Atamın ayaqqabılarımı geyib getməyi
Bizim kənd camaatı, xüsusən ailəmiz üçün dünyanın ən uzaq yeri Gəncədir
Məsələn, mən orta məktəbi bitirib Gəncəyə oxumağa getmək ərəfəsində bizim evdə böyük bir qonaqlıq quruldu, yemək-içmək həyəti başına götürdü. Nə qədər adam sərxoş oldu, nə qədər adam həsəd apardı, nə qədər adam xeyir-dua verdi.
Əlqərəz yemək-içməkdən sonra anam qonaqlığın arxasını çevirdi ağlaşmağa. Atam qoşuldu anama, bibilərim atama, bacı və qardaşlarım bibilərimə. Qonşular da kövrəldi, onlar da qoşuldu bizə. Ağla ki, ağla. Səbəb bu idi ki, mən Gəncə kimi uzaq bir yerə oxumağa gedirəm. Bizim nəsildən heç kəs Gəncənin yolunu tanımırdı. Atam rayonda yaşayan və Gəncədə oxumuş uzaq qohumumuza 150 manat pul verdi ki, apar Qəşəmi, Gəncədə instituta yaxın bir yerdə ev tut, qoy ora gəl.
Belə də oldu. Elə o vaxtdan başladım Gəncəni ələk-vələk eləməyə, yəni şəhərin bütün istiqamətlərinə üz tutdum, hara getdim, dost tapdım. Dostlarla uzaq Gəncəni kəndimizə yaxın etməyə başladım. Son vaxtlar mənə elə gəldi ki, Gəncə ilə bizim evin arası onca metrdir. Hələ Gəncənin Bağbanlar qəsəbəsində bir gözələ vuruldum. Özü demiş, iki hərfdən ibarət cavab aldım. Ruhum yerindən oynadı, ağlım başımdan çıxdı. Elə bildim, Gəncə kəndimizin baş cümləsidir, kəndimiz də mübtəda budaq cümləsi. Bilirdim ki, tərəkəmələr deyəcək, niyə kəndimizi Gəncənin ayağına verdin?! Nənəmin bir misalı vardı: elini ürküt, axsağını al. Amma bilmirlər ki, axsağın da axsaq dərdi var. Bəzən elə olur ki, nənəmin dediyi axsaq lap qaçağan olur. “Qaçağan” dedim, yadıma o vaxt aldığım tünd qırmızı rəngli bir ayaqqabı düşdü. Dostum və kəndçim Sərvazla həmişə ayaqqabı alanda ilk ağlımıza gələn - onunla necə sürətlə qaça bilərik? - fikri olurdu. Ayaqqabının dabanı azca laxlayırdı. Etiraz edəndə Sərvaz məni kənd dilində başa saldı ki, sən öl, ayaqqabının üstü dağılsa da, elə bu dabanlar həmişə onun üstündə olacaq, qopub eləyən deyil, qorxma. Cırıldayan araba həmişə uzaq gedir. Satıcı da təsdiqlədi.
İndi kənd evimizin damında hələ də o ayaqqabının altı durur, dabanları üstə. Həmin laxlamaq da öz yerində. Amma üstü tamam dağılıb. Bu ayaqqabı ilə bağlı iki xatirəm var. Biri bu idi ki, mən kəndimizə gedib Gəncəyə qayıdanda səhər saat 6-da gərək yuxudan duraydım. Rayonda işləyən qonşumuzun maşını ilə tez gedəydim ki, erkən çıxan Gəncə avtobusuna çataydım. Belə qış günlərinin birində bərk qar yağmışdı. Qonşumuz siqnal verdi ki, gəlim. Mən hazırlaşıb çıxanda qapıda ayaqqabımın bir tayını tapmadım. Geyməyə ayrı ayaqqabı da yox. Evdəkilərin hamısı ayaqqabı sorağı ilə qonşulara qədər getdilər. Ayaqqabını gördüm deyən olmadı. Nəticədə düz 3 gün qaldım evdə. Kənddə ayaqqabı dükanı da yox. Hər yeri axtardıq, illər öncə itirdiyimiz şeylər tapıldı, ayaqqabının tayı tapılmadı ki, tapılmadı.
Səhər-səhər eyvanımızda oturub fikirli-fikirli qonşumuzun ot tayasına baxırdım. Birdən onun üstündə it qulaqlarını gördüm. Maraq məni götürdü. Qonşuya dedim. Qonşu pilləkən qoyub ot tayasının başına, itin yanında çıxdı. Gördü, orda 10 ayaqqabı tayı var. Hamısı qonşularındı. Biri də mənim. Sən demə, gecələr it ayaqqabıları ot tayasının üstə daşıyırmış.
İkinci bir xatirə daha kədərlidir. Gəncədə sevdiyim qız dedi ki, gərək elçi göndərəsən. Özü də ailə qurandan sonra gərək ya Gəncədə, ya da Bakıda yaşayaq. Gəldim kəndə, oradan da 15 km uzaqlıqda olan fermamıza getdim. Sevgilimin arzusunun üstünə öz arzumu da qoyub, elçilik məsələsini anama açdım. Daha qızın arzusunun ikinci bəndini demədim. Sən demə, anam şəhər qızlarının bu xasiyyətini bilirmiş. Anam bir az hirsləndi, sonra “atan bilər” dedi. Hiss etdim ki, kəndlilərimizin düşüncəsində Gəncə yenə elə həmin uzaqlığında qalıb. Nənəmin əlaçı şagirdi olan anam yenə “el və axsaq” məsələsini misal çəkdi. Mən əhəmiyyət vermədim.
Qarlı bir qış səhəri idi. Sən demə, qız məsələsini anam axşam atama deyibmiş. Atam qırmızı kərmoşo ağacını götürüb bir-ikisini ayağıma, bir-ikisini qoluma çəkdi, hər çəkəndə deyirdi: “Ay köpəyoğlu, mən hara, Gəncə hara?!” Mən yüyürüb girdim yükün dalına. Yük uçdu. Anam qışqırdı. Qalın döşəyin birini götürüb üzümə tutdum. Ağac dəydikcə döşəkdən toz qalxırdı. Bilirdim ki, anam tozun hayındadadı: “Bu toz hardandı, mən ki bu döşəklərin içini təzə yumuşam”.
Atam sonra heç nə demədi, qoyunları yığıb örüşə apardı. Mən küsmüşdüm. Acıq eləyib gedəcəkdim. Ayaqqabılarımı geyinmək istəyəndə tapmadım. Anam dedi ki, atan geyinib qoyuna getdi. Dikdaban, tünd qırmızı ayaqqabı, örüş və atam.
Anam yenə dilləndi:
-Atan ayaqqabılarını ona görə geyinib getdi ki, sən acıq eləyib getməyəsən. Axşam gəlib səninlə barışacaq.
Üzümə təbəssüm qondu.
Qəşəm NƏCƏFZADƏ(kulis)