəraitə təşəkkürünü bildirdi. Qeyd etdi ki, fiziki məhdudiyyətli insanların əlil arabası ilə muzeyə baxış keçirmək üçün daxil ola bilmələri üçün şərait yaradılmışdır.
Polkovnik Əzizağa Qənizadə də tədbirə qatılanları, fiziki məhdudiyyətli gəncləri salamladıqdan sonra Azərbaycan Hərb tarixi muzeyi haqqında məlumat verdi. Azərbaycan Hərb Tarixi Muzeyi Azərbaycan Respublikası Müdafiə Nazirinin 29 oktyabr 1992-ci il “Müstəqil Dövlətlər Birliyinin VI Ordu Qarnizonunun “Döyüş Şöhrəti” Muzeyinin Təhvil Alınması haqqında 418 n-li əmrinə əsasən” 10 dekabr 1992-ci ildə təşkil olunub. Muzey təşkil olunarkən Azərbaycan Hərb Tarixinə aid eksponatlar yox idi. Hazırda muzey kollektivinin zəhməti sayəsində muzey fondunda eksponatların sayı 11000-nə yaxındır.
Almaniyadan Azərbaycanda qonaq olan Türk vətəndaşları Ərdal Perincik və Nuran Perincik də Azərbaycan haqqında xoş təəssüratlarını bölüşüblər. Bakının olduqca gözəl olduğunu, özlərini öz vətənlərində hiss etdiklərindən söz açdılar. Nuran Perincik ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi gənclərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malik olduğunu söylədi.
Qarabağ veteranı, polis mayoru Aidə Şirinova vətənpərvərliyin Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə gördüyünü bildirdi. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazır olmaqda öz ifadəsini tapır. Aidə Şirinova vətənpərvər şeirlər söylədi.
Həmvətənlərə Dəstək İB-nin sədri, ehtiyatda olan Polkovnik- leytenant Elmar Hüseyn də Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsinin diqqət mərkəzində olduğunu bildirdi. Çıxışı zamanı qeyd etdi ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarını, gənclərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur.
Ravin Həsənov çıxışı zamanı bildirdi ki, torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük problemlərdən biri sayılmalıdır. Ravin Həsənov şəhid ailələri ilə sıx-sıx təmasda olduğunu, asudə vaxtlarını şəhid ailələri ilə keçirdiyi söylədi.
Fiziki məhdudiyyətli Saleh də onlar üçün bu şəraiti yaradanlara təşəkkür etdi. Hər an vətən uğrunda döyüşlərə gidər gənclər kimi hazır olduğunu bildirdi. Bəzən fiziki məhdudiyyətinə görə vətən torpaqları uğurunda hərbi xidmətə gedə bilmədiyi üçün üzgün olduğunu söylədi.
Sonra tədbirə qatılanlar Hərb tarixi muzeyi ilə tanış olublar. Öncə gənclər muzeyin həyətində döyüş maşınları ilə tanış olublar. Təlimçilər qonaqlara muzeydəki eksponatlar haqqında bilgilər verərərək qeyd etdilər ki, bu gün muzeydə 5 ədəd tank, 9 ədəd zirehli transportyor (BTR kimi tanınır) və piyadaların döyüş maşını (BMP), 16 ədəd top, 6 təyyarə, 4 helikopter, Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələrinə aid 6 ədəd müxtəlif hərbi texnika var.
Qonaqlar Muzeyin daxili ekspozisiyasında “Qədim və Erkən Orta Əsrlər dövrü”, “Xanlıqlar dövrü”, “1801-1918-ci illər”, “1918-1920-ci illər”, “1920-1939-cu illər”, “1939-1945-ci illər”, “1946-1991-ci illər”, “1992-2008-ci illər”, “Heydər Əliyev və Ordu Quruculuğu”, “Quru Qoşunları”, “Hərbi Dəniz Qüvvələri”, “Hərbi Hava və Hava Hücumundan Müdafiə Qüvvələri” ilə bağlı zalları gəzərək oradakı eksponatlarla da tanış oldular.
Tədbir zamanı qonaqlar üçün çay süfrəsi də təşkil olundu.
İlhamə Qəsəbova
filologiya üzrə fəlsəfə doktoru, dosent